Müasir Azərbaycanın qurucusu və memarı, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla davam etdirilən ardıcıl və sistemli tədbirlər nəticəsində ölkə gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılaraq ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılmışdır. Gənclərin cəmiyyətdə layiqli yer tutmasını, onlara hərtərəfli diqqət və qayğının göstərilməsini, potensialından daha geniş istifadə edilməsini, dövlət idarəetməsində yaxından iştirak etməsini təmin edən və uğurla həyata keçirilən dövlət gənclər siyasətinə əsasən gənc hüquqşünasların prokurorluq orqanlarında qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan daxil olan açıqlamada bildirilir. Qurum daha sonra əlavə edir:
"Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə dövlət və vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə prokurorluq orqanlarında qulluğa qəbulla bağlı keçirilmiş 25 müsabiqənin nəticələri üzrə uğur qazananlar hazırda prokurorluq işçilərinin 89.1 faizini təşkil edir. Müsbət haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.
Qeyd edilən tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 50 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluğa işə qəbul edilmirlər:
- ikili vətəndaşlığı olan şəxslər;
- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
- din xadimləri;
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.
Sənədlərin qəbulu üçün prosedurlar tam sadələşdirilməklə, elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Belə ki, müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş yuxarıda sadalanan tələblərə cavab verən namizədlər 15 aprel 2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Baş Prokurorluğunun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Bunun üçün namizəd aşağıdakı ardıcıllıqla qeyd olunan hərəkətləri yerinə yetirməlidir:
1. Əvvəlcə yuxarıda qeyd olunan həmin internet səhifəsinə daxil olaraq müvafiq qaydada qeydiyyatdan keçməli;
2. Qeydiyyatdan keçdikdən sonra təqdim olunan bölmələrə (“Əsas göstəricilər”, “Təhsil”, “Biliklər”, “Məhkumluq”, “Hərbi xidmət”, “Qohumlar”, “Əmək fəaliyyəti”, “Sənədlər”, “Əlaqə”) ardıcıllıqla daxil olub tələb olunan zəruri məlumatları tam və dəqiq doldurmalı (bu zaman qohumların əmək fəaliyyəti ilə bağlı məlumatlar “.” (nöqtə) işarəsi qoyulmadan bitmiş fikir (cümlə) formasında göstərilməlidir);
3. Bundan sonra həmin səhifədə yerləşdirilmiş sənədlərin (ərizə, kadrlar uçotunun şəxsi vərəqəsi və tərcümeyi-hal) blanklarını yükləyib içərisini kompüter vasitəsilə tam və dəqiq dolduraraq sonra da onları çap edib imzalamalı;
4. Daha sonra imzalanmış həmin sənədləri, həmçinin şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomu (xarici dövlətdə təhsil almış namizədlər həmçinin diplomunun Azərbaycan Respublikası ərazisində tanınması barədə şəhadətnaməni) və diploma əlavəni “PDF” faylı formasında skan edilmiş vəziyyətdə 1 ədəd jpg formatda 4x6 sm ölçüdə ağ fonda rəngli fotoşəkillə birgə qeyd edilən internet səhifəsindəki həmin sənədlərin adlarına uyğun müvafiq bölmələrə yükləməklə müraciətini təsdiq etməlidir.
Nəzərə almaq lazımdır ki, məlumatları yalnız bir dəfə təsdiq etməklə müraciət edilməsi mümkündür və ona görə də bütün məlumatların təsdiqdən əvvəl diqqətlə tərtib olunması zəruridir.
Sənədlərin qəbulu barədə elektron poçt ünvanı vasitəsilə müraciət edən şəxslərə məlumat veriləcəkdir.
Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaqdır.
Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az,www.genprosecutor.gov.az) məlumat veriləcəkdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80, 361-00-81 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar".
Stopnarkotik.az