“Pezeşkiyanın İranın narkotik ölkəsi imicini dağıdacağını düşünmək sadəlövhlük olar” - PROFESSOR

Qulu Məhərrəmli: “İranın təkcə Azərbaycana deyil, Özbəkistana, Türkmənistana, Qazaxıstana, Qırğızıstana, Tacikstana da “narkotik əlləri” uzanır”

İranda keçirilən prezident seçkiləri Azərbaycanda da böyük maraqla izlənildi. Çünki seçkinin favorit namizədləri arasında hər zaman özünü Azərbaycan türki kimi təqdim edən və türk olması ilə fəxr etdiyini açıq şəkildə dilə gətirən Məsud Pezeşkiyan da var idi. Hansı ki, gözlənildiyi kimi, o, İranın yeni prezidenti seçildi. Maraqlıdır ki, son illərdə ölkəmizdə qarşı “narkotik savaşı” elan edən molla rejimi Məsud Pezeşkiyanın prezident seçilməsindən sonra da eyni əməllərini davam etdirəcəkmi? Ümumiyyətlə, Pezeşkiyanın prezidentliyi dönəmində İran-Azərbaycan münasibətlərində nə kimi dəyişikliklər gözlənilir?

Tanınmış jurnalist, siyasi icmalçı, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli hesab edir ki, Məsud Pezeşkiyanın İranın narkotik satan ölkə imicini dağıdacağını düşünmək sadəlövhlük olar:

“Əlbəttə, belə bir təsəvvür var ki, İran Qərbə narkotik maddələrin daşınmasında aktiv transformator rolunu oynayan ölkələrdən biridir. İndi İranın özündə nə dərəcədə narkotik satışı açıqdır, bununla bağlı mübahisəli məqamlar var. Amma reallıq ondan ibarətdi ki, 1990-cı illərin ortalarında, 2000-ci illərin əvvəllərində İran aktiv şəkildə Azərbaycanın özünə də, narkotik bazarına da bu və ya digər formada nəzarət edir, onu təmin edirdi. Bu, danılmaz faktlarla sübut olunurdu. Yəni İran bu məsələdə Azərbaycana böyük koridor kimi baxırdı. Onun burda kifayət qədər aktiv rıçakları var idi. Hesab edirəm ki, indi də var.

Ona görə də, bu gün Məsud Pezeşkiyanın narkotik problemini, İranın narkotik satan ölkə imicini dağıdacağını düşünmək sadəlövhlük olardı.  Çünki bu təsir mexanizmidir. Təkcə Azərbaycana deyil, Özbəkistana, Türkmənistana, Qazaxıstana, Qırğızıstana, Tacikstana da İranın “narkotik əlləri” uzanır. Və İranın bu ölkələrdə bazarlara müəyyən dərəcədə təsirinin olması real faktdır. Bunun artıq işlənmiş dəqiq sistemi var. Hesab edirəm ki, o sistemi dağıtmaq çətin olacaq”.

FUAD

Stopnarkotik.az