Xətai Rayon Məhkəməsində SOCAR-ın sabiq vitse-prezidenti, oliqarx Mikayıl İsmayılovun oğlunun iddiası üzrə araşdırmalar yekunlaşıb.
Hakim Aygün Həsənovanın sədrliyi ilə Orxan İsmayılzadənin mülki iddiası araşdırılıb və belə qənaətə gəlinib ki, iddia əsassızdır. Bu səbəbdən də iddianın rədd edilməsi qərarı verilib.
Orxan İsmayılzadə rədd edilmiş iddianı Xətai Rayon Məhkəməsinə bu ilin mayında təqdim etmişdi. O, iddiasında Fidan Abbasovanın övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edirdi. Xətai Rayon Məhkəməsində iddia araşdıran hakim obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini – atalıq testi təyini haqda qərardad vermişdi.
Bundan sonra baş verənlər isə Orxan İsmayılzadənin həqiqətin üzə çıxmasından yayınması anlamına uyğun gəlirdi.
Belə ki, qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Fidan Abbasova deyib ki, məhkəmə qərardadı əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə övladı Nili də gətirib. Orxan Mikayılzadə isə ekspertizanın keçirilməsində iştirak etməyib.
Bu ilin mayında Fidan Abbasovanın dediklərindən sitat:
“Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və Orxan İsmayılzadə ekspertizada iştirak etmədi. Halbuki Bakıda idi, elə həmin gün onu restoranda görmüşdüm. Vəkili isə məhkəməyə doğru olmayan məlumat vermişdi ki, guya Orxan Bakıda deyil deyə ekspertizada iştirak etməyib”.
Onun sözlərinə görə, faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib:
“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.
Fidan Abbasova demişdi ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:
“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.
Fidan Abbasova demişdi ki, hazırda tək ana olaraq qız övladı böyüdür və istəmir ki, övladının atasının kimliyinin qeyd edilməməsi ilə taleyinə ləkə düşsün:
“Axı faktiki olaraq onun atası var. Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Özüm hərbçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir. Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq, övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın. Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil”.
Hazırda Sabunçu Rayon Məhkəməsində Fidan Abbasovanın iddiası icraatdadır. Fidan Abbasova övladının atasının Orxan İsmayılzadə olduğunu bildirir, övladının atasının müəyyən edilməsini xahiş edib.
Fidan Abbasovanın vəkili Ziya Ələsgərov Musavat.com-a deyib ki, 2017-ci ildə Fidan Abbasova Sabunçu Məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin məhkəmə qərardad qəbul etməklə iş üzrə icraata xitam verib: “O zaman Fidan Abbasova aldadılıb. Biz həmin qərardadı rəsmi şəkildə əldə edə bilməmişdik. Qərardad bizə çıxarılandan 7 il sonra, 2024-cü ildə verilib. İcraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alandan sonra qərardaddan şikayət verdik. Bildirdik ki, icraata xitam verilməsi Fidan Abbasovanın iradəsi ilə olmayıb, aldadılıb. Məhkəmədən çıxardığı qərardadın ləğvini xahiş etdik. Məhkəmə prosessual müddətin ötürülməsi əsası ilə şikayətimizi geri qaytardı. Prosessual müddətin bərpası ilə məhkəməyə müraciət etdik. Məhkəmə bu dəfə qərardadın 2017-ci ildə çıxarıldığını əsas götürüb şikayətimizi təmin etmədi. Arqumentlərimiz vardı ki, prosessual müddəti ötürməmişik. Ümumiyyətlə, qərardad tərəf olaraq bizə verilməyib. Amma məhkəmə əsas gətirdi ki, qəbzi imzalamışıq. Halbuki, həmin boş qəbzə imza atılmışdı”.
Vəkil bildirib ki, qərardadı zamanında heç bir şəkildə Fidan Abbasovaya təqdim etməyiblər: “Ona görə də bu hallarla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik. Apelyasiya instansiyası şikayətimizi araşdırdı və aydınlaşdırdı ki, prosessual müddət üzrlü səbəbdən buraxılıb və bu əsasla da Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı, 12 may 2017-ci il tarixli qərardadını ləğv etdi. İş yenidən baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərildi”.
Vəkil bildirib ki, Sabunçu Rayon Məhkəməsi atalıq testinin keçirilməsi üçün qərardad çıxarıb: “Prosessual qanunvericiliklə ekspertizadan keçmə qaydası müəyyən edilib. Tərəf ekspertizada iştirak etmirsə, bu o deməkdir ki, nəticə ilə razıdır. Prosessual Məcəllədə belə nəzərdə tutulur”./musavat.com