“Vaqner” başçısı Yevgeni Priqojinin Rostovda Cənub Hərbi Dairəsinin komandanlığında iki tanınmış Rusiya generalı ilə dialoqu sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələrə səbəb olub.
Stopnarkotik.az xəbər verir ki, sözügedən dialoq zamanı Priqojinin generalları aşağılaması mətbuatda və sosial şəbəkələrdə Rusiya ordu rəhbərliyinin acizliyinin növbəti sübutu kimi qəbul olunur.
Dialoq Priqojinlə Müdafiə nazirinin müavini, general-polkovnik Yunus-Bek Evkurov və Baş Qərargah rəisinin müavini, general-leytenant Vladimir Alekseyev arasında keçir. Priqojin dialoqun əvvəlində deyir ki, Rusiya ordusunun vertolyotları “Vaqner”-ə atəş açdığı üçün onun döyüşçüləri həmin vertolyotları vurublar.
Evkurov: “Vurdunuz?”
Priqojin: “Vurmuşuq. Artıq üçüncüsünü. Göndərsəniz, yenə vuracağıq. Çünki siz, mülki vətəndaşları vurursunuz. Siz dinc insanları məhv edirsiniz, elə indicə avtobusu aşırdınız və sizin vicdanınız olmadı”.
Onun bu sözlərinə cavab olaraq Evkurov dodağının altında nəsə deyir. Buna Priqojin sərt şəkildə cavab verir: “Mən sizinlə “siz” deyə danışıram. Siz kimsiz ki, mənimlə “sən” deyə danışırsınız?
Evkurov: “Mən “sən” demədim”.
Priqojin: “Nə?”
Evkurov: “Mən sizinlə “sən” deyə danışmadım. Mən dedim ki, ümumiləşdirmək lazım deyil. Əgər siz mənimlə “siz” deyə danışırsınızsa...”
Priqojin (sözünü kəsir): “Mən “siz” deyə danışıram”.
Ardınca Evkurov yenə dodağının altında nəsə mızıldanır.
Priqojin: “Bir də deyirəm. Biz bura gəlmişik. Biz Baş Qərargah rəisini və Şoyqunu istəyirik”.
Alekseyev (gülərək): “Götürün aparın”.
Priqojin: “Onlar olmayınca, burada olacağıq, Rostov şəhərini bloklayırıq və Moskvaya gedirik”.
Evkurov: “Onda sizdən çox xahiş edirəm, uşaqlarınızı (vaqnerçiləri) buradan götürün.
Priqojin: “Yox. Qətiyyən. Uşaqlar burada qalacaqlar. Biz sizə ordunu idarə etməyə mane olmuruq”.
Evkurov: “Əlbəttə, ordunu idarə etməyə mane olmamalısınız. Çünki orada uşaqlar(döyüşçülər) həlak olur”.
Priqojin: “Uşaqlar ona görə həlak olurlar ki, siz onları ət maşınına göndərirsiniz – silah sursatsız, düşüncəsiz, plansız”.
Bu zaman Evkurov ona gələn telefon zənginə cavab verir, Priqojin isə generalları Rusiya hərbi-siyasi rəhbərliyini nəzərdə tutaraq, “qoca təlxəklər” deyir.
Bu zaman general Alekseyev söhbətə qoşulur və deyir ki, bu gedişlə 3 gündən sonra Kiyevdə bayram olacaq və bu, onu çox kədərləndirir.
Priqojin: “Qorxulu bir şey yoxdur. Kiyevdə şampan şərabı ilə bayram siz Limanı, İzyumu və digərlərini atıb gedəndə olur. Biz isə heç yerə qaçmırıq. Ona görə də bura gəlmişik ki, bizim ölkəmizdəki biabırçılıq bitsin”.
Evkurov: “Əgər bu tonda danışmağa başlayırıqsa...”
Priqojin: “Əgər biz sizinlə normal tonda danışsaydıq, bura tankların üstündə gəlməzdik”.
Evkurov: “Siz hesab edirsiniz ki, etdikləriniz doğrudur?”
Priqojin: “Tamamilə doğrudur. Biz Rusiyanı xilas edirik”.
Bu dialoq çoxəsrlik tarixi olan “dünyanın ikinci ordusu”nun başında duran adamların bir yarıkriminal qruplaşma başçısı qarşısında düşdüyü rəzil durumun mənzərəsidir...
C.Məmmədov
Azpolitika.info