Rusiyada ilk dəfə nüvə partlayışının zərərli təsirlərindən qorunmaq üçün nəzərdə tutulan “KUB-M” modul tipli mobil sığınacaqların seriyalı istehsalına başlanılıb.
Stopnarkotik.az azpolitika.info-ya istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri açıqlama yayıb.
İstehsal prosesi Nijni Novqorod vilayətində yerləşən Dzerjinsk şəhərində həyata keçirilir.
Sığınacaq iki moduldan ibarətdir: 54 nəfərlik otaq və texniki blok. Qeyd olunur ki, sığınacağın tutumu əlavə modullardan istifadə etməklə artırıla bilər. Tərtibatçılar iddia edirlər ki, strukturun əsas üstünlüyü onun hərəkətliliyidir - o, asanlıqla başqa yerə köçürülə və mövcud mühəndis sistemlərinə qoşula bilər.
Qeyd edək ki, Vladimir Putinin Rusiyanın yeni nüvə doktrinasını təsdiqləyib. Putin bununla bağlı fərman imzalayıb. Sənəd bu gündən qüvvəyə minir.
Yeni doktrina Rusiyanın təkcə nüvə dövlətlərinə deyil, nüvə dövlətlərinin dəstəklədiyi qeyri-nüvə dövlətlərinə də nüvə zərbəsi endirməsini nəzərdə tutur.
Sözügedən fərman imzalanandan dərhal sonra Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiyanın işğalçılıq müharibəsi apardığı Ukraynanı nüvə zərbəsi ilə təhdid edib. O deyib ki, yeni nüvə doktrinasına uyğun olaraq, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı Qərbin qeyri-nüvə raketlərindən istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər. Yəni, Rusiya hər gün Ukraynanın dinc şəhərlərinə raket zərbələri endirə bilər, lakin Ukaryna buna eyni cür cavab verərsə, nüvə zərbəsi ala bilər.
Bununla yanaşı, Rusiya ilə qonşu olan Skandinaviya ölkələri də mümkün III Dünya Müharibəsi başlayarsa, vətəndaşlarını müharibə və böhran vəziyyəti haqqında məlumatlandırıb və bu barədə hazırlıqlara başlayıblar.
Bu arada, İsveç öz xalqına Rusiya-Ukrayna müharibəsinin şiddətlənməsi fonunda xəbərdarlıq edib və isveçliləri münaqişəyə hazırlaşmağa çağırıb.
İsveçrənin mülki müdafiə naziri Karl-Oskar Bulin, "Böhran və ya müharibə gələrsə" adlı milyonlarla broşürün çap edildiyini və bunların bütün əhaliyə paylanacağını açıqlayıb.
Digər ölkələr də öz vətəndaşlarına bir sıra məsləhətlər veriblər. Məsələn, Finlandiyada hökuməti "hadisələrə və böhranlara qarşı" hazırlanmaq üçün vacib tövsiyələrini onlayn formada ictimaiyyətə çatdırıb. Burada silahlı hücum zamanı hökumətin və prezidentin necə reaksiya verəcəyi insanlara izah edilib.
Norveç hökuməti isə ekstremal hava şəraiti və müharibə vəziyyətində norveçlilərin bir həftə ərzində nələr etməli olduqlarına dair xəbərdaredici broşürlər paylayıb.
Danimarka Fövqəladə Halların İdarə Olunması Agentliyi üç günlük böhran zamanı ehtiyac duyulacaq su, qida və dərmanları təfərrüatlı şəkildə göstərən elanlar hazırlayıb.