"ÖLKƏDƏ ÇOX CİDDİ NARKOTİK BƏLASI VAR" - Ramil Süleymanov: "Dövlət bəzən vəziyyəti idarə edə bilmir..."

“Azərbaycanda gənc nəsli elektron siqaretlərlə, tütün məmulatları ilə  məhv edirlər" 

“Cəzaçəkmə müəssisələrinin 234-cü maddə ilə həbs olunanlarla dolması həyəcan təbili çalınmış bir məsələyə çevrilib...”

Hər bir ölkənin inkişafı sabitliyin bərqərar olması ilə bilavasitə bağlıdır. Uzun illər müharibə vəziyyətində olmağımıza baxmayaraq, Azərbaycanda da sabitliyin qorunub-saxlanılması mühüm faktorlardan biri hesab olunurdu. Hazırda torpaqlarımız işğaldan azad olunsa da, hələ də bir sıra amillər ölkəmizdə sabitliyi təhdid edəcək vəziyyətə gəlib. Burada xüsusilə narkotik ticarətinin genişlənməsi, oğurluq, qəsdən adamöldürmə, quldurluq və dələduzluq hallarının sürətlə artmasını misal göstərmək olar. Hansı ki, bütün bunlar cəmiyyətdə “SOS” siqnalı çalmağı zəruri edir. Tanınmış hüquqşünas Ramil Süleymanovla söhbətimiz də məhz bu barədədir.

“Cinayətlərin törədilməsində ən əsas səbəblərdən biri insanların sosial vəziyyətidir”

- Ramil bəy, Azərbaycanda məhbusların sayında ciddi artım müşahidə olunur. İlk yerdə narkotiklə bağlı həbs olunanların çoxluğu müşahidə olunsa da, oğurluq, qəsdən adamöldürmə, quldurluq və dələduzluğa görə həbslər da paralel olaraq artmaqdadır. Əvvəlcə məhbusların sayındakı artım tempini yaradan səbəblər haqda fikrinizi bilmək istərdik. Söhbət iqtisadi faktorlar istisna olmaqla, kriminogen vəziyyətin gərginləşməsi, hüquq pozuntuları və qanundakı boşluqlardan gedir. Bu səbəblər məhbuların sayını artırmırmı?

- Bilirsiniz, ümumiyyətlə ölkələrdə cinayətkarlığın səviyyəsinin artması insanların sosial vəziyyəti ilə əlaqədar olur. Bəzən ailə mübahisələri, insanların son dərəcədə məşğuliyyətsiz olması, o cümlədən sosial şəbəkələr vasitəsilə kriminal aləmin təbliğatına yönəlik videoçarxların, eləcə də musiqilərin bəstələnməsi və s. də burada mühüm rol oynayır. Belə deyək də, beyinlər bu şəkildə yuyulur.

Təbii ki, qanunvericilikdə cinayət əməlinin törədilməsinin iki forması var: qəsdən və ehtiyatsızlıqdan törədilən cinayətlər. Məsələn, hər hansı bir narkotik vasitənin istifadə olunması və satışı, əlbəttə ki, ehtiyatsızlıqdan ola bilməz. Müxtəlif kateqoriya cinayətlər var ki, onlar ehtiyatsızlıqdan törədilmiş cinayət sayıla bilər – məsələn, bir çox avtoqəzalar. Bilinir ki, burada şəxs hadisənin qarşısını ala bilməyib və sonra törətdiyi əməl böyüklüyünə, ağırlığına görə təsbit olunub, istintaq orqanı, məhkəmə tərəfindən şəxsin barəsində cəza tətbiq olunub. Bu da statistikanın yüksəlməsinə gətirib çıxarır.

Bir da var ki, birbaşa qətl. Yəni burada qəsdən adamöldürmədən tutmuş sağlamlığa zərər vurma, narkotik vasitələrin istifadəsi, oğurluq, dələduzluq, quldurluq və s. gəlir. Ona görə də cinayətləri qəsdən və birbaşa törədilməsinə görə kateqoriyalara ayırmaq lazımdır. Bundan əlavə, qeyd etdiyim kimi, cinayətlərin törədilməsində ən əsas səbəblərdən biri insanların sosial vəziyyətidir. Məsələn, bir sıra oğurluq cinayətləri. Təbii, burada residiv cinayətləri çıxsaq, birbaşa cinayətkar aləmə bağlı olan və cinyətkar aləmdən kənarda yaşaya bilməyən insanlar var ki, onlar istənilən növ cinayəti törətməklə yenidən həmin cinayətkar aləmin içində olmağa üstünlük verirlər.

- Sizcə, səbəb nədir?

- Səbəb insanların müəyyən bir ideologiya ilə yaşamasıdır. Necə ki, dindarların, özünə doğru həyat seçən insanların ideologiyası olur, eləcə də özünü cinayətkar aləmin bir parçası hesab edən, “yaxşı oğlan” prinsipləri ilə yaşayan, bu qaydaları özü üçün prioritet hesab edən, bir sıra avtoritet insanların həyatına son dərəcə maraq göstərən şəxslər var ki, bilərəkdən, ya bilməyərəkdən bu qaydalarla yaşamaq, bu qaydaları tətbiq etmək, bu aləmdə yaşamaq onlar üçün idealdır və onlar bu sahəni seçirlər. Əlbəttə, biz kimsəni məcbur edə bilmərik, sadəcə olaraq dövlətin müəyyən maarifləndirici proqramları, maarifləndirici tədbirləri nəticəsində onu dost çevrəsindən uzaqlaşdıra bilərik. Dövlət bu sahədə müəyyən tədbirləri həyata keçirməyə borcludur.

Amma yenə də deyirəm, sosial mühit, elə ailə vəziyyəti olsa ki, tərəflər durumu idarə edə bilmir - bu daha çox kişilərdə, bəzi hallarda qadınlarda da müşahidə olunur. Belə ki, insanlar öz partnyoru, yəni arvadı, əri ilə artıq ailə münasibətlərini davam etdirə, onun hərəkətlərini həzm edə bilmir, yekunda qatilə, yaxud da sağlamlığa zərər vurmuş insana, dolayısı ilə cinayətkara çevrilir.

Bir də aşırı dərəcədə tamahkar insanlar var. Bu adamların törətdiyi cinayətlərin motivi tamahdır. Məsələn, dələduzlar. Bilirsiniz, biz Avropa İnsan Hüquqları Məhkəməsi arealına aid olduğumuz, onun hüquqi ərazisi olduğumuz üçün Avropa Məhkəməsinin qərarları Azərbaycan dövləti üçün də presedent xarakterlidir. Arvopa Məhkməsi dələduzlara çox yaxşı ad qoyub - onlar “savadlı oğrular”dır. Onların son dərəcə inandırmaq, iş görürmüş kimi görüntü yaratmaq bacarığı var. Nəticə etibarilə dələduzlar son dərəcə mükəmməl şəkildə manipulyasiya edir, əmlakları qanunuz şəkildə ələ keçirirlər. Bunun da kökündə etibardan sui-istifadə durur və gələcəkdə həmin şəxslər tərəfindən yalnız hüquq mühafizə orqanların müraciət edildikdə aradırma başlanılır.

Bu arada, sizə deyim ki, dələduzlar o qədər professional işləyirlər ki, hətta bəzi hallarda hüquq mühafizə orqanlarının əməkdaşları, müstəntiqlər, təhqiqatçılar belə, onların etdiyi cinayəti ortalığa çıxara bilmirlər. Məsələn, dələduzlar gedib vətəndaşlardan müəyyən məbləğdə pul alırlar, borc müqaviləsi bağlayırlar. Sabah vətəndaş polisə, prokurorluğa müraciət edəndə deyir ki, filankəs məndən filan məsələ ilə bağlı pul aldı, amma mənim işimi düzəltmədi. Adam da gətirib qarşısına qoyur ki, xeyr, mən pulu bu işlə bağlı almamışam, ondan borc götürmüşəm, bir ildən, beş aydan sonra geri qaytaracağam. Qaytara bilməyəndə də yenə də ona cinayət işi açılmır. Və burada artıq mülki münasibətlər dövriyyəyə keçir. Nəticə etibarilə müstəntiqə onu sübut etmək çətin olur, çünki əldəki sənədlər başqa, vətəndaşın şikayəti bir başqa şeydir. Əgər hər kəsin şikayəti haqlı olsaydı və onun şikayəti əsasında cinayət işi başlamaq mümkün olsaydı, onda insanlar bir-birilərini kütləvi şəkildə şərləyə bilərdilər. Ona görə də, bunu söyləməkdən çəkinmirəm, istintaq orqanı burada tamamilə aciz duruma düşür. Və bilə-bilə ki, vətəndaş dələduzluğa məruz qalıb, amma cinayət işini başlaya bilmir, işin həlli mülki qaydada məqsədəuyğun görüldüyü üçün geri qaytarılır. Beləliklə, bütün bu statistikalar ölkədə cinayətkarlığın artımına səbəb olur.

“...bizdə hələ də bu vasitələrin əlçatanlığı yüksək səviyyədədir, çox rahatdır. Ona görə, dövlət bu sahəni tənzilmləməli və əhalinin sağlamlığı ilə əlaqədar qanunlara bununla bağlı düzəlişlər olunmalıdır”

- Amma narkoticarətlə bağlı həbslərin mənzərəsi tamamilə fərqlidir...

- Bəli, ölkədə çox ciddi narkotik bəlası var. Narkotik bəlası ilə bağlı həm sizin kolleqalarınız yazır, həm sizin saytınızda çoxlu yazılar gedib. Bəllidir ki, narkotik vasitələrin həm satışı, həm istehsalı, həm alışı, həm istifadəsi bizim ölkədə qadağandır. Bu əməlin törədilməsi kriminogen hadisədir. Buna baxmayaraq, dövlət bəzi hallarda vəziyyəti idarə edə bilmir və mən bunu açıq deyirəm, miqdarlarla bağlı əlavələr etməyə məcbur olur. Məsələn, əgər dünənə qədər heroinin qəbulu, onun krminallığı hansısa bir əmsala uyğun idisə, çəkiyə görə kriminallıq təyin olunurdusa, bir müddət sonra bu çəki azacıq miqdarda dəyişdirilir və qaldırılır, burada artıq dekriminallaşdırma gedir. Bu, eyni zamanda marixuanaya, digər narkotik maddələrə də aiddir.

“13-14 yaşından başlayaraq uşaqları narkotik vasitələrlə bağlı məlumatlandırmaq lazımdır...”

Amma istənilən halda hüquq mühafizə orqanlarının fəaliyyətini danmaq olmaz. Onlar zaman-zaman müxtəlif əməliyyatlar keçirirlər, bir də görürsünüz insanları həbs edir, narkotik vasitələrin həm istifadəsinə, həm satışına görə böyük bir şəbəkəni aradan qaldırırlar. Amma çox təəssüflər olsun ki, bunun kökünə heç cür gedib çıxmaq mümkün olmur. Ona görə, bu sahə çox ağrıdıcı sahədir. Hesab edirəm ki, bununla bağlı ciddi maarifləndirmə tədbirləri aparmaq lazımdır. Artıq yeniyetmələri, konkret desək 13-14 yaşından başlayaraq uşaqları həmin narkotik vasitələrlə bağlı məlumatlandırmaq lazımdır ki, hansısa narkotacirlər tərəfindən narkotik təklif olunanda, təqdim olunanda, onlar artıq bilsinlər ki, bu narkotik maddədir, ondan uzaq dursunlar. Təsəvvür edin ki, narkotik vasitələr artıq nağıla çevrilməkdədir. Bu gün Azərbaycanda gənc nəsli elektron siqaretlərlə, tütün məmulatları ilə də məhv edirlər. Dövlət bu sahəni ciddi şəkildə tənzimləməlidir. Ümumiyyətlə, elektron siqaretlərin ölkəyə idxalına, daxil olmasına qadağa qoyulmalıdır. Onsuz da siqaret zərərlidir. Bir var, bunu tütün formasında çəkirsən, bir də var, yağ formasında, sulu qəlyan formasında istifadə edirsən. Bu, ən ağırıdır. Bir şey ki, zaryadkaya qoyulmaqla istifadə olunur. Nəticə etibarilə siz düşünün, bütün dünya bu gün bununla mübarizə edir. Amma bizdə hələ də bu vasitələrin əlçatanlığı yüksək səviyyədədir, çox rahatdır. Ona görə, dövlət bu sahəni tənzilmləməli və əhalinin sağlamlığı ilə əlaqədar qanunlara bununla bağlı düzəlişlər olunmalıdır. Bu sahədə ciddi cəzalandırma tədbirləri həyata keçirməlidir.

- Siz dələduzluqla bağlı məsələni vurğuladınız. Bəs, qəsdən adam öldürmə, quldurluqla bağlı cinayətlərdə kriminogen vəziyyətin gərginləşməsi, hüquq pozuntuları və qanundakı boşluqlar nə qədər rol oynayır?

- Bu sahədə qanunda boşluq yoxdur. Qanun deyir ki, adam öldürmək cinayətdir, bitdi. Yəni burada qəsdən, ya ehtiyatsızlıqdan söhbət getmir. Ehtiyatsızlığın öz cəzası, qəsdən törədilən əməlin öz cəzası var. Amma quldurluq niyyəti ilə adam öldürmək artıq daha ağır nəticələrə gətirib çıxaran bir əməldir və dövlət bunu da tənzimləyir, bunu da cəzalandırır. Ona görə də bu sahədə dövlətin üzərinə konkret olaraq hansısa vəzifə qoymaq doğru olmaz. Dövlət onsuz da öz vəzifəsini icra edir. Düşünmürəm ki, dövlət quldurluq, yaxud qəsdən adam öldürmə niyyəti ilə törədilən hansısa cinayəti cəzasız qoysun.

“Cəzaçəkmədən azad olunmuş şəxsin və yaxud cəzaçəkməni başa vurub mülki həyata geri qayıtmış şəxslərin məşğulluğu təmin olunmalıdır”

-Sizcə, bu məsələ ilə bağlı qanunda əlavə və düzəlişlərə ehtiyac varmı?

- Burada hansısa bir düzəlişin olunmasını düşünmürəm. Ümumiyətlə, cəza siyasətinin sərtləşdirilməsi, kriminallaşdırılması, ağırlaşdırılması məsələnin çıxış yolu deyil. Məsələnin çıxış yolu artıq törədilmiş cinayətdən sonra cəza çəkmiş şəxsin həqiqətən islah olunmasına nail olmaqdır. Yəni bu gün Azərbaycanda cəza çəkmiş şəxslərin azadlığa çıxdıqdan sonra islah olunması, onların məsuliyyətinin təmin olunması ciddi problemdir. Məsələn, cəzaçəkmədən azad olunmuş şəxslərin haradasa işə götürülməsi. Bilirsiniz, məhkumluğun üzərindən götürülməsinin konkret müddətləri var. Adam işə girməmişdən əvvəl ondan məhkumluq barədə arayış istəyirlər. Şəxs həmin arayışı təqdim edə bilmir. Dörd yerə baş vurduqdan, hər birindən imtina aldıqdan sonra işsiz qalır. Və çıxış yolunu maddi təminatını aldığı hansısa bir cinayətin törədilməsində görür. Bu, təbii bir hissdir. Ona görə, mən düşünürəm ki, bu sahədə həm Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, həm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Məşğulluq Xidməti, o cümlədən daxili işlər orqanları - polis, eyni zamanda QHT-lər birgə layihələr icra etməlidirlər. Cəzaçəkmədən azad olunmuş şəxsin və yaxud cəzaçəkməni başa vurub mülki həyata geri qayıtmış şəxslərin məşğulluğu təmin olunmalıdır.

"Bu gün cəzaçəkmə müəssisələri demək olar ki, ağzına qədər “234” ilə doludur. Bu, o qədər həyəcan təbili çalınmış bir məsələyə çevrilib ki..."

- Ramil bəy, narkotik satışı, oğurluq, qəsdən adamöldürmə, quldurluq və dələduzluğa maddələrinin cinayətkarlığa dair statistikada önə çıxması nə dərəcədə normal haldır və bu durum ancaq Azərbaycana xasdır, yoxsa digər ölkələrdə də oxşar vəziyyət mövcuddur?

- Bu, ölkələrin statistikasına görə dəyişir. Məsələn, bu gün Azərbaycanda 234-cü maddə, yəni narkotik vasitənin qəbulu ilə bağlı maddə daha üstünlük təşkil edir. Bu, birmənalıdır. Bu gün cəzaçəkmə müəssisələri demək olar ki, ağzına qədər “234” ilə doludur. Bu, o qədər həyəcan təbili çalınmış bir məsələyə çevrilib ki, nəticə etibarilə birinici dəfə 234-cü maddə ilə məsuliyyətə cəlb olunmuş şəxsin sağalmaqla bağlı niyyəti varsa, dövlət onu məcburi müalicəyə göndərir. Bir il ərzində 234.1 ilə həmin şəxs sağaldıqdan sonra hakim onun cəzasının yerdə qalan hissəsinin davam etdirib-etdirməməsi ilə bağlı qərar qəbul edə bilər ki, bunun da böyük hissəsi əgər şəxs narkoloji dispanserdə müalicə aldıqdan sonra həkim rəyi əsasında tam sağalmasını isbat edə bilirsə, nəticə etibarilə hakim həmin rəyə əsaslanmaqla onun cəza çəkməsini məqsədə müvafiq görmür. Onu cəzanın yerdə qalan hissəsindən azad etməklə bağlı qərar qəbul edir. Bu müsbət bir şeydir. Amma 177, 178 və digər bu qəbildən mülkiyyət əleyhinə olan cinayətlərdə də dövlət müəyyən yumşalmalar edirdi. Yumşalmalar da nədən ibarətdir – tutaq ki, 178.1 dələduzluq maddəsi ilə bağlı şəxsin barəsində cinayət işi açılıbsa, həmin cinayət işinin gedişi və yaxud məhkəmədə olduğu zaman təqsirləndirilən şəxs vurmuş olduğu zərəri zərərçəkənə ödəyirsə, o zaman həmin şəxslə bağlı aparılan istintaq xitam olunur. Bu halda belə əməl dövlət tərəfindən bağışlanır və şəxs cəza çəkməkdən azad olunur. Bu ikinci dəfə baş verirsə, bu dəfə dövlət onu bağışlamır və barəsində ittiham xarakterli qərar qəbul edir.

- Siz az öncə ailə-məişət zəminində qəsdən adamöldürmə məsələsinə toxundunuz. Amma kriminal xarakterli qətl hadisələrinin sayı daha çoxdur...

- İnsan olan yerdə ictimai münasibətlər olur. İctimai münasibətlər olan yerdə artıq kiminsə dominantlığı, kiminsə eqosu, razılaşıb-razılaşmadığı məqamlar olur. Nəticə etibarilə, burada artıq insan münasibəti rol oynayır. Bir-birini tanımayan iki şəxsin işçi münasibətində artıq xidməti asılılıq münasibətləri rol oynayır. Bütün bunlar artıq 120-ci maddənin içində özünü tənzimləyir. Və eyni zamanda burada artıq bir məsələ də var ki, şəxs cinayəti xidməti asılılığı olan şəxsin qanunsuz-əxlaqsız davranışları nəticəsində törətsin. Bu qəbildən cinayətlər də olur. Düzdür, çox deyil, amma var. Şəxsin xidməti asılılığı, yaxud işçi münasibəti olur. Yaxud qadın olur, öz müdirindən təkliflər gəlir, mübahisə nəticəsində xoşagəlməz hallar olur və cinayət baş verir. Bu, əlbəttə ki, şəxsin barəsində cəza təyini zamanı yüngülləşdirici hal kimi nəzərə alınır.

Quldurluq niyyəti ilə qəsdən adamöldürmə isə ayrıca bir maddədir. Ağır maddədir. Bununla bağlı cəza təyin olunarkən mütləq şəkildə həmin hissəyə diqqət edilir. Məsələn, cinayətin motivi nədir, tutaq ki, cinayətin motivi qısqanclıqdır, bu aşağı-yuxarı istintaq orqanı tərəfindən az da olsa başa düşülə bilər. Hansısa bir əmlakı əldə etmək üçün gedib kimisə öldürürsənsə, bu, artıq bəsit bir səbəb deyil. Amma bunu da kökündə iqtisadi, yaxud insan münasibətləri dayanır.    

- Yəni bildirirsiniz ki, bu məsələlərdə qanunda boşluq yoxdur.

- Xeyr, bunlarla bağlı qanunda boşluq yoxdur. Qanun açıq-aşkar deyir ki, quldurluq niyyəti ilə quldurluq cinayəti törədilən zaman qəsdən adam öldürmənin nəticəsi budur.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az