Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə ittiham olunan Rəşad Süleymanzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Stopnarkotik.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən R.Süleymanzadəyə 3 il müddətinə şərti cəza verilib. O, məhkəmə zalında həbsdən azad olunub.
İttihama görə, Rəşad Süleymanzadə zərərçəkmiş şəxslərə yalan vəd verərək ümumilikdə 21 min 500 manat pul ələ keçirib.
İş üzrə zərərçəkmişlərdən ən çox ziyan dəyən Fəxri Muradov olub. F.Muradov müəllimdir, uzun illərdir təhsil sahəsində çalışır. O, Cəlilabad rayonunda məktəb direktoru təyin olunmasına kömək etmək üçün təqsirləndirilən şəxsə 15 min manat verib.
Təqsirləndirilən növbəti zərərçəkmişdən isə qızını uşaq bağçasına tərbiyəçi dəzəlməsinə kömək edəcəyi adı ilə 4 min, sonuncudan isə qısa müddətdə qaytaracağını deyərək 2 min 500 manat alıb.
R.Süleymanzadə cinayət əməlində özünü qismən təqsirli bilib. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər hər biri onlara dəymiş ziyanın ödənildiyini, hazırda şikayət və tələblərinin olmadığını deyiblər. Hökm qəbul olunarkən sözügedən hallar nəzərə alınıb.
Qeyd edək ki, Rəşad Süleymanzadə bu ilin fevralında həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) ( 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.