"Öldürülərək Kür çayına atılan qızın faciəsi hamıda təəssüf doğurdu" - DEPUTAT

"Bu günlərdə Sabirabadda öldürülərək Kür çayına atılan qızın faciəsi hamıda təəssüf doğurdu. Erkən nikahlarla bağlı qanunvericilikdə dəyişikliklər edilib, lakin şüurlarda inqilab yaratmaq lazımdır".

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Adil Vəliyev deyib.

O, iyulun 1-dən qohum evliliklərinin qadağan edilməsi ilə bağlı qanunun qüvvəyə minəcəyini xatırladaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bu istiqamətdə monitorinqlər aparıb-aparmayacaqlarını soruşub.

Buna cavab olaraq komitənin sədr müavini Sədaqət Qəhrəmanova deyib ki, yerlərdə bu istiqamətdə maarifləndirmə işləri aparılsa da, bu kifayət etmir:

"Bizim əsas rıçaqlarımız yerlərdə gender məsul şəxslərdir. Biz bələdiyyələrdə gender komissiyaları yaratmışıq. İcralarda gender monitorinq qrupları fəaliyyət göstərir. Lakin ümumilikdə onlar necə fəaliyyət göstərirlər? Bu, sual olaraq qalır. Yerli icra orqanları bu məsələdə maraqlı olmalıdır. Eyni zamanda, deputatlar da öz seçiciləri ilə bu istiqamətdə danışmalı, işlərin aparılması ilə maraqlanmalıdırlar".