“Narkotikin qarşısı alınmalıdır ki, ölkənin büdcəsi daha böyük xərclərə düşməsin” – HƏSRƏT RÜSTƏMOV

“Yaxşı olar ki, narkomaniya harada çox yayılıbsa, orada bir neçə mərkəz yaradılsın, narkomanlar gəlib oradan pulsuz şprits götürə bilsinlər”

Ölkəmizdə narkomaniyanın özü ilə bərabər gətirdiyi İİV/QİÇS və hepatit kimi yoluxucu xəstəliklərin çoxalması səhiyyə sisteminin yükünü artırır. Belə ki, rəsmi statistikaya görə, insanın immun çatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan pasiyentlərin sayı 2005-ci ildə 870 nəfər olubsa, 2024-cü ildə bu say 11,844 nəfərə çatıb. Onlardan qazanılmış immunçatışmazlıq sindromu (QİÇS) olan xəstələrin sayı 2005-ci ildə 166 nəfər olubsa, 2024-cü ildə 2964-ə yüksəlib.

Eləcə də insanın immunçatışmazlığı  virusunun (İİV) törətdiyi xəstəliklə ilk dəfə qeydə alınmış xəstələrin sayı 2000-ci ildə cəmi 63 nəfər idisə, 2024-cü idə 1152 nəfər olub. Qazanılmamış immunçatışmazlığı sindromlu (QİÇS) xəstələrin sayı isə 2000-ci ildə 4 nəfər olub, 2024-cü ildə 120-yə çatıb.

Bu və digər mövzularla bağlı tanınmış həkim Həsrət Rüstəmovla söhbətləşdik.  

- Həsrət bəy, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2025-ci ilin oktyabrına İnsanın İmmunçatışmazlığı Virusuna yoluxmuş Azərbaycan vətəndaşları arasında 50 (4,7%) nəfəri inyekson narkotik istifadəçiləri olmuşdur. Avropa bu problemin qarşısını almaq üçün narkotik istifadəçlərinə xüsusi tibbi kabinetlər ayırır, onları steril şpritslərlə təmin edir. Sizcə, biz nə etməliyik, narkotik istifadəçilərinin arasında İİV/QİÇS və hepatit kimi xəstəliklərin yayılmasının qarşısını necə almalıyıq? Problemdən çıxış yolunu nədə görürsünüz?

- Təbii ki, biz bu sahədə yeni bir kəşf edə bilmərik, dünya təcrübəsindən yararlanmalıyıq. Xüsusilə də iqtisadiyyatı, səhiyyəsi, ictimai-sosial münasibətləri bizdən irəlidə olan ölkələrin təcrübəsindən. Onlar də Avropa ölkələridir. Məntiqlə də bu məsələ belədir. Nəyə görə inyeksion narkomanlar arasında qanla keçən, transmissiv xəstəliklər yayılır? Ona görə ki, onlar eyni şpritsdən istifadə edirlər. Şpritsə əlavə pul verməmək üçün bir qrup - 4-5 nəfər narkoman bir yerdədirsə, eyni şpritsdən təkrar-təkrar istifadə edirlər və onların birində olan İİV, hepatitlər digərlərinə keçir. Çünki bu xəstəliklər qan laxtası vasitəsilə yayılır.

Narkomaniya elə bəladır ki, onun müalicəsi çox sadə deyil, mürəkkəb prosedurlar, dövlətdən çox böyük əlavə vəsaitlər, səhiyyə sistemindən çox böyük səy və cəmiyyətdən böyük cəhdlər tələb edir. Amma, heç olmasa, onların arasında infeksoin xəstəliklərin yayılmasının qarşısını almaq üçün Avropa təcrübəsini istifadə edərək, pulsuz şpritslər vermək olar. Onsuz da, Azərbaycanda narkomaniyadan əziyyət çəkən insanlara, səhv etmirəmsə, Kliniki Tibbi Mərkəzdə ağızdan qəbu olunan narkotik tərkibli dərmanlar verirlər ki, onlar heç olmasa asılılıqdan əziyyət çəkməsinlər, gedib cinayət törətməsinlər və s. Yaxşı olar ki, narkomaniya harada çox yayılıbsa, orada bir neçə mərkəz də yaradılsın, narkomanlar gəlib oradan pulsuz şprits götürə bilsinlər.        

- Bilirsiniz ki, hazırda ölkəmizdə narkotik istifadəçilərinin müalicəsi üçün “Metadon”la Əvəzedici Müalicə Proqramı tətbiq olunur. Xarici ölkələrdə “Buprenorfin”lə və “Nalokson”la müalicəyə üstünlük verilir. Necə düşünürsünüz, bizdə “Metadon” proqramına alternativ hansı müalicə metodologiyası tətbiq oluna bilər?

- Mən bu sahədə mütəxəssis deyiləm, amma onu bilirəm ki, “Nalokson” narkotiklərə əks təsir göstərən bir maddədir, narkotikin antidotudur, rəsmi tibbdə istifadə olunur. Və o narkomanların tələb olunan dozasını əvəz etmir. Amma “Metadon” və ya buna oxşar hər hansı bir ağzıdan qəbul olunan narkotiklər müəyyən müddət narkotikdən əziyyət çəkən şəxsin ağrılarını heç olmasa sakitləşdirə bilir. Məntiq isə bundan ibarətdir ki, müalicədə tətbiq olunan preparat elə bir maddə olmalıdır ki, davamlı asılılığı artırmasın. İndiyə qədər yaranmış asılılığı korreksiya etsin ki, istifadəçi əlavə dərman axtarmağa məcbur olmasın. Çünki narkotik asılılığından əziyyət çəkən insanlarda çox güclü ağrılar olur.

Təbii ki, sonradan bu adamar müalicəyə cəlb olunmalıdır. Müalicə də bir narkotikin əvəzedicisinin verilməsiylə tamamlanmır, orada psixoloji reabilitasiya var. Başqa orqanların müayinəsi, ona uyğun müalicə tədbirləri var. Müalicə alan istifadəçilər daha geniş müalicə tədbirləinə cəlb olunmalıdırlar ki, xilas ola bilsinlər. Azərbaycanda dövlət narkoloj dispanseri var, dövlət də ona pul ayırır.

- Sizcə, müalicəyə cəlb olunan narkomanlara “Metadon”la yanaşı, psixoloji müalicə aparmaqla və çətənədən hazırlanan qida məhsulları verməklə, daha effektiv nəticələrə nail omaq olar?

- Çətənənin tərkibində də yüngül həddə narkotik maddə var. Qida kimi verəndə ağrıları azaldır. Onlar hamısı opioidlərdir. Düzü, bu mənim birbaşa sahəm olmadığı üçün hansı əvəzedicinin verilməsi barədə təklif verə bilməyəcəyəm. Amma onu bilirəm ki, insanları narkomaniyadan sağaltmaq üçün əvəzedici vermək kifayət deyil. Bu barədə şəxsən təsadüf etdiyim hadisələr də var. Narkotik istifadəçiləri bir müddət dövlət proqramlarına qoşulurlar və əllərinə girəvə düşən kimi öz narkotiklərinə qayıtmağa başlayırlar. Yəni əvəzedici terapiya onlara lazım olan dozanı verə bilmir. Ona görə də əvəzedici terapiya müvəqqəti bir haldır. Onları cəmiyyətə qaytarmaq üçün əsas lazım olan iş bu şəxslərin tam müalicəsinə nail olmaqdır. Bunun üçün də xüsusi proqramlar lazımdır ki, bunları bir-bir tapıb müalicəyə cəlb edib, aylarla müalicə edəsən.

Burada da təkcə narkotik asılılığından müalicə olunmurlar, çünki onlar çoxlu xəstəliklər tapırlar, infeksion xəstəliklər, qaraciyər çatışmazlığı, ayaqları sıradan çıxır, dişləri tökülür və s. Ona görə, bu şəxsləri təkcə narkotik asılılığından yox, istifadə dövründə tapdıqları bütün xəstəliklərdən müalicə etmək lazımdır. Bu isə xüsusi yanaşma tələb edir. Bu məqsədlə çoxprofilli xəstəxana, hər profildən olan mütəxəssislər, laboratoriyalar və s. olmalıdır. Bu isə dövlətə çox baha başa gələn prosesdir.

İkinci bir məsələ də, dövlət narkotikin qarşısının alınmasına səy göstərməlidir ki, gələcəkdə ölkənin büdcəsi daha böyük xərclərə düşməsin.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az