Putinə məxsusu iki super yaxta aşkarlandı – Tikintisi milyonlarla dollara və 14 ilə başa gəlib

“Rusiya Prezidenti Vladimir Putin və ətrafı tərəfindən istifadə olunan iki super yaxta aşkarlanıb. Bu, 71 metrlik “Viktoriya” və onu müşayiət edən 38 metrlik “Orion”dur. Əvvəllər bu gəmilər haqqında hər hansı informasiya yox idi”.

Bu barədə “Dosye” araşdırma mərkəzinin yaydığı araşdırmada bildirilir.

Araşdırmaçılar "Viktoriya" yaxtasını "Vladimir Putinin Qara dəniz flotiliyasının flaqmanı" adlandırırlar. Hazırda gəminin təmir üçün Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Tuzla limanınında dayandığı iddia edilir. “Dosye” jurnalistləri yaxtanı kvadrokopterdən lentə alıblar.

20 il əvvəl Putinlə işləmiş “Dosye” mənbəsinin sözlərinə görə, “Viktoriya” yaxtası Rusiya Prezidentinin sərəncamı ilə 2000-ci illərin ortalarında “Sevmaş” hərbi zavodunda inşa edilib. Yaxta Putinin dostu Pyotr Kolbinin şirkətinə, sonra isə sahibləri məxfi olan bir şirkətə satılıb. Araşdırmada qeyd olunur ki, “Viktoriya” yaxtasının tikintisi iş adamı Sergey Maslovun strukturları tərəfindən sifariş edilib. Nəşrin həmsöhbətləri isə bunun Putin üçün nəzərdə tutulduğunu iddia edirlər. Sonda yaxta Putinin digər dostu Gennadi Timçenkonun strukturlarında qeydiyyata alınıb. Yaxtanın tikintisi təxminən 14 il çəkib. Onun dəyərinin 50 milyon dollar olduğu bildirilir.

Gəminin ekipajı Putin və onun ətrafı ilə əlaqəli olduğu iddia edilən digər yaxtalarda işləyən insanlardan ibarətdir. "Viktoriya" yaxtası isə Soçidədir. 2021-ci ilin yayında yaxta ilhaq edilmiş Krıma gedib, bu səyahətdə onu İtaliyada inşa edilmiş “Orion” yaxtası müşayiət edib.

“Dosye” iddia edir ki, “Viktoriya” yaxtası daha çox Vladimir Putinin sevgilisi kimi bilinən Alina Kabaeva tərəfindən istifadə edilib. "Şəhrazad” yaxtasının İtaliyada həbs edilməsindən sonra "Viktoriya" hazırda Qara dənizdə Putinin ən böyük yaxtası hesab olunur. Qara dəniz “flotiliyası”na Prezident Administrasiyasının balansında olan “Çayka”, Putinin dostu Yuri Kovalçuka bağlı təşkilata məxsus “Şellest” və “Orion” da daxildir. Baltik dənizində də ən böyüyü “Graceful” olan üç yaxtadan ibarət oxşar "flotilla" var.

“Dosye” etiraf edir ki, Viktoriyanın Putinlə əlaqəsinə dair “birbaşa sənədli sübut” yoxdur. Amma bir çox dolayı sübutlar var.

Keçən ilin yazında Aleksey Navalnının komandası İtaliyanın dənizkənarı Marina di Karrara kurortunun sahillərində yerləşən “Şəhrəzad” yaxtasının Vladimir Putinə məxsus olduğu barədə araşdırma dərc edib. Araşdırmaçılar onun dəyərini 700 milyon avro qiymətləndiriblər. Daha sonra “Dosye” mərkəzi öz araşdırmasını aparıb və gəminin tikintisinə başqa məbləğ - 583 milyon avro xərcləndiyini açıqlayıb./azpolitika.info