Vladimir Putin ABŞ-ın Çinlə gözlənilən qarşıdurması ərəfəsində öz kadr ehtiyatını da müharibə ab-havasına uyğunlaşdırır. Belə ki, Rusiyanın regionlarında Ukrayna müharibəsi iştirakçılarının dövlət orqanlarına və biznes layihələrinə inteqrasiyası tendensiyası genişlənir. Regional və bələdiyyə strukturları artıq veteranlardan ibarət menecerlər ehtiyatını formalaşdırır və onlara iş tapmaqda, mülki həyata uyğunlaşmaqda kömək edəcək xüsusi komissiyalar yaradır.
Federasiyanın əksər təsisatlarında "Qəhrəmanların vaxtı" federal proqramının analoqları işə salınır və yeni kadr ehtiyatları formalaşır.
Ukrayna müharibəsində iştirak etmiş məmurlar karyera yüksəlişini sürətləndirmək şansı əldə edəcəklər, bir sıra veteranlara isə sahibkarlıq sahəsində güzəştlər və üstünlüklər veriləcək. “Region hakimiyyət orqanları artıq başa düşürlər ki, onlar vəzifələr ayırmalı və veteranları idarəetmə proseslərinə daxil etməli olacaqlar”, mənbə iddia edir.
Bir sıra bələdiyyələrdə veteranların işə götürülməsi üçün komissiyalar yaranıb, onlar müəssisələrlə əlaqə saxlayır və onlara iş tapmağa və ya öz bizneslərini qurmağa kömək edirlər. “Hər kəsi dövlət qulluğunda işə götürmək mümkün deyil, buna görə də hakimiyyət veteranlar üçün, xüsusən də kiçik və orta biznes sahəsində güzəştlərin dairəsini genişləndirmək niyyətindədir”, mənbə deyir.
Bəs administrativ qurumların sıralarına müharibə veteranları ilə doldurmaq hansı məqsədi daşıyır?
Deyək ki, Vladimir Putin ilk növbədə bu addımla müharibə iştirakçılarının birbaşa mənəvi dəstəyini qazanmaq istəyir. Stalinvari... Yəni müharibə iştirakçısı uğrunda savaşdığı dövlətin idarəetməsində yer alarsa, ona təqdim edilən imtiyazlardan yararlanarsa, bu məqsədə canını da verər, can yandırar. Yeri gəlmişkən, Putin bu günlərdə hərbi geyimdə görünməsi KİV-lərdə geniş müzakirə olundu, amma onun nədən indi və Kurskda hərbi geyimdə peyda olması üstündə baş sındırılır...Putin ona görə Kurskda hərbi mundirdə peyda olub ki, faktiki bu gün müharibə məhz o bölgədə gedir və Ukrayna qüvvələrinin Kurskdan çıxdığı xəbəri verildi. Yəni bu o deməkdir ki, gəldiyiniz kimi getdiniz! Bu mesaj Ukraynaya verilmədi, Çinə verildi...Və niyə hərbi geyim? Bu müharibə periodunun gəldiyini simvolizə edir. Həm də Ukrayna müharibəsi kimi ikitərəfli müharibənin yox, daha böyük miqyaslı müharibənin. Stalin sovet dünyasında “Böyük Vətən Müharibəsi”nin sərkərdəsi oldu. Putin də III Dünya müharibəsi çərçivəsində Rusiyaya düşən qismi öz təbirincə adlandıracaq və özünü o savaşın sərkərdəsi kimi təqdim edəcək. Bu savaş isə “hamının hamıya qarşı müharibəsi” olacaq. Putin savaş təbliğatı gedişində “Stalinləşəcək” - “Za Stalina, za Putina”.
“Stalinləşmək” çərçivəsində yeni dönəmin dövlət idarəçiliyinə veteranlar gətirilir.
Veteranların dəstəyini dövlət qurumlarında alan hökumət, hansı ki, onlar Putinin istəyi ilə bu hökumətdə yer tutacaqlar, birbaşa Putinin cinahına çevriləcəklər. Bu nəyə lazımdır? Görünür, Rusiya ABŞ-Çin qarşıdurmasından yaxasını kənara çəkə bilməyəcəyindən xəbərdardır. Rusiyanın müharibə dönəmində idarəçiliyinin öhdəsindən yalnız “savaşda bişmiş” kadrlar gələ bilər. Putin indidən bu dönəmə hazırlıq görür...
Ülviyyə