Ona narkotik satışını təklif edən şəxsə 13 xəncər zərbəsi vurdu - QOBUDAKI QƏTLİN TƏFƏRRÜATI

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Gülağa Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: 2022-ci il aprelin 30-u saat 23 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 1963-cü il təvəllüdlü Gülağa Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən qəsəbə sakini 1993-cü il təvəllüdlü Zamir Ağaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülağa Əliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zamir Ağaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

O, məhkəmədə ifadəsində deyib ki, zərərçəkmiş Gülağa Əliyev həm narkotik vasitə istifadəçisi, həm də satıcısı olub. Bildirib ki, hadisədən əvvəl zərərçəkmiş şəxs ona yaxınlaşaraq salamlaşmış və “əlimdə nəşə və patı var səndə “srok” görmüş oğlansan, razılaşaq verim sənə sat” deyib. Zamir isə həmin vaxt Gülağaya “gələrəm söhbət edərik” deyə cavab verib. Dediyinə görə, o, elə həmin vaxt Gülağanı öldürmək fikrinə gəlib. Sonra Zamir onunla görüşüb söhbət edib və xəncərlə zərərçəkmişin ürək və digər nahiyələrinə ümumilikdə 13 zərbə endirib. Daha sonra polisə gedərək könüllü təslim olduğunu bildirib.