Narkoticarətin qarşısını almaq dövlətlərdən çevik yanaşma və yeni strategiyalar tələb edir. Məlumdur ki, hər şəraitə tez uyğunlaşan narkokartellərin təqibi mübarizə üçün yetərli deyil. Sözsüz ki, mübarizə təkcə güc metodlarını deyil, həm də maarifçiliklə narkotikin qarşısının alınması, müalicəsi və zərərin azaldılması tədbirlərini əhatə edir.
Şübhəsiz ki, mübarizənin ilk etapında hüquq-mühafizə orqanlarının işinin gücləndirilməsi gəlir. Bu qəbildən labüd addım narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün sərhəd mühafizəsinin gücləndirilməsidir. Digər tərəfdən, mübarizənin ana xətti mütəşəkkil cinayətkarlıqla mübarizədir. Əsas narkoticarət mafiyalarının və şəbəkələrinin müəyyən edilməsi və aradan qaldırılmasıdır.
Həmçinin erkən xəbərdarlıq sistemləri də narkoticarətlə mübarizəyə dəstək verir. Yəni görəvi birbaşa narkotiklərlə mübarizə olan qurum narkotiklərlə bağlı vəziyyətin monitorinqində, yeni maddələrin və tendensiyaların müəyyən edilməsində mərkəzi rol oynamalıdır. Erkən xəbərdarlıq sistemi təhlükəli sintetik narkotiklərin bazara çıxarılmasına tez reaksiya verməyə imkan verir.
Bundan başqa, müsadirə edilən narkotikilərin tərkibini və təhlükəlilik dərəcəsini müəyyən etmək üçün onların davamlı təhlili aparılmalıdır.
Narkotiklərin yayılmasının qarşısının alınması və zərərin azaldılması bu şəkildə təsvir oluna bilər:
Maarifləndirmə kampaniyaları: Narkotiklərdən, xüsusən də sintetik narkotiklərdən istifadənin riskləri haqqında ictimaiyyətin maarifləndirilməsi.
Müalicə imkanı: Buraya asılı insanlar üçün müalicə və reabilitasiya proqramlarının genişləndirilməsi, hər kəs üçün əlçatan olması, əvəzedici terapiya, psixoloji dəstək və sosial reinteqrasiya daxildir.
Bundan başqa, dünya ölkələrində narkotik istifadəçilərinin bir-birinə QİÇS və hepatit kimi yoluxucu xəstəliklər ötürməməsi üçün iynə və şpris dəyişdirmə məntəqələri təsis edilib. Burada məqsəd inyeksion narkotik istifadəçiləri arasında QİÇS və hepatit kimi yoluxucu xəstəliklərin yayılmasının azaldılmasıdır.
Məsələn, Avropada bu baxımdan Portuqaliya nümunəsi missal çəkilir. 2001-ci ildə narkotik istifadəsini dekriminallaşdıran Portuqaliya tez-tez hərtərəfli yanaşma nümunəsi kimi göstərilir. Cinayət təqibi əvəzinə səhiyyə və sosial qayğı diqqət mərkəzindədir. Deyilənə görə, bu model yeni QİÇS infeksiyalarını və aşırı dozadan ölümləri azaldıb. Dekriminallaşdırma leqallaşma demək olmasa da, bu, resursların həbsxanalardan müalicə və profilaktikaya yönləndirilməsinə imkan verir. Lakin bu metod sanki narkotiklərlə mübarizəni səthi müstəviyə keçirir. Kim narkotikdən imtina etmək, sağalmaq istəmirsə və ömrünü narkotiklərlə birgə yaşamaq istəyirsə, bu metod ona mane olmur, əksinə narkotik istifadəçisinin seçiminə şərait yaradır. Yəni istifadəçilərin cəmiyyətə zərər vurmasını yumşaldır, amma onları sağalmağa təşviq etməkdən söhbət getmir. Təbii ki, bu metodu öz cəmiyyətimizə nümunə sayanlar yəqin çox olmaz.
Stopnarkotik.az