Bakıdakı “Təfəkkür” Universitetinin 12 il əvvəl qətlə yetirilmiş prorektoru Tariyel Əhmədovun qəsdən öldürülməsi cinayəti üzrə sensasiyalı məlumat açıqlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mərhum prorektorun qətlini həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev sifariş edib.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib.
Məlumata görə, Müşviq Atakişiyevin Tariyel Əhmədovu özünün işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verib, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Müşviq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin institut nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışırdı.
Modern.az saytı səs-küylü qətlin sifarişçisi olmuş sabiq rektor Müşfiq Atakişiyevin dosyesini təqdim edir:
Müşfiq Cəmil oğlu Atakişiyev 22 aprel 1966-cı ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. Orta təhsilini orada bitirdikdən sonra, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub. 1990-cı ildə həmin institutun İqtisadçı mühəndis fakültəsini fərqlənmə diplomu ilə bitirib.
O, ali təhsilini başa vurduqdan sonra, təyinatla həmin fakültədə stajyor kimi saxlanılıb. Elmi fəaliyyətini davam etdirərək 1996-cı ildə "Neft qaz quyularının istehsal gücündən istifadənin səmərəliliyinin artırılmasının ehtiyat mənbələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
1996-cı ildən Neft və qaz sənayesinin iqtisadiyyatı kafedrasında dosent vəzifəsində fəaliyyət göstərib. 1999-cu ildə "Neftçıxarmada istehsal potensialından istifadənin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
2000-2014 illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasının müdiri vəzifəsində işləyib.
2005-ci ildən Azərbaycan Ali Attestasiya komissiyasının qərarı ilə professor adına layiq görülüb.
2008-2010-cu illərdə Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri olub.
2022-ci ildən indiyə kimi AMEA (hazırda ilə Elm və Təhsil Nazirliyi) İqtisadiyyat İnstitutunun icraçı direktoru vəzifəsində çalışırdı.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 aprel 2023-cü il tarixli əmri ilə İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri təyin olunub.
Ailəlidir, 2 övladı var.
Rus, ingilis dillərini bilir.
M.Atakişiyev 90-a yaxın elmi metodik əsərin, 15 monoqrafiyanın müəllifidir. Həmçinin onun elmi rəhbərliyi altında 2 nəfər doktorluq, 16 nəfər isə namizədlik dissertasiyası müdafiə edib.
2000-ci ildən Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvüdür.
M.Atakişiyevin rektoru olduğu "Təfəkkür" universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdı.
"Təfəkkür" universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində kadrlar hazırlayan tədris müəssisəsi olub.
2016-cı ilin oktyabr ayından etibarən “Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Bununla da özəl ali məktəb bağlanıb.