Bir zamanlar ən vacib beynəlxalq tədbirlərin aparıcı iştirakçılarından biri olmuş, inkişaf etmiş dövlətlərin mötəbər qonaq kimi qarşıladıqları, hətta “Böyük Yeddiliyin” öz sıralarına qoşduğu Vladimir Putin ötən gün dünyadan təcrid edilmiş dövlətlərdən birinə – Şimali Koreyaya səfər edib. Rusiyanı haralardan haraya gətirdiyi aydın görünən Putin hakimiyyətdə olduğu 24 ildə ilk dəfə səfər etdiyi Şimali Koreyada iki gün qalacaq. Səfərlə bağlı rəsmi məlumatlarda deyilir ki, ölkələr arasında “Strateji tərəfdaşlıq sazişi”nin imzalanacağı gözlənilir.
Səfər ərəfəsində Putin KXDR-ə Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi dəstəyə görə təşəkkür etdiyi məqalə dərc etdirib. Həmin məqalədə Putin Şimali Koreya başçısı ilə “beynəlxalq münasibətləri daha demokratik və sabit etmək üçün yaxın əməkdaşlığa” hazır olduqlarını(?) bildirib. Görünür, “demokratiya və sabitlik” anlayışı hamıdan çox məhz elə Putinə və Kim Çen Ina yaraşır...
“Putinin Şimali Koreyaya səfərinin Ukraynadakı döyüş meydanını aşan nəticələri ola bilər”.
CNN-in Putinin sözügedən səfərilə bağlı şərhində belə deyilir. Qeyd olunur ki, bu səfər Rusiya və KXDR-in Qərbə və onun müttəfiqlərinə qarşı ortaq düşmənçiliyə əsaslanan tərəfdaşlığına doğru mühüm addımdır: "İki ölkə arasındakı əlaqələr sadəcə zərurət məsələsi deyil. Biz hər iki ölkənin Birləşmiş Ştatlara və Qərbə qarşı getdikcə daha ahəngdar birləşmiş cəbhə qurduğunu görürük".
Putin məhz Çin lideri Si Cinpin ilə görüşdən və Qərb liderlərinin Ukraynaya dəstəklə bağlı həmrəylik nümayiş etdirdiyi G7 sammitindən sonra Kim Çen Inla görüşə gedib. Şimali Koreya isə ABŞ, Cənubi Koreya və Yaponiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığa qarşı açıq demarşlarla çıxış edir, Cənubi Koreya ilə sərhəddə təxribatlar törədir.
CNN-in şərhində qeyd olunur ki, ötən ilin sentyabrında Kim Çen In Rusiyaya gələndən az sonra Rusiya işğalçı ordusu Şimali Koreyanın döyüş sursatı və raketlərilə təmin olundu: “Onlar Moskvaya silah tədarükünü artırmağa və Qərbin Ukraynaya dəstəyi ilə ayaqlaşmağa kömək etdilər. Ekspertlər hesab edirlər ki, iki ölkə arasındakı anlaşmalar Şimali Koreyaya öz silahlarının imkanlarının real mənzərəsini görməyə imkan verəcək və ixracın artmasına kömək edəcək. Həmin görüşdə Putin Şimali Koreyaya kosmos və peyk proqramlarını inkişaf etdirməyə kömək edəcəklərini bildirib. Bundan bir neçə həftə sonra Şimali Koreyanın ilk hərbi kəşfiyyat peyki “Malliqyong-1” uğurla orbitə buraxıldı.
Ekspertlər hesab edirlər ki, Kim Çen In uranın zənginləşdirilməsi, nüvə reaktorları və sualtı qayıqları üçün nüvə mühərrikləri ilə bağlı Rusiyadan texnologiyalar əldə etmək istəyir. Şimali Koreya lideri hesab edir ki, bunlar sadəcə olaraq, onun rejiminin yaşaması üçün zəruridir”.
Putinin səfərlə bağlı məqsədlərinə gəlincə, qeyd olunur ki, burada iki əsas məqsəd ola bilər: ”O, bu səfərdən KXDR-dən davamlı dəstək almaq üçün istifadə edə, həm də bununla dünyaya Moskvanın tək olmadığını göstərə bilər. Putin Rusiyanın dostlarının olduğunu göstərir və təbliğ edir ki, Ukraynanın müharibədə qalib gəlməsi mümkünsüzdür, çünki Rusiyanın silahı tükənməyəcək”.
Bildirilir ki, ikinci məqsəd Şimali Koreya ilə birgə bəşəriyyətə qarşı nüvə təhdidini gücləndirməkdir: “Putin həm də Kimlə münasibətlərə Vaşinqton və Cənubi Koreyanın narahatlığından istifadə edərək “nüvə müharibəsi kabusunu artırmaq” yolu kimi baxır. Bu da ona xidmət edir ki, Ukraynanın müttəfiqləri onu Rusiyanın şərtləri əsasında danışıqlara məcbur etsin”./azpolitika.info