Övladlarını dilənçiliyə cəlb edən valideynləri hansı cəza gözləyir? - AÇIQLAMA

Xəbər verildiyi kimi, ötən gün Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə hücum olub. 

Diləndirilən 2 azyaşlı sığınacağa yerləşdirilib. Valideynləri sığınacağa hücum edərək övladlarını geri istəyiblər. Ana deyir ki, “diləndirirəm, əcəb edirəm”. Ata isə özünü yandıracağını bəyan edib. Diləndirilən uşaqların təhsildən yayındıqları da məlum olub.

Qeyd etdiyimiz məsələ ilə bağlı durum son vaxtlar daha da kritikləşib. Addımbaşı dilənçiliyə və məcburi əməyə sövq edilən azyaşlılara rast gəlirik.

Bəziləri valideynlərinin və ya ailə üzvlərindən kiminsə xəstə olduğunu əsas gətirərək onlara kömək məqsədilə bu işi gördüklərini bildirirlər.  

Ayrı-ayrı şəxslər və ya media nümayəndələri tərəfindən aşkarlanaraq hüquq-mühafizə orqanlarına təhvil verilən azyaşlıların çoxunun məhz valideynləri tərəfindən diləndirildiyi və məcburi əməyə cəlb olunduqları ortaya çıxır. 

Bəs, belə valideynləri hansı məsuliyyət və cəza gözləyir? Təcrübədə bu səbəbdən saxlanılaraq cəza tətbiqi irəli sürülən valideynlərlə bağlı statistikaya niyə rast gəlinmir? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevin sözlərinə görə bu məsuliyyət Cinayət Məcəlləsində “Məcburi əmək” maddəsi ilə tövsif olunur:
“İnsan alverinin bölməsində 144. 2 maddəsinə görə (Məcburi əmək) həddi-buluğa çatmayan uşağa qarşı bu əməl törədildikdə şəxsi 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.  

Biz də tez-tez müxtəlif ərazilərdə, işıqforların altında, köşklərin qarşısında, metro çıxışlarında, hətta hərəkətin intensiv olduğu yolda dilənçiliklə və məcburi əməklə məşğul olan azyaşlılara rast gəlirik. Təəssüf ki, bu hallar çox yayılıb. Qeyri-hökumət təşkilatları bu hallara qarşı mübarizə aparmağa çalışırlar. 
İlk növbədə valideynləri bu məsələdə maarifləndirmək lazımdır. Övladlarını onlar dünyaya gətirsələr də, dövlət uşaqların həyatını, sağlamlığını və həyat şəraitini təmin etməyə borcludur.

İstənilən halda maarifləndirmə qabağlayıcı tədbirlərdən biridir. Valideynlər anlasalar ki, bundan ötrü məsuliyyət daşıya bilərlər, bəlkə də çəkinərlər. 

Bəzən cəmiyyət bu vəziyyətlə barışır və düşünür ki, ailənin dolanışığı olmadığından övladlarını dilənçiliyə cəlb etmələri normaldır. Bu, düzgün yanaşma deyil. Əlbəttə ki, biz çağırış edirik ki, uşaqlı ailələrə dövlət dəstəyi olsun və uşaqların gələcəyinə dövlət investisiya qoysun.

Aylıq uşaqpulu təmin olunsun, maddi gəliri olmayan ailələrə, yaxud tək analara yardım edilsin.  Amma bu, ona haqq vermir ki, valideynlər uşaqlarını çölə çıxarıb dilənməyə məcbur etsin. Bu baxımdan valideynlər məsuliyətə alınmalıdırlar”.

Məlumat üçün bildirək ki, 2022-ci ildə küçələrdə işləyən və dilənçilik edən 685 uşaq aşkarlanıb.

Uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 685 uşaq, eləcə də buna şərait yaradan 232 valideyn aşkarlanıb. Amma valideynlərin məsuliyyətə cəlb olunması və bu sayın nə qədər təşkil etdiyi barədə məlumat verilmir.