Ötən həftə azad edilmiş ərazilərdə xeyli silah-sursat aşkar edilib.
Bu barədə Stopnarkotik.az-a DİN-dən bilidirlib.
Belə ki, Xankəndi şəhəri ərazisindən 40 avtomat silahı, 8 tapança, 3 pulemyot, 15 tüfəng, 62 qumbara, 2 qumbaraatan, 1 mərmi, 2 partlayıcı, 30 alışdırıcı, 183 patron darağı, 10151 ədəd müxtəlif çaplı patron, 32 ədəd süngü-bıçaq və digər sursatlar, Ağdərə, Qubadlı, Tərtər, Ağdam, Cəbrayıl, Kəlbəcər və Xocalı rayonları ərazisindən isə ümumilikdə 1 pulemyot, 1 tapança, 16 qumbara, 1 qumbaraatan, 7 mərmi, 1 mina, 6 patron darağı və 779 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlərin davam etdirilirdiyi vurğulanıb.
"Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir", - məlumatda qeyd edilib.