PAŞİNYAN YENƏ İMTİNA ETDİ... – Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib

MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi sammiti gözləntilərə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş üçün platformaya çevrilmədi.

Daha əvvəl xəbər verildiyi kimi, oktyabrın 8-də Putin Əliyev və Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirib. Kreml bu görüşlərin əsas mövzusunun İrəvanla Bakı arasında sülh prosesi olacağını açıqlayıb.

Üçtərəfli görüşün baş tutmamasının səbəbi artıq məlumdur. Avqustun 19-da Bakıya səfəri zamanı Putin deyib ki, Rusiya “həm sülh sazişi, həm də Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri üzrə danışıqları asanlaşdırmağa hazırdır”. Daha sonra Rusiya Prezidenti Ermənistanın Baş nazirinə zəng edərək Bakıda aparılan danışıqlar barədə məlumat verib və gözlənildiyi kimi, prosesin Moskvanın iştirakı ilə davam etdirilməsini təklif edib. Lakin bir neçə gün sonra Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında Putinlə söhbətində Azərbaycan Prezidenti ilə ikitərəfli formatda, hətta iki ölkə sərhədində belə görüşməyə hazır olduğunu bəyan etdiyini bildirib. Başqa sözlə, Paşinyan Putinin Moskvada MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşmək təklifini qəbul etməyib.

“AzPolitika” “haqqin.az”-a istinadla xəbər verir ki, Ermənistan bu dəfə iki ildən sonra ilk dəfə olaraq MDB sammitində tam tərkibdə iştirak edib. Məlum olduğu kimi, İrəvan KTMT-də iştirakını dayandırıb və son illər nazir müavinləri səviyyəsində görüşlərdə iştirak edərək MDB məkanında fəallığın səviyyəsini aşağı salıb. Lakin indi Paşinyan xarici işlər naziri Ararat Mirzoyanla birlikdə Moskvaya gedib.

Müşahidəçilər bildirirlər ki, Ermənistan Baş naziri Rusiya ilə gərginliyi azaltmağa çalışır və indi Moskvaya qarşı daha ehtiyatlı ritorikadan istifadə edir. Ancaq görünür, o, Azərbaycanla danışıqlar prosesinin Kremlin nəzarətinə qaytarılmasında maraqlı deyil. Paşinyan danışıqları Qərb platformalarında davam etdirmək istəyini gizlətmir, lakin son aylarda Brüssel və Vaşinqtonun rolu ya dayandırılıb, ya da minimuma endirilib.

Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov ötən gün jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesi vasitəsilə “Qərbin Cənubi Qafqaza daxil olmaq cəhdləri” barədə danışıb. Onun sözlərinə görə, “sülh müqaviləsi layihəsi Moskvada hazırlanıb və bütün ağır iş Rusiyanın çiyninə düşüb”, lakin indi “Qərb prosesi öz nəzarətinə götürməyə çalışır”. Uşakov deyib ki, “danışıqlarda iştirak edən bütün tərəflər Qərbin rolunu alqışlamır”. “Yumşaq desək, Ermənistan və Azərbaycan arasında hətta ikitərəfli danışıqlarda iştirak edənlərin heç də hamısı Qərbin rolunu və danışıqlar prosesinə müdaxilə etmək cəhdlərini bəyənmir”, - Kreml nümayəndəsi qeyd edib. O, həmçinin əlavə edib ki, Aİ-nin Ermənistanda yerləşən müşahidə missiyasının fəaliyyəti “məqbul deyil”.

Beləliklə, danışıqlar prosesi dalana dirənib: İrəvan israrla Moskva platformasından imtina edir, Bakı isə Qərbin bu prosesdəki rolundan razı deyil. Bakı başa düşür ki, Ermənistan ya vaxt qazanmaq, ya da “natamam sülh” əldə etmək üçün Qərbin iştirakı ilə danışıqları yubatmaqda maraqlıdır.

Məlumdur ki, hazırda Ermənistan ABŞ-nin dəstəyi, eləcə də Fransa və digər Qərb dövlətlərinin köməyi ilə silahlanmaqda davam edir, Azərbaycanla hərbi balansı bərpa etməyə çalışır. O da aydındır ki, İrəvanın bu taktikası hər gün yeni müharibə riskini artırır. Axı nəinki Bakıda, hətta Moskvada da Ermənistanın bu siyasətinə onun regiondakı maraqlarına birbaşa təhdid kimi baxılır./azpolitika.info