Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs Abbas Hətəmovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib. Məlum olub ki, Abbas Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6700 manatlıq xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa 2023-ci ilin dekabr ayında Səxavət Məmmədovun oğlunu 22 min manata Penitensiar Xidmətə işə düzəltməyə söz verərək həmin məbləği sonuncudan alıb.

Həmçinin Abbas Hətəmov Gültəkin Rəhimovadan 67, 2 kvadrat metr mənzil üçün 2024-cü il avqustun 13-də 101 min 500 manat pulu alaraq qadına qarşı külli miqdarda dələduzluq edib. 

Hakimin sualına cavab olaraq təqsirləndirilən şəxs Abbas Hətəmov özünü törədilmiş cinayətlərdə təqsirli bilməyib.

Sonra ilk olaraq zərərçəkən Gültəkin Rəhimova ifadə verərək bildirib ki, 248 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Ev almaq məqsədi ilə ailə üzvləri ilə makler vasitəsilə 1 otaqlı mənzilə beh verib:

"Bu mənzili bizə Saqi Məhərrəmov adlı makler və Aqil adlı şəxs göstərdi. Bir gün sonra Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsində yerləşən Hüseynoğlu rezidensə getdik. Abbas bizi qarşılayıb liftlə ofisə qaldırdı. Orada Rauf adlı şəxs özünü müdir kimi təqdim elədi. 4-5 nəfər oturmuşdu orda. Aqil və Mehriban adlı şəxslərin adını bildim. Yanımda 2 bacım, qaynım, oğlum və həyat yoldaşım vardı. Dedilər ev sahibi gələ bilmir, onun qohumu qismində Mehriban adlı qadın gəldi və dedi ki, mən pulu götürməyə gəlmişəm. Abbas da orada idi. Bizə mənzilin maliyyə arayışları təqdim edildi. Evi satan adam kimi Məmmədova Sevinc və Məmmədov Alim adlı şəxslərin adı keçirdi sənəddə. Biz pulu verdik, onlar da bizə xeyir dua verdilər və çıxıb getdilər. Ancaq sonra bizə məlum oldu ki, onlar getməyib, Abbas qapıdan onlara məlumat verdi ki, getdilər. Səhərisi qaynım da həmin binadan ev almaq istədi, zəng etdik, telefonu götürən olmadı. Getdik ofisə, dedilər burda belə adamlar yoxdur. Bircə Saqi adlı şəxsi gördük orda. O da dedi ki, burda belə adamlar yoxdur. Ondan sonra bildik ki, aldanmışıq".

Qeyd edək ki, təqsirləndirilən Abbas Hətəmov 2020-ci ildə də dələduzluğa görə 3 il azadlıqdan məhrum edilib. O, həmin vaxt da özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Hacıqabul rayonunda vətəndaşlardan xeyli miqdarda, yəni 21 min manat pul alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.