“Narkotiklər ölümdür, varlığın qənimi, həyatın sonudur” – NƏCİBƏ İLKİN YENİYETMƏ VƏ GƏNCLƏRƏ ÇAĞIRIŞ ETDİ

“Ailədə tərbiyə, təhsildə nəzarət, qanunda cəzaların sərtliyi gəncləri bu bəladan xilas edəcək”

“Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə metodlarının müəyyənləşdirilməsi, eləcə də narkomaniyaya yoluxmanın qarşısının alınması üçün yeniyetmə və gənclər arasında maarifləndirici materialların yayılması genişlənməlidir”.

Stopnarkotik.az xəbər verir ki, bu fikirləri yazıçı-publisist, AYB və AJB-nin üzvü Nəcibə İlkin bildirib. O, əməkdaşımızla söhbətində əlavə edib:

“Ümumiyyətlə, narkomaniya məsələsi son illər hər birimizi narahat edən problemlərdən biridir. Narkomaniya cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qədim zamanlardan yaranmışdır. Hər zaman olduğu kimi, müasir dövrdə də cəmiyyətin aktual problemlərindən olaraq qalır.

Bir ailədə uşaq dünyaya gəlir, valideyn min bir əziyyətlə onu böyüdüb cəmiyyətə yararlı bir vətəndaş etmək istəyir, lakin bir qrup cinayətkar hər zaman bu çirkin işləri davam etdiməklə məşğul olur. Cəmiyyətin zəhərlənməsinə bais olmağa çalışırlar.  Onlar öz mənafeləri üçün uşaqların, yeniyetmələrin, gənclərin həyatını oğurlayıb, onu yarıda qırırlar. Bu məsələ ümumi bəla kimi hər birimizin, təşkilatların, aidiyyəti orqanların diqqət mərkəzində olmalıdır. Əsas diqqət uşaqlara, yeniyetmələrə və onların yanlarında olan insanlara yönəldilməlidir. Hər kəs gəncləri narkomaniya və digər zərərli vərdişlərin acınacaqlı nəticələri barədə məlumatlandırmalı, ictimai müzakirələr təşkil edilməli, məktəblilərin arzuolunmaz təsirlərdən qorunmalarına yardım göstərməlidir. Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə metodlarının müəyyənləşdirilməsi, eləcə də narkomaniyaya yoluxmanın qarşısının alınması üçün yeniyetmə və gənclər arasında maarifləndirici materialların yayılması genişlənməlidir”.

Nəcibə İlkin deyir ki, ailədə tərbiyənin, təhsildə nəzarətin, qanunda cəzaların sərtliyi gələcək nəslimiz olan gənclərin bəladan xilas olmasına öz təsirini verə biləcək: “Ölkəmizdə huquq-muhafizə orqanları tərəfindən narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı aparılan mubarizənin əhəmiyyəti də az deyil. Lakin bununla bərabər, cəzaların sərtləşməsinin vacibliyi əsas şərtlərdən biridir. Unutmamalıyıq ki, yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Bu mənada, güclü maarifləndirmə ilə birlikdə, cəzaların sərtliyi də onları bu vəziyyətdən uzaqlaşdıra və həyatlarını xilas edə bilər. Ailədə tərbiyənin, təhsildə nəzarətin, qanunda cəzaların sərtliyi gələcək nəslimiz olan gənclərin bəladan xilas olunmasına öz təsirini verə biləcək”.

Tanınmış yazıçı yeniyetmə və gənclərə çağırış etməyi də unutmadı: “Bu zəhərin dadına heç baxmasınlar, toxunmasınlar, əllərinə belə almasınlar. Çünki narkotiklər ölümdür, varlığın qənimi, həyatın sonudur.

Əlbəttə, belə məsələlərdə nüfuzlu insanların, elm adamlarının, sənət adamlarının ziyalı kimi fikirləri gənclərimizə çox yaxşı təsir edə bilər. Hətta deyərdim ki, televiziyada, radiolarda bu yöndə verilişlər hazırlayıb, həmin nüfuzlu insanların fikirlərini almaq lazımdır. Bu, özü ən gözəl təbliğatdır. Təklif edirəm ki, yeniyetmələrin zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan qorunması üçün polis-məktəb əlaqələrinin,  ictimaiyyətin birgə fəaliyyəti genişlənsin. Bu əlaqələrin çoxalması gənclərimizin belə zərəli vərdişlərdən uzaqlaşmasının qarşısını mümkün qədər alacaq”.

Nəcibə İlkin deyir ki, narkomaniya bəlasından xilas olmaq üçün oncə narkotik satışının qarşısını almaq lazımdır: “Əlbəttə, öncə həyat üçün təhlükəli olan bu zəhərli maddənin satışını qadağan etmək, biznesinin qarşısını almaq lazımdır. Bu bizneslə məşğul olanlar haqqında həbs qətimkan tədbirləri görmək və onlar haqqında ən ağır cəza tətbiq etmək lazımdır. Ölkəyə gətirilməsinin və satışının qarşısının alınması yolunda təcili və təxirəsalınmaz işlər görmək lazımdır.

Bundan əlavə, mətbuat səhifələrində, televiziya kanallarında  verilişlər təşkil etməklə gənclərimizi ayıltmaq, onların həyatları üçün təhlükəli olan bu vərdişdən xilas olması yolunda  təbliğat-təşviqat işlərini davam etdirmək lazımdır. Bu, bizim hər birimizin ümdə borcumuz kimi qəbul olunmalıdır.

Çox istərdim ki, təhsil sitemində bu barədə daha çox işlər görülsün. Məktəblərdə tez-tez bununla bağlı tədbirlər həyata keçirilsin. Kitabxana sistemində “Ağ ölümə qarşı mübarizə”, “Narkomaniya-gələcəyi olmayan həyat” adlı əyani vəsait kimi broşuralar çıxarıb, onların gənclər arasında  yayılması təşkil edilsin. “Narkomaniyaya yox deyək!” mövzusunda treninq-mühazirə keçirilsin.  Narkomaniya ilə bağlı mübarizə mütodları təşkil olunsun. Bu barədə yazılan əsərlərin müzakirələri keçirilsin. Əsərləri oxumağa gənclərin nə həvəsi, nə də vaxtı olmayacaq, bilirəm. Onun üçün belə əsərlər barədə müəllimlər maariflənirici təbliğatlar aparsın. Gənclər üçün bu haqda dərs saatları da ayırmaq olar. Məktəbdə dram dərnəyi yaradılsın. Bu barədə çoxlu mövzular qoyulsun və bu mövzular ətrafında çoxlu diskussiyalar keçirlsin. Tədbirdə iştirakçıların suallarını yazılı şəkildə vermələrinə də şərait yaradılmalıdır. Bu, onlara sıxılmayaraq maraqlandıqları suallara ətraflı cavab tapmalarına imkan verər. Qoyulan sualların əhatəli şəkildə işıqlandırılmasını, müzakirəsini, cavablandırılmasını təmin etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarını, səhiyyə işçilərini, müəllim kollektivini, valideyn heyətini də tədbirə dəvət etmək çox yerinə düşərdi. Məsələn, narkomaniyaya qarşı mübarizə mövzusuna siz nə təkliflər verə bilərsiniz? Narkotiklərin xassələri, onun şəxsiyyətə və insan orqanizminə olan ziyanı haqqında nə bilirsiniz? Gəncləri cinayətə, pis vərdişlərə sövq edən nədir? Bu kimi sual-cavablar gənclərə ən gözəl maarifləndirici vasitə ola bilər”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az