Ötən gün Böyük Britaniyanın “The Telegraph” nəşrində yayımlanan məqalədə bir sıra maraqlı iddialar yer alıb.
Yazıda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinin ardından gərginləşən İran-İsrail münasibətləri və İranın yeni Prezidenti Məsud Pezeşkianla İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) arasında yaşanan bir sıra anlaşılmaz məqamlardan bəhs olunur.
Qeyd olunur ki, İran rəsmiləri hazırda Haniyənin öldürülməsinə qarşılıq İsrailə hansı şəkildə cavab veriləcəyi ilə bağlı fikir ayrılığına düşüblər.
Yazının ən diqqət çəkən hissəsində qeyd olunur ki, Məsud Pezeşkian birbaşa İsrail ərazisinə təşkil olunacaq mümkün hücum cəhdindən narahatdır. Bildirilir ki, İranın yeni lideri SEPAH-ın bu istəyinin onun prezidentlik nüfuzuna xələl gətirməyə hesablanan addım olduğuna inanır.
Məqalənin ən sensassion hisəsində isə qeyd olunur ki, Pezeşkian birbaşa zərbə endirmək əvəzinə, İsrailin qonşu ölkələrdəki gizli bazalarını hədəf almağı təklif edib.
Mənbə olaraq İran liderinin müavininə istinad edilən həmin hissədə qeyd olunur ki, Məsud Pezeşkian təklif edib ki, İran Azərbaycanda və ya İraq Kürdüstanında yerləşən İsrail “bazaları”ndan birini hədəf alsın və yaşanabiləcək gərginliyin qarşısını almaq üçün bu ölkələrə əvvəlcədən xəbərdarlıq edilsin.
Qeyd olunub ki, İran daha əvvəl İraq Kürdüstanında İsrailin kəşfiyyat agentliyi olan Mossad-ın “casus bazaları” adlandırdığı yerləri hədəfə alıb./azpolitika.info