Polisləri yumruqla vuran şəxsə elektron qolbaq taxıldı

Sumqayıt Şəhər Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən İxtiyar Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

İttihama görə, hadisə 28 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində yerləşən 27-ci kilometrliyində Azpetrol yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb. Belə ki, İxtiyar Həsənov həmin gün əməliyyat tapşırığına əsasən xidməti vəzifələrini icra edən hakimiyyət nümayəndələri - Daxili İşlər Nazirliyi, Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı zərərçəkmiş Samir Əsədovun (şərti) başına və qollarına, Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru, polis kiçik serjantı zərərçəkmiş Habil Məmmədovun (şərti) gözünün altına yumruqla zərbələr vurub. Nəticədə o, polis əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərib./pravda.az