"Özünə hörmət edən alim bizim prosedurlardan keçmək istəmir" - NAZİR

Professor-müəllim və tədqiqatçıların mübadiləsi məsələsində bəzi problemlər yaşanır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azərbaycanlı alimlərin dünya elminə inteqrasiya olunması, həmçinin dünyanın aparıcı alimlərinin Azərbaycana gəlməsi, burada elmi tədqiqatlara cəlb olunması prioritet istiqamətdir və burada görüləcək işlər daha çoxdur.

Nazir bildirib ki, mövcud format və qəliblər əsaslı şəkildə dəyişməlidir:

"Biz xaricdən hansısa tədqiqatçını Azərbaycana alim və ya professor kimi dəvət ediriksə, onun bizim qaydalara uyğun olaraq prosedurlardan keçməsi çətindir. Yəni loru dildə desək, özünə hörmət edən alim bu prosedurlardan keçmək istəmir, yaxud keçmir. Əgər biz həmin alimləri Azərbaycanda görmək istəyiriksə, o zaman mövcud prosedurlara mütləq yenidən baxmalıyıq".

E.Əmrullayev vurğulayıb ki, bir çox hallarda tədqiqatçı və alimlər üçün bürokratik prosesləri keçmək o qədər də asan deyil:

"Çünki alimin işi tədqiqat aparmaqdır, nəinki küllü sayda sənəd işlərinə fokuslanmaq. Ona görə də bəzi mexanizmləri sınaqdan keçiririk, yaxşı nəticə əldə edilsə prosedurun sadələşməsinə nail ola bilərik".

Ali təhsil müəssisələri ilə yaxından işləməyə çalışdıqlarına diqqət çəkən E.Əmrullayev vurğulayıb ki, ilkin mərhələdə pilot layihə olaraq maliyyə resursları ayrılır:

"Rəqəmlər böyük olmasa da, müşahidələr onu göstərir ki, ali təhsil müəssisələri bir çox bürokratik səbəbdən bu vəsaiti təyinatı üzrə xərcləyə bilmir. Bizim ali təhsil sistemində olan yanaşmalarımız həddindən artıq köhnəlib. Burada çox ciddi iradəyə ehtiyac var. Maneələr aradan qaldırılmalıdır ki, inteqrasiya prosesini sürətləndirə bilək. Aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə sıx işlər görülməlidir".