Narkotiklər məktəblərə yol tapıb? - RƏSMİ AÇIQLAMA

Bu günədək respublika ərazisində fəaliyyət göstərən heç bir orta məktəb və digər təhsil müəssisəsindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə şagirdlərə mənşəyi məlum olmayan, narkotik tərkibli ərzaq və ya qida məhsulunun paylanılması, yaxud satılması ilə bağlı heç bir müraciət daxil olmayıb. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirib. 

Məlumatda qeyd olunub: 

"Prezident İlham Əliyevin 22 iyul 2019-cu il tarixli sərəncamına uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramına uyğun olaraq Elm və Təhsil Nazirliyi digər aidiyyəti dövlət qurumları ilə birlikdə narkomaniyaya qarşı mübarizə üzrə profilaktik tədbirlər həyata keçirir. Ölkə üzrə bütün təhsil müəssisələrində mütəmadi maarifləndirici tədbirlər təşkil edilir.  Son üç ay ərzində müvafiq qurumlarla birgə şagird sayı çox olan mindən çox məktəbdə valideynlər üçün də maarifləndirici görüşlər keçirilmişdir. Bu istiqamətdə təhsil müəssisələrinin təhlükəsizliyi müvafiq dövlət qurumları tərəfindən təmin olunur. Məktəblərdə şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, onların sağlam fiziki inkişafı diqqət mərkəzindədir".

Xatırladaq ki, deputat Siyavuş Novruzov ötən gün Milli Məclisin iclasında narkotiklərin artıq məktəblərə yol tapdığını bildirmişdi.