Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Xəbərə görə, polis əməkdaşları tərəfindən Bakıda və bölgələrdə partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.
Paytaxtın Suraxanı, Sabunçu, Xətai, həmçinin Saatlı, Samux, Şabran və Qəbələ rayonlarında keçirilən tədbirlərlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus obyektlərə baxış keçirilərkən müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.