Və yaxud sələflərimiz XX əsrdə bağışlanılmaz səhvlər etdilərsə də, hər halda çoxu gəzdirdikləri papaqlara layiq olublar...
Papağa tez-tez əl vurmaq, natəmiz yerə qoymaq, hirslənib yerə vurmaq, ona vaxt-bivaxt and içmək böyük qəbahət sayılırdı…
Hacı Zeynalabdin Tağıyevin ordenli, medallı böyük portretini hamı görüb. Onun mülki rütbəsi ordunun general-leytenantına bərabər idi. Əcəldən aman olsa “millət atası” kimi şöhrət qazanmış hacının ordenlərindən, boynundan sallanmış "Müqəddəs Anna” xaçından da danışacağıq. Hələlik isə o rəhmətliyin rəsmi vis-mundirindən, başına qoyduğu ”əmiri” adlanan papağından söhbət açaq.
Ancaq "Həqiqi məxfi dövlət müşaviri” rütbəsini daşıyanlar belə vis-mundir geyə bilərdilər. Şpaqa və lələkli üç künc şlyapa da öz yerində. Portretdə biz ordenləri, medalalları, hətta şpaqanı görürük. Amma lələkli üç künc şlyapa əvəzinə, Hacı başına adi adamların gəzdirdiyi "əmiri” adlanan papağı qoyub. Bəli, Hacı Zeynalabdin ömrünün sonuna qədər əsl-nəcabətini, kimliyini unutmadı, nə bütün hacıların gəzdirdikləri "daqqa” papağı qoydu, nə də rəsmi görüşlərdə üç künc şlyapa geydi.
Məşhur milyonçu Musa Nağıyevin də papağı kasıbların geydiyi papaqlardandır. O da ömrünün sonuna qədər sabunçulu saman satan kişinin oğlu olmasını gizlətmədi.
Quzey Azərbaycanda isə təxminən 30 papaq forması mövcud idi. İftixar hissi ilə deyə bilərəm ki, xalqımıza xas olan misilsiz rəhmdillik, insaniyyətlik özünü sənətkarlıqda da biruzə vermişdi. Bizim dabbağlar heç vaxt xalq içində "buxara” kimi tanınmış dəri tamamlamayıblar(Dabbağların leksikonunda "tamamlamaq” göndən nəyinsə düzəldilməsi deməkdir). Hamı bilir ki, "buxara” papaq adlanan baş örtüyü üçün neçə təzə doğulmuş quzu tələf edilir. Azərbaycanda heç kim, heç vaxt, heç bir pulun müqabilində belə işə əl qoymayıb. Bu cür dəriləri bizim tacirlər uzun qərinələr boyu Buxara əmirliyindən gətirdikləri üçün onlara "buxara” deyilirdi. Qalan papaqlar üçün isə dəriləri bizim dabbağlar hazırlayardılar.
Şərəf rəmzi hesab olunan papaq da bizim vətənimizdə orta əsrlərin əmmaməsi kimi vəsiqə rolunu oynayıb. Məsələn, çodarın (at alverçisinin) ağzı nə idi ki, şəcərəli xanzadənin papağını qoyaydı…
Kişi başından papağı bir dəstəmaz alanda, bir də evində olanda, əndərunda istirahət zamanı çıxarardı. Papağa tez-tez əl vurmaq, natəmiz yerə qoymaq, hirslənib Allah eləməsin, yerə vurmaq, ona vaxt-bivaxt and içmək böyük qəbahət sayılırdı.
İndi də bu papaq adlanna fikir verin: ”Əmiri”, "Qazamatı”, "Qələmi”, "İkiüzlü əmiri”, "Dallayi”, "Daqqa”, "Pəhləvi”, "Motal”, “Şikari”.
Bunlardan başqa, el içində seyid, misgər, xəlfə, həmşəri papaqları da tanınırdı. Həmşəri papağı adətən dəridən yox, keçədən düzəldilirdi. Vaxtilə Bakıda hamballıq edən, ən ağır işləri görən cənublu qardaşlarımız həmşərilər məhz belə papaqları ilə yerli camaatdan seçilirdilər.
Telekanallardan nümayiş etdirilən kliplərə, ya da klassik əsərlərin səhnələşdirilmiş variantlarına tamaşa edəndə adamın ürəyi ağrıyır. İlahi, bunlar adi çərkəzi çuxanın nə cür geyildiyini, vəznənin miqdarını, adi xəncərin necə bağlandığını da bilmirlər. Artistlər başlarına nə gəldi qoyurlar, bəziləri utanıb-qızarmadan rus ”mujik”lərinin çəp yaxalı köynəklərini də geyirlər.
Tariximiz, irsimiz bir ovuc nadanın əli ilə tanınmaz hala salınır. İllər uzunu kinostudiyanı inhisara götürərək pul dağarcığına döndərmiş üç-dörd lotunun sayəsində bütün tarixi şəxsiyyətlər gorbagor edildilər. "Nəsimi”, "Nizami”, "Dədə Qorqud”, "Babək” filmlərində istifadə olunmuş əlbisələrə, rekvizit və butaforiyaya ani nəzər kifayətdir ki, xalturaçı rəssamların tariximizin başına hansı oyunlar gətirdiklərini deyəsən.
Sələflərimiz XX əsrdə bağışlanılmaz səhvlər etdilərsə də, hər halda çoxu gəzdirdikləri papaqlara layiq olublar. Bu, həmin millətidir ki, onun neçə il ərzində fasiləsiz getmiş ara müharibələrinə baxmayaraq, Səfəvi qvardiyası - qorçu alayları qüdrətli Süleymani Qanuninin say-seçmə ordularının gözlərinin odunu almışdılar. Avropanı diz üstə çökdürə bilmiş sultan Süleyman bir ovuc Azərbaycan azəri cəngavəri (Azərbaycan türkü – red.) ilə bacarmadı. Reklamlaşdırılmış, barələrində onlarla kino çəkilmiş, romanlar yazılmış ninziyalar, samuraylar bizim əsl milli xassə alaylarının cəngavərləri ilə müqayisədə çox cılızdılar. Səfəvi ordeninin ölümün gözlərinə dik baxan müridləri, əfsanəvi qorçuları barədə indiki gənclik heç nə bilmir. Axı onlar zaman-zaman döyüş meydanlarında elə xarüqələr göstəriblər ki, indi məxəzlərə müraciət edəndə adamın ayaqları altından yer qaçır. Bizim şanlı cəngavərlərimizin tarixləri üzərinə bir tərəfdən bolşevik "alimlər", şovinist fars təəsübkeşləri daş qoydularsa, digər tərəfdən isə öz doğma tədqiqatçılarımız özlərini elə apardılar ki, guya tarixdə ümumiyyətlə belə şeylər olmayıb.
Bu həmin millətdir ki, onun Laçın bəy kimi oğlu kiçik dəstə ilə Əlincə qalasının xarabalığında düz 6 ay Paskeviçin ordusuna qarşı kişi kimi vuruşmuşdu. Millətin "Qələmi" papaq geymiş say-seçmə kübarları Gəncə üsyanı zamanı XI Orduya qarşı son nəfəslərinə qədər vuruşdular, tikə-tikə doğrandılarsa da, geriyə ayaq qoymadılar. "Dallayi", "Motal” papaq geyən qaçaqlarımız, hətta yol kəsən quldurlarımız belə qadın olan qafiləyə, karvana toxunmurdular, bunu şərəflərinə sığışdırmazdılar.
O gün hansısa heyvərə qəzetdə oxuyuram ki, heç demə, neçə il davam etmiş atəşkəs türkü (??) çökdürüb və bu, bizə heç nə verməyib. Atəşkəs məhz niyə türkü çökdürüb, bax, mən bu əsrarı qana bilmədim. Türk deyəndə yazı yiyəsi kimi nəzərdə tutur, qırğızları, yoxsa Anadolu türklərini?
İkincisi, bu həngamənin bizə heç nə vermədiyini demək ədalətsizlikdir. Atəşkəsin bərəkətindəndir ki, siyasi boşboğazlığı özlərinə sənət seçmiş heyvərələrin ikinci nəsli ərsəyə çatıb. Birinci eşalonda olanların hamısı şəhərin müxtəlif yerlərində obyekt, mənzil, mağaza yiyəsi olub. İndi bunlar ikinci parazit sürüsünü yemləyib camaatın üstünə qışqırdırlar. Dəstəmaz alıb Qurana əl basmağa hazıram ki, müharibə başlasa bu parazitlərin heç biri də cəbhəyə getməyəcək(Necə ki, müharibə başladı, özü də istədiyimiz kimi Şəhadətə çatanların, yaralananların arasında bir vəzifə sahibinin, bir biznesmenin, bir siyasi boşboğazın balası yoxdur. Bütün səlib dünyasının total hücumuna qarşı xalqı ayağa qaldırıb zəfərə çatdırmış müzəffər Prezidentin yaxın ətrafında nuvoriş güruhunu görəndə ürəyim ağrıyır, çünki bunlara etibar yoxdur. Analar saç yolub, “Toy görməyən balam vay” deyəndə bu binamus bandanın törəmələri restoranlarda kefə baxırlar).
Atəşkəsin türkü “çökdürməsindən” danışaq. Heç bir tarixçi inkar edə bilməz ki, türk qövmü qlobal miqyasda XVII əsrin əvvəllərindən çökməyə başlayıb. Orta Asiya və Sibir türklərinin əsrlər boyu necə güzəran keçirdiklərini və indinin özündə də nə etdiklərini yaxşı bilirik. Müasir Türkiyəni də mason-sionist qüvvələri elə hala salıb ki, bir mərsiyəxanları çatışmır. Türkü atəşkəs yox, əllərindən iki qəpiklik iş gəlməyən boşboğazlar, ABŞ-dan, mason agenturasından tula payı almağı ar bilməyənlər, bütün müqəddəs, ülvi məfhumları çirkaba batırmış zinakarlar, axmaq təbliğatla milləti çaş-baş etmiş provokatorlar çökdürüb.
Atəşkəs pisdir, mən də razı, deyirsiniz ki, nəinki mərkəzdə, hətta yerlərdə də bütün iqtidar məmurları rüşvətxordurlar, etiraz etmirəm. Onda nə olardı, döşlərinə fəxrlə döyüb "mən türkəm, qalan millətlər bizim yanımızda heç nədir” deyən avara sürüsünün liderləri əcnəbilərdən aldıqları qrantlardan, cangüdənlərə, katibələrə, cici-bacılarına, ziyafətlərinə xərc etdikləri pullardan bir az qənaət edib yataq dustağı olanlara, şəhid ailələrinə, yetim-yesirə verəydilər.
Bu torpağın dinini-imanını, el şərəfini göz bəbəyi kimi qoruyan "Əmiri" papaq geyən kişiləri olub. Belə comərdlər daşıdıqları papaqlara da layiq olublar, bundan böyük məsuliyyət hissi duyublar. Papağa "Əmiri” boş-boşuna deyilməyib, onu geyənlərin məclisində hər gədə-güdə hərcayılıq edə bilməzdi.
Vaxtilə ’’Qazamatı” papaq geymiş ziyalılarımız - millətin qaymağı baş əymədən ölüm kameralarına üz tutdular. ’’İkiüzlü əmiri" papaq qoyanlar ya cəlayi- vətən oldular, ya da qeyri-bərabər döyüşlərdə məhv edildilər.
"Motal” papaq gəzdirənlər məmləkəti gülzarə, bağlı-bağatlı cənnətə döndərdlər (onların əkdiklərini biz naxələflər hələ indiyə qədər doğrayıb qurtarmamışıq), yeri gələndə dəhrə, çomaq, qəmə götürərək kəndin, yurdun namusunu layiqincə qorudular. Biz isə nəinki sələflərimizin zəhmətini yerə vurduq, o qeyrət mücəssəmələrinin gəzdirdikləri papaqlarını geymək o yana (bu hüququ biz çoxdan itirmişik), hətta adlarını da unutmuşuq.
(Ardı var)
Firuz HAŞIMOV