Narkotiklərin kultivasiyası ilə məşğul olan şəxs arvadını niyə öldürmək istəyib? - İMİŞLİDƏKİ CİNAYƏTİN TƏFƏRRÜATI

İmişlidə arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Xanoğlan Quliyevin cinayət işinin bəzi detalları məlum olub.

İttiham aktında qeyd olunub ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq bir ədəd zavod üsulu ilə hazırlanmış ov bıçağını əldə edərək, İmişli rayonu ərazisində gəzdirib. Bundan başqa, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün külli miqdarda, yəni 3615 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək, onu yaşadığı evin həyətindəki yarımtikili ilə hasarın arasında torbanın içərisində gizlədərək saxlayıb.

Təqsirləndirilən şəxs həmin evin həyətyanı sahəsində külli miqdarda, yəni 45 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz əkərək, onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib, kultivasiya edib. Daha sonra o, 21 iyul 2022-ci il tarixdə, saat 06:00 radələrində yaşadığı İmişli şəhəri ərazisindəki evinin yataq otağında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürmək niyyəti ilə uşaqlarının gözləri qarşısında, arvadı Günel Abdullayevaya xüsusi əzab və iztirab verib.

Belə ki, Xanoğlan xüsusi amansızlıqla üzərində olan ov bıçağı ilə həyat yoldaşının bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurub. Bu zaman onların uşaqları hadisəyə müdaxilə edərək analarına kömək etməyə çalışıb. Daha sonra zərərçəkmiş şəxs heç bir vasitə ilə onun bıçaq ilə endirdiyi zərbələrin qarşısını ala bilməyəcəyini anlayaraq, ərini itələyib evdən həyətə, oradan isə küçəyə çıxaraq qaçmağa çalışıb. Lakin təqsirləndirilən şəxs niyyətini başa çatdırmaq məqsədilə evdən Günelin arxasınca çıxaraq onu təqib etməyə başlayıb. Səs-küyə, hadisə yerinə qonşular gəlib, onun qarşısını kəsərək zərərçəkmiş şəxsə çatmağa imkan verməyiblər. Bu zaman İmişli Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək Xanoğlanı tutublar. Günel isə çağırışa gələn təcili tibbi yardım avtomobili ilə əvvəlcə İmişli Rayon Mərkəzi Xəstəxanasına, sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına, daha sonra isə M.Topçubaşov adına xəstəxanaya aparılaraq üzərində tibbi cərrahiyyə əməliyyatı aparılarılıb. Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.