Pis vərdişlərin girdabına düşən yeniyetmələrin sayı artır - ARAŞDIRMA

"Alkoqol və Digər Narkotiklər üzrə Avropa Məktəbi Sorğu Layihəsi" qurumunun ekspertləri 30 il ərzində Avropanın 37 ölkəsindən olan yeniyetmələrin vərdişləri ilə bağlı genişmiqyaslı araşdırma aparıb.

Stopnarkotik.az xəbər verir ki, sorğuda 15-16 yaşlı 113 882 məktəbli iştirak edib. Yeni hesabatda təkcə psixoaktiv maddələrdən istifadə tendensiyaları qeyd edilməyib, həm də yeniyetmələrin psixi sağlamlığının vacibliyi gözdən keçirilib. Araşdırmanın nəticələrinə görə, yeniyetmələrin zərərli vərdişlərə meyli bu şəkildə sıralanıb: 

Siqaret çəkmək: köhnə vərdişlər yeni fonda

Məktəblilər daha az siqaret çəkməyə meyllənirlər - 1995-ci ildən bəri siqaret çəkən yeniyetmələrin nisbəti iki dəfə azalıb. Əslində bu klassik siqaretə aiddir. Xüsusilə qızlar arasında erkən siqaret çəkmə hallarının artması narahatlıq doğurur. 13 yaşlılar da daxil olmqla getdikcə daha çox yeniyetmə elektron siqaretə keçir. Əgər erkən yaşda gündəlik siqaret çəkmə 1995-ci ildə 10% idisə, 2024-cü ildə bu rəqəm 3,6% təşkil edib. Ancaq son 5 ildə ilk növbədə qızlar arasında təşvişli artım var. Və veyplər klassik siqaretləri tədricən sıradan çıxarır. 2024-cü ildə yeniyetmələrin 44%-i elektron siqareti sınadıqlarını, 22%-i isə son 30 gündə istifadə etdiyini bildirib. Qızlar həm ilkin istifadədə, həm də gündəlik istehlakda daha yüksək səviyyə göstərirlər.

Alkoqolun əlçatanlığı və təhlükələr

Alkoqol istehlakın azalmasına baxmayaraq, ən çox yayılmış psixoaktiv maddə olaraq qalır. Orta hesabla respondentlərin 73%-i həyatında ən azı bir dəfə spirtli içki qəbul edib. İçki içənlərin ən çoxu Macarıstan və Danimarkada (90%-dən çox), ən azı Kosovo və İslandiyadadır (40%-ə qədər).

Hər üçüncü yeniyetmə 13 və ya daha erkən yaşlarında spirtli içkiləri sınayır. Yeyniyetmələrin hər səkkizdə biri bu yaşda artıq sərxoş olur. Üstəlik, qızlar arasında epizodik və tez-tez istifadə artımı var. Bəzi ölkələrdə, məsələn, Ukrayna və Latviyada qızlar hətta bu göstəricilərdə oğlanları geridə qoyurlar.

Marixuana və digər narkotiklərin isifadə tendensiyası

Marixna yeniyetmələr arasında ən çox istifadə edilən qeyri-leqal narkotik olaraq qalır. Respondentlərin 12%-i marixuananı ən azı bir dəfə sınayıb. Lakin 2003-cü ildən istifadə səviyyəsi azalmağa başlayıb və 2024-cü ildə 1995-ci ildən bəri ən aşağı səviyyəyə çatıb.

Digər qadağan olunmuş maddələrə gəldikdə - kokain, ekstazi, amfetaminlər və sintetik opioidlər - onlardan daha az istifadə olunur. ESPAD-a görə orta səviyyə 1-2% təşkil edir. Erkən istifadə meyli xüsusilə təhlükəlidir: bəzi ölkələrdə, o cümlədən Ukraynada uşaqlar ondan 13 yaşından istifadə etməyə başlayırlar.

Uyuşdurucu preparatlar və inqalyantlar - gizli təhlükə

Yeniyetmələr getdikcə tibbi göstərişlər olmadan əczaçılıq dərmanlarından istifadə edirlər. Məktəblilərin 14%-i belə dərmanları qeyri-tibbi məqsədlər üçün qəbul etdiklərini etiraf edib. Qızlar bunu daha tez-tez edirlər. Reytinqdə ilk üç dərman aşağıdakılardır:

trankvilizatorlar;

ağrıkəsicilər;

DEHB (diqqət əskikliyi və hiperaktivlik sindromu) üçün istifadə olunan stimullaşdırıcılar.

Bundan əlavə, inqalyatorlar populyarlıq qazanır - yeniyetmələrin 6,4%-i onlardan istifadə edib. Məsələn, İsveçdə bu rəqəm 17%-ə çatır.

Qumar və onlayn asılılıq

Demək olar ki, hər dördüncü yeniyetmə il ərzində qumar oynayıb. Üstəlik, onlayn qumar xüsusilə sürətlə böyüyür. 2024-cü ildə pul müqabilində qumar oynayan yeniyetmələrin demək olar ki, 65%-i bunu onlayn edib. Qızlar arasında bu tendensiya xüsusilə sürətlə artır. Beş il ərzində qumar oyunları ilə bağlı potensial zərərli davranışın səviyyəsi demək olar ki, iki dəfə - 4,7%-dən 8,5%-ə qədər artıb.

Paralel olaraq rəqəmsal asılılıq da artır. Yeniyetmələrin 80%-i video oyunlar oynayır və onların arasında qızların nisbəti son on ildə kəskin şəkildə artıb. Əvvəllər bu, kişi hobbisi hesab olunurdusa, bu gün qızlar oğlanlara çatırlar. Eyni zamanda, sosial şəbəkələrdən istifadə ilə bağlı narahatlıq xüsusilə qızlar arasında artır.

Psixi sağlamlıq: simptomlar

Yeniyetmələrin yalnız 59%-i öz psixi sağlamlıqlarını yaxşı hesab edirlər. Ən pis göstəricilər müharibələrdən və qeyri-sabitlikdən əziyyət çəkən ölkələrdə qeydə alınır. Qızlar oğlanlara nisbətən daha tez-tez narahatlıq, əhval-ruhiyyənin aşağı düşməsi və ümumi vəziyyətin pisləşməsini bildirirlər.

Profilaktika varmı? Var, amma bu işləyirmi?

Əksər yeniyetmələr profilaktik proqramlarda iştirak ediblər. Onlara ən çox spirtli içkilər haqqında danışılıb, narkotiklər, xüsusən də sintetik olanlar və rəqəmsal asılılıq daha az xatırladılıb. Aktiv interaktiv metodlardan əsasən Qərbi və Cənubi Avropa ölkələri istifadə edir. Qalan ölkələr hələ də effektivliyi şübhəli köhnəlmiş yanaşmalardan istifadə edirlər.

Nəticə olaraq, ESPAD 2024 Araşdırması ikili mənzərə göstərir:    bir tərəfdən ənənəvi maddələrdən istifadənin davamlı azalması, digər tərəfdən rəqəmsal asılılığın artması, sintetik narkotikin və dərman preparatlarının tez-tez istifadəsi və qumar oyunları. Araşdırma mənzərəsindən məlum olur ki, Avropa yol ayrıcındadır və profilatika reallıqla ayaqlaşmalıdır. Kəskin və sistemli addımlar atmasa, gələcək nəslin sağlamlığı uğrunda mübarizəni uduzmaq üzrəyik. Elə Azərbaycan haqqında da eyni sözləri demək mümkündür.

Stopnarkotik.az