ABŞ Poçt Xidməti (USPS) prezident Donald Trampın Pekinə yeni rüsumlar tətbiq etməsindən sonra Çin və Honq-Konqdan gələn bağlamaların qəbulunu müvəqqəti dayandıracağını bildirib.
Stopnarkotik.az xarici KIV-lərə istinadən xəbər verir ki, USPS bu qadağanın növbəti qərara qədər qüvvədə olacağını açıqlayıb.
Qeyd edək ki, "Temu" və "Şeyn" də daxil olmaqla pərakəndə satıcılara aşağı qiymətli bağlamaların rüsumsuz göndərilməsindən yararlanmağa imkan verən qayda da ləğv edilib.
USPS xidmətlərin dayandırılması ilə bağlı heç bir səbəb də göstərməyib.
Qərarın həmçinin uzunluğu 38 santimetrdən və ya qalınlığı 1,9 santimetrdən çox olmayan məktub və poçt göndərişlərinin qəbuluna təsir göstərməyəcəyi bildirilir.
Bəzi KİV-lər iddia edir ki, ABŞ Poçt Xidmətinin belə bir qərar verməsinə səbəb irihəcmli bağlamalar vasitəsilə ölkəyə narkotik maddələrin daxil olmasını əngəlləməkdir. Məlumata əsasən, son illərdə Çindən daxil olan bağlamalarda narkotik aşkar olunması faktları artdığından, USPS belə bir qadağa tətbiq etməyə məcbur olub.
Stopnarkotik.az