Nazir müavini Milli Məclisdə insan alverinə dair hesabat verir

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında 2023-cü il üzrə insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirəyə çıxarılıb.

Stopnarkotik.az xəbər verir ki, məlumatı Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib.

Qeyd edilib ki, insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə həyata keçirilməsinə başlanıldığı 2004-cü ildən bugündək olan müddətdə əldə edilmiş müsbət nəticələrin davamlılığının təmin edilməsi qarşıda duran əsas məqsədlərdəndir.

Transmilli mütəşəkkil cinayətkar birləşmələrin müasir informasiya - kommunikasiya texnologiyalarından geniş istifadə etməsi baxımından bu sаhədə əməkdaşların peşə hazırlığının yüksəldilməsi, mütərəqqi beynəlxalq təcrübənin tətbiqi, fəaliyyətin təkmilləşdirilməsi, internet üzərindən törədilən cinayətlərin hərtərəfli və səmərəli araşdırılmasını təmin edən elektron informasiyanın toplanması sahəsində beynəlxalq əməkdaşlığın, xüsusən dövlətlərarası qarşılıqlı hüquqi və texniki yardımın genişləndirilməsi müəyyən olunmuş hədəflərdir. Hazırda bu istiqamətlərdə fəaliyyət planlı surətdə davam etdirilir.