Ermənistanın Baş naziri Nikol Paşinyan regionda "sülhün bərqərar olması" ilə bağlı təkliflərini açıqlayıb.
“Facebook” səhifəsində paylaşım edən Paçinyan rəsmi İrəvanın da ATƏT-in Minsk qrupunun buraxılmasına razı olduğunu bildirib. Ancaq Bakının tələbi ilə bağlı Paşinyan deyib ki, bu addımı sülh müqaviləsinin imzalanmasından sonra atmağa hazırdı. Halbuki Prezident İlham Əliyev bu addımın sülh müaviləsindən öncə atılmasının vacibliyini vurğulayıb. Ermənistan rəhbərlərinin sözünə heç bir etimad olmadığını və Paşinyanın öhdəliklərini sonradan “unutduğunu” nəzərə alsaq, bu tələbin nə qədər doğru olduğunu xüsusi izah etməyə ehtiyac qalmaz.
Paşinyan həmçinin dövlət sərhədlərinin Qərb hissəsində həyata keçirilən demarkasiya təcrübəsinə və iki ölkənin sərhəd demarkasiyası komissiyalarının birgə işinin reqlamentinə əsaslanaraq prosesi davam etdirməyə və sülh sazişi imzalamağa hazır olduğunu iddia edib. Onun sözlərinə görə, sülh müqaviləsi 90 faiz hazırdır.
Ancaq Paşinyan yenə də Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini unudaraq Bakıya qeyri-real “Sülh yollarının kəsişməsi” layihəsini həyata keçirməyi təklif edib. Bu da Ermənistanın Baş nazirinin real addımlar atmaq əvəzinə, utopik təkliflərlə vaxt udmağa çalışdığını göstərir.
Paşinyan Ermənistan ordusunun təxribatlara əl atması, Azərbaycanın mövqelərini atəşə tutması ilə bağlı faktlara münasibət bildirməkdən yayınaraq, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizm tətbiq etməklə bağlı mahiyyəti aydın olmayan fikrini yenə təkrarlayıb.
Paşinyan Azərbaycanın sülh müqaviləsi üçün beynəlxalq məhkəmələrdə tərəflərin bir-birlərinə qarşı hüquqi iddialarını geri çəkməsi tələbinə də, necə deyərlər, “şərt” qoşub. O, əsl erməni hiyləgərliyi ilə Bakıda həbsdə olan separatçı-terrorçuların “problemini” də bura daxil edərək, onlara qarşı ittihamlardan da imtina olunmasını təklif edib. Bununla da o, sülh müqaviləsi üçün minlərlə insanın ölümündə günahkar olan cinayətkarların cəzasız qalması, azadlığa buraxılması "şərtini" irəli sürmüş olub.
“Hər iki ölkədən qaçqınlarla bağlı məsələlərin bütövlükdə müzakirə edilməsi, birgə peşəkar, ekspert komitəsinin yaradılması sülhün bərqərar olmasına yardım edərdi” – deyə, Paşinyan paylaşımını praktiki əhəmiyyəti olmayan fikirlərlə tamamlayıb.
Azərbaycanın "sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir" tələbini isə Paşinyan ümumiyyətlə yada salmayıb. Halbuki Ermənistan Konstitusiyasında sülhə maneə olan müddəaların mövcudluğu qarşı tərəfin diqqətinə dəfələrlə çatdırılıb.
Beləliklə, Nikol Paşinyan sülh müqaviləsi üçün Azərbayanın irəli sürdüyü əsas tələbləri könüllü olaraq yerinə yetirmək istəmədiyini açıq şəkildə ifadə edib. Faktiki olaraq Bakının irəli sürdüyü şərtlər çərçivəsində sülh müqaviləsi bağlamaqdan imtina edib. Bu isə hər an sülhə məcburetmə əməliyyatına ehtiyac yarana biləcəyini söyləməyə əsas verir./azpolitika.info