Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Rəsul Quliyev haqqında məhkəmə qərar verib.
1964-cü ildə Ağcabədi rayonu Qaravəlli kəndində doğulmuş Rəsul Quliyevə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi cianyət işi açılıb.
Daha sonra ona açılan cinayət işi Cinayət Məcəlləsinin 308.1 maddəsi ilə (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) dəyişdirilib.
Məlum olub ki, Rəsuı Quliyev 14 sentyabr 2023-cü il tarixli ərizə ilə mərkəzə müraciət edən Sabirabad rayon sakini Əli (Faiq) adlı arı təsərrüfatı ilə məşğul olan şəxdən 5 min manat rüşvət tələb edib. Sabiq rəis sabirabadlı fermerdən 2023-cü ilin sentyabr ayında mərkəzin İsmayıllı rayonu, Xanəgah kəndində yerləşən inzibati binasındakı xidməti otağında 5 min manat alıb. Əvəzində Əlinin İsmayıllı-Qəbələ magistral yolunun ətrafında, meşə fonduna aid olan ərazidən 1,0 hektar sahənin arıçılıq təsərrüfatı ilə məşğul olmasına şərait yaradıb.
Rəsul Quliyev fermerə sözügedən yerin sənədlərini təqdim edərkən aldığı 5 min manata görə bu sözləri də deyib: "Mən o işə gedən adam deyiləm. Özüm də polkovnikəm, 30 il də rəis işləmişəm. Kifayət qədər imkanım da var. Yəni onun acı da deyiləm. Bu qanuni sənəddir, başımla da cavabdehəm".
Məhkəmənin qərarı ilə sabiq direktor Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 4 min manat miqdarda cərimə edilib. Təqsirləndirilənin şəxs 13 noyabr 2023-cü il tarixdən ev dustaqlığında olduğu 7 ay 18 gün müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilib və üzərində qəti olaraq 3 min manat cərimə saxlanılıb.
Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilib, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. Xidməti otağında 30 oktyabr 2023-cü il tarixdə aparılmış baxış zamanı üzərindən götürülmüş 1000 manat məbləğində pul Rəsul Quliyevə qaytarılıb.
Qeyd edək ki, Quliyev Rəsul Zəkulla oğlu polkovnik rütbəsində Oğuz, Şəki, Şirvan, Kəpəz və Masallı rayon hərbi komissarı vəzifəsində çalışıb. O, 2022-ci ilin iyun ayında nazir Muxtar Babayevin əmri ilə sözügedən mərkəzin direktoru təyin edilib. Onun Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayevin qaynı, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun həmkəndilisi və yaxın dostu olduğu deyilir./"qaynarinfo"