"Göyçə Zəngəzur Respublikası"nın prezidenti və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov və "respublika"nın yeni prezidenti olduğu bildirilən, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyevanın Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla bağlı axtarışlar aparılaraq, sorğulanmaları ilə əlaqədar istintaq orqanına aparıldıqları bildirilir.
Stopnarkotik.az Trend-ə istinadən bildirir ki, hazırda hər iki şəxslə əlaqə saxlanılması mümkün deyil.
Xatırladaq ki, 2022-ci ildə Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Rizvan Talıbov "Göyçə Zəngəzur Respublikası"nın yaradıldığını elan etmiş, onun "respublika"nın dövlət başçısı olduğu, həmçinin "respublika"nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilmişdi. (Qeyd olunan təşkilatların Qərbi Azərbaycan İcması ilə heç bir bağlılığı mövcud deyil).
Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində "respublika"nın nümayəndəliyinin açıldığı bəyan edilmişdi.
2023-cü ilin yanvar ayında "Göyçə Zəngəzur Respublikası" və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyi tərəfindən Rizvan Talıbovun Göyçə Zəngəzur Respublikasına rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayımlanmışdı.
Qərbi Azərbaycan İcması bəyanat verərək, belə bir təşəbbüsün dəstəklənmədiyini bəyan etmişdi.
Məlum olduğu kimi, Rizvan Talıbov tərəfindən mənsubiyyəti məlum olmayan dairələrlə birgə özbaşına olaraq "Göyçə Zəngəzur Respublikası" adlı qurumun elan edilməsi Qərbi Azərbaycan ziyalıları tərəfindən böyük təxribat kimi qiymətləndirilmişdi.
Daha sonra Rizvan Talıbovun rəbhər vəzifələrə təyin etdiyini bildirdiyi xarici ölkə vətəndaşlarının İraq kürd icmaları ilə və digər ölkələrdə müəmmalı görüşləri, xarici ölkə vətəndaşları tərəfindən Rizvan Talıbovun respublika prezidentliyindən uzaqlaşdırılaraq Tünzalə Çələbiyevanın prezident elan edilməsi ictimaiyyətdə əlavə çaşğınlıq və suallar yaratmışdı.
Qeyd edək ki, 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması həmin ildən etibarən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə leqal ictimai qurumdur.