Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər 16.12.2023-cü il tarixində saat 7 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan birinin vəziyyəti kritikdir, ikisinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabil qiymətləndirilir.
Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.
***11:27
Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.
Apa xəbər verir ki, onlar Bakı sakinləri 1984-cü il təvəllüdlü Sənan Məstəli oğlu Abdullayev, 1974-cü il təvəllüdlü Elxan Zakir oğlu Səmədov, 1982-ci il təvəllüdlü Rasim Məmmədrəsul oğlu Qafarlı, 1981-ci il təvəllüdlü Aslan Yadigar oğlu Şahgəldiyev, 1990-cı il təvəllüdlü Elgiz Rafiq oğlu Abbasov, 1981-ci il təvəllüdlü Zaur Tahir oğlu Hacıməhərrəmovdur. Xəsarət alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir.
Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olduğu bildirilir.
Oxu.az-ın əldə etdiyi məlumata görə, xəsarət alan Elxan Səmədov PFL-in prezidentidir və onun vəziyyəti ağırdır. E.Səmədov Bakıya gətirilir.
Qəzaya düşən Sənan Abdullayev PFL-in mətbuat katibi, Aslan Şahgəldiyev qurumun vitse-prezidenti, Elgiz Abbasov PFL-də texniki idman direktoru və Zaur Hacıməhərrəmov qurumun icraçı direktorudur.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
***09:45
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.