“Narkotikin zərərləri haqda tamaşalar hazırlanmalıdır” – ƏMƏKDAR ARTİST NİCAT KAZIMOV

“Narkotik alveri ilə məşğul olan adama ömürlük cəza vermək lazımdır”

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası, rejissoru Nicat Kazımov Stopnarkotik.az saytına açıqlamasında maraqlı təşəbbüs irəli sürüb. Tanınmış aktyor deyib ki, Azərbaycanda narkomaniyadan xilas olmaq üçün dövlət qurumlarının, müxtəlif təşkilatların gördüyü tədbirlərlə yanaşı, teatrların da üzərinə iş düşür. Onun fikrincə, gənclərin bu sahədə maarifləndirilməsi və zərərli vərdişlərdən uzaq durması üçün teatrlarda xüsusi tamaşaların hazırlanmasına ehtiyac var:

“Bu mövzuda tamaşalar hazırlanmalı, məktəblərdə təbliğat aparılmalı, narkomaniyanın ziyanlarını göstərmək lazımdır. Yəni tamaşa hazırlayıb, həmin tamaşaya uşaqları gətirmək lazımdır, gəlib baxsınlar, görsünlər ki, bunun fəsadları nə cür olur. Bu təbliğat tərəfidir.

Əsas odur ki, Azərbaycan Respublikasına narkotik daxil olmamalıdır. Bilmirəm, necə daxil olur, amma onu satan adama ömürlük cəza vermək lazımdır. O, təkcə özünün yox, neçə-neçə ailələri, gəncləri bədbəxt edir. Ona görə də, elə adama heç cür  rəhm etmək olmaz. Mən belə düşünürəm. Yəni narkotik alveri ilə məşğul olan adama ömürlük cəza vermək lazımdır”.

Fuad BİLƏSUVARLI

Stopnarkotik.az