“Narkotiklərə təlabat bu bitkini yeməklə ortadan qalxır...” – RƏŞAD RZA

“Azərkənaf” şirkətinin rəhbəri Rəşad Rza: “Çətənənin çörəyi, yağı, qida məhsullarının yeyilərək istifadəsi kütləvi hal alsa, onun narkotik kimi istifadə edilməsi faizi çox aşağı düşəcək”

“Çətənə bitkilər içində ən yüksək enerjisi olan bitkidir... Çətənəni qida olaraq qəbul edən, ondan hazırlanmış geyimləri geyinən insanın enerjisi dəyişir”

Çətənə (kənaf) bitkisinin dünyada fərqli tətbiq sferaları var - qida, geyim, dərman vasitələri, kosmetika və s. kimi. Bitkinin həyatın müxtəlif faydalı sahələrində tətbiqi son illər geniş yayılmaqda və tanınmaqdadır. Bu yaxınlarda Azərbaycanda da belə bir yeniliyə imza atıldı. Belə ki, kənaf bitkisindən alınan özəl maya ilə vazkeçilməz qidamız olan çörək hazırlandı.

Məhsul Bakıda keçirilmiş ilk qənnadı və çörəkçilik sənətinə həsr olunmuş birinci beynəlxalq “Pastry & Bakery Chefs Baku Cup - 2025” çempionatına təqdim olundu. Tədbirdə Azərbaycan tərəfini “Azərkənaf” şirkətinin rəhbəri Rəşad Rza təmsil edirdi.

Maraqlıdır, bu bitkidən hazırlanan məhsullar bizə nə qazandıra bilər? Bu və digər suallara çətənə bitkisi üzrə ekspert Rəşad Rza ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.

- Rəşad bəy, çətənə bitkisinin faydalılığı baxımından müxtəlif sferalarda istifadəsi dünyada normal qarşılanır. Amma niyə bizdə daha çox pis tərəfdən tanıdılır? Yaxud niyə insan bu bitkinin istifadəsində şüuruna yox, nəfsinə uyur?

-Məsələ bir az fərqlidir. Əslində, bu bitkini biz dədə-babadan istifadə etmişik və bu istifadənin məlum olan 5 min illik tarixi var. Nə qədər ki, insanlıq, bəşəriyyət var olub, çətənənin istifadəsi də olub. Azərbaycan türkünün kökü haradan başlayırsa, biz o nəqtədən başlayaraq, bu bitkidən hərtərəfli istifadə etmişik. Əsas da odur ki, bu istifadə tarixi 100 il əvvəldən başlamayıb. Duzu necə istifadə etmişiksə, bu bitkini də elə istifadə etmişik. Bu bizim üçün duz kimi olub. Duz da strateji məhsuldur. Duzu da həmişə istifadə etmişik, o bizim üçün həmişə önəmli olub. Bu da həmçinin elə olub, onu biz duz kimi istifadə etmişik.

70-ci illərdə bu bitkini qadağan edib, tədricən yığışdırdılar. Sovet dövrü bütün sistemi dəyişdi. Bizə çətənəni bu cür unutdurdular. Əslində, bizdə bunun geniş şəkildə istifadəsi olub. Digər tərəfdən isə, sovet dövləti bizə bunu unutduraraq, pis tərəfini qabartdı, yaydı. İş orasındadır ki, sovet dönəmi yaxşı tərəfini unutdurdu, pis tərəfini isə saxladı. İstəsəydi, bu bitkinin pis tərəfini unutdurardı, qarşısını alardı. Amma əksi oldu.

-Bəs necə oldu ki, indi bu bitkiyə münasibət dəyişdi?

- Bu məsələni ancaq 90-cı illərdə dünyanın hər yerindən məlumatlı adamlar qaldırdılar, gündəmə gətirdilər. Dövlətlər də bunu qəbul etdilər. Məsələn, Türkiyə bu bitkinin faydalılığını qəbul etdi, onu əkdi və bu yaxın vaxtlarda qərar qəbul etdi ki, apteklərdə də satılacaq. Qanun qüvvəyə mindi.

Bizə gəlincə, bizdə də bu bitkinin faydalı tərəfini bilənlər var. Qaldı ki, dövlətə, mən rəsmi müstəvidə müraciətlər etmişəm. Bəzi nüanslara görə, əkilməsinə icazə yoxdur, amma gətirilib istfadə edilməsinə icazə verilib – çətənədən alınan un, yağ kimi.

İnsanlara gəldikdə, onlar anladıqca, bildikcə, onun faydalı tərəflərindən istifadə edib sağaldıqca, öz ətraflarına danışırlar. Bu, zaman tələb edir. Bizim üstümüzə düşən də onun hazırlanması, faydalı tərəfdən tanıdılması, xeyirli xüsusiyyətlərinin ortaya qoyulmasıdır. Bunda hərə öz rolunu oynamalıdır. Missiyamız bu bitkini faydalı tərəfdən tanıtmaqla gələcək nəsillərə xidmət etməkdir. Çətənə bitkisinin tərkibində olduğu qidaları yeyən, onun yağını içən insanın xəstələnməsi minimuma enir. Bunu yüzlərlə insanın üzərində isbat etmişəm. Alimlər də bunu bilir.

Çətənənin uyuşdurucu hissəsinə gəldikdə, onu bilə-bilə süni şəkildə şişirdiblər ki, bu bitkidən ancaq uyuşdurucu kimi istifadə edilsin. Amma bu bitkiylə qidalanan adam gedib onu uyuşdurucu kimi istifadə etməz. Onun faydalı tərəfini görəndən sonra niyə gedib onu yandırsın... Məsələn, almanı götürək. Almanı yeməklə faydalanan insan niyə gedib onu yandırıb tüstüsünü ciyərlərinə çəksin ki? Əgər almanı yeyib ondan o effekti alacaqsasa, heç kim onu yandırıb tüstüsünü çəkməz. Olsa da, bu, çox cüzi faiz edər. Qədimdə də cüzi sayda adamlar çətənədən bu cür istifadə ediblər. Onların faizi çox aşağı olub. Amma indi bizdə çətənənin uyuşdurucu kimi istifadəsi kütləvi hal alıb. Halbuki, çətənənin çörəyi, yağı, qida məhsullarının yeyilərək istifadəsi kütləvi hal alsa, onun narkotik kimi istifadə edilməsi faizi çox aşağı düşəcək. Bunu dərk edən dövlətlər buna getdi. Bu dövlətlərdən biri, dediyim kimi, qardaş Türkiyədir. Açığı, Türkiyədə çətənənin tüstüsünün uyuşdurucu kimi istifadə faizi çox aşağıdır. Kimlərinsə başqa narkotiklər istifadə etməsi ola bilər, o başqa. Amma sırf çətənənin narkotik kimi istifadəsi aşağı düşüb. Çünki təlabatı olan adam çətənəni yeyirsə, onu narkotik kimi çəkməyə ehtiyacı yoxdur.

- İnsan şüurlu varlıqdır, onu narkotik kimi istifadə etməkdənsə, qida kimi istifadə etməyi seçə bilər...

 - İnsan onu yeməyib axı. Gərək onu yesin ki, bilsin. İnsan onu yeməsə, qida kimi qəbul etməsə düşünəcək ki, çətənəni ancaq çəkməklə faydalana bilər. Amma yesə, görəcək ki, onun təlabatı ödənilir, onu çəkməyəcək.

- Bəs sizdə çətənə bitkisinin çörək olaraq istehsalı varmı?

- Kütləvi şəkildə olmasa da butik şəklində var. O da yalnız sifariş olunur, sifarişlə hazırlanır. Amma gələcəyə yönümlü kütləvi şəkildə istehsal olunmalıdır ki, insanların hamısı faydalansın. Çünki bu istər bu günümüz, istər də gələcəyimiz üçün çox vacib məsələdir. Çətənə çörəyinin tərkibində olan kannabinoid hər bir insanın bədəninə getməlidir. Onu yeyən insanlarda mütəmadi olaraq həm xəstəliklərə qarşı imuunitet formalaşacaq, həm də insanlar yavaş-yavaş apteklərdən uzaqlaşacaqlar. Bu bir istiqamətdir.

İkinci istiqamətdə isə, narkotiklərə duyulan təlabat bu bitkini yeməklə ortadan qalxır. Əgər adamın ehtiyacı xoşbəxtlik hissinə təlabat, halsızlıqdırsa, bu faktorlar aradan qalxacaq, qətiyyən narkotikə getməyəcək. Yox, insanın narkotik ehtiyacı digər səbəblərdəndirsə, məsələn, aqressiya, hansısa pis niyyətlər, şeytani olan neqativ niyyətdirsə, o zaman həmin adam ya içkiyə, ya da narkotikə gedəcək.

- Çörək satışlarınız neçə vaxtdır ki, var?

- 3 ildir ki, satışlarımız var. “Azərkənaf” adından çörəyi satırıq. Sadəcə hələ kütləvi deyil. Adamlar sifariş edirlər, biz hazırlayırıq. Həm də bir dəfə yeməklə olmur, bir müddət istifadə edilməlidir. Bir ədədi bir həftəyə bəs edir. Amma istəyirəm bu işi genişləndirək. Çətənənin yağını da satırıq. Amma bizim satdığımız yağ Türkiyədə əkilən çətənədən sıxılıb-hazırlanır, oradan gətirilir. Burada satılan çətənə yağı isə qovrulmuş toxumdan sıxılır və yaxud da zavodun malıdır. Onların keyfiyyəti 50 faiz aşağıdır, sağlamlığa təsiretmə qüvvəsi də yüksək olmur. Bizdəkilər isə çox keyfiyyətlidir. Bizdə çətənənin yağı da, əzməsi də olur. Çətənədən hazırlanmış parça da olacaq. Onun parçası çox yüksək enerjiyə malikdir. Bədəndə olan bütün radiasiyanı, əsəbiliyi aradan qaldırır. Çətənə bitkilər içində ən yüksək enerjisi olan bitkidir. Hətta sizə metafizik tərəfdən də bir şey deyim, çətənəni qida olaraq qəbul edən, ondan hazırlanmış geyimləri geyinən insanın enerjisi dəyişir. Təkcə özünə yox, ətrafdakılara da təsir göstərir. Ətrafdakı həyatı belə dəyişir. Çünki onun enerjisi tamam fərqli dalğalı enerjidir, insan da həmin dalğaya dönür, çox fərqli our, baxırsan ki, insanı 180 dərəcə dəyişir. Parçası da elədir, həmin effekti verir, başağrısı, yorğunluğu götürür. Türkiyədə bu məsələ alimlər, ictimai şəxslər, din xadimləri vasitəsilə yavaş-yavaş ictimailəşdi, araşdırıldı, buna görə qanunu dəyişdirdilər. Yəqin bizdə də bu işlər genişlənər.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az