İlham İsmayıl: “Məsuliyyət həm Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin, həm də Sərhəd Qoşunlarının üzərinə düşür”
Azərbaycanda narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparılsa da, illərdir ciddi nəticə əldə etmək mümkün olmur. Ən azı ona görə ki, ölkəmizə narkotik axını dayanmır. Nəzərə alsaq ki, daxili bazara çıxarılan narkotikin 95 faizi məhz İranın payına düşür, deməli, bu ölkə ilə sərhəd xəttimiz yetərli səviyyədə qorunmur. Bəs, təhlükəsizlik eksperti İlham İsmayıl bu haqda hansı fikirdədir? Bu və digər suallara onunla söhbətimizdə cavab tapmağa çalışdıq.
“Görünür, bizim sərhədçilər hələ sona qədər bu məsələni həll edə bilməyiblər...”
- İlham bəy, Azərbaycana narkotik vasitələrin 95 faizinin İranla sərhəddən keçrilərək gətirildiyini nəzərə alsaq, belə düşünə bilərik ki, dövlət sərhəddimiz yetərli səviyyədə qorunmur. Bu haqda Sizin fikrinizi bilmək də maraqlı olardı...
- Mən dövlət təhlükəsizliyində narkotiklərlə deyil, terrorizmə qarşı mübarizə ilə məşğul olmuşam, amma yenə də fikrimi bildirmək istəyirəm. Bu istiqamətdə ən çox, təbii ki, Daxili İşlər Nazirliyinin konkret şöbəsi var, onlar məşğuldurlar. Mən sadəcə onu deyə bilərəm ki, İranla sərhəd kifayət dərəcədə böyük sərhəddir və siz dediyiniz kimi, əgər narkotikin 95 faizi oradan gəlirsə, deməli, bu hansısa bir yolla sərhəddən keçirilir. Müxtəlif formalar var, kamuflyajlar edirlər, bəzən sərhəddən keçəndə narkotiki necə keçirdikləri həqiqətən bəlli olmur.
Amma müstəqilliyin ilk illərində də, indi də kifayət dərəcədə peşəkarlaşmış sərhəd pozuntuları var. Görünür, bizim sərhədçilər hələ sona qədər bu məsələni həll edə bilməyiblər. Yenə deyirəm, bəzən qayda-qanunla sərhəddən keçib-gedən adi yük maşınlarını axtarırısan, tapa bilmirsən. Bəzən belə şeylər olur. Ona görə də texniki avadanlıqlarımızı artırmaq lazımdır ki, psixotrop maddələrin hansısa bir formada, gizli şəkildə keçirilməsinin qarşısı alınsın.
Son vaxtlar iş o dərəcəyə gəlib çatıb ki, hətta narkotiki keçirənlər bəzən canlarını da qurban verirlər. Yəqin görmüsünüz, sərhədi keçəndə bəzən məlum olur ki, kimlərsə sərhədi pozdu, sərhədçilər atəş açdı, kimlərsə vuruldu, üzərində kiloqramlarla koakin, yaxud psixotrop maddələr tapıldı.
Yenə deyirəm, narkotik ən çox İran istiqamətindən gətirilirsə, burada kamuflyaj forması da var... Texniki avadanlığımızı daha müasir tələblərə uyğunlaşdırmalıyıq ki, narkotikin aşkarlanmasını tez həll edək. Bir də, sərhəd nəzarətinin müxtəlif yerlərində həm texniki avadanlıq məsələsi var, həm də fiziki nəzarəti gücləndirmək lazımdır. İrandan gələn maşınlarda da narkotik hansısa formada gizlədiləndə onu itlərin vasitəsilə də, texniki cihazla vasitəsilə də tapırlar. Təkmilləşdirməyə ehtiyac var.
“Məsuliyyət həm Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin, həm də Sərhəd Qoşunlarının üzərinə düşür...”
- İrandan ölkəmizə narkotik su yolu – dəniz və çaylar vasitəsilə də ötürülür. Hətta bəzən müşahidə olunur ki, İrandan narkotik bağlaması çaya atılır, biz tərəfdə tuturlar...
- Belə şeylər olub. Dəniz vasitəsilə bir az çətindir. Ona görə ki, orada açıq dənizə çıxırlar. Açıq dənizə çıxanda istər-istəməz sərhəd qoşunları bunu görür. Söhbət konkret olaraq bizim sərhəd mühafizə xidmətindən gedir. Siz dediyiniz kimi, bəzən elə danışıqlar aparırlar ki, çayların yuxarı hissəsindən atırlar, biz tərəfdən aşağı hissədən onu götürürlər. Bu dərəcəyə qədər müxtəlif yollardan istifadə edirlər. Ona görə, bu istiqamətdə əməliyyat işlərini də artırmaq lazımdır. Bu istiqamətdə məsuliyyət həm Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin, həm də Sərhəd Qoşunlarının üzərinə düşür.
“Cənub istiqamətində sədd çəkmək, atlı mühafizə ilə nəzarət etmək olar”
- Sizcə, indiki vəziyyətdə İranla quru sərhəddi boyunca müasir standartalara cavab verən istehkam qurğuları qurulmalıdırmı?
- Onlara istehkam qurğuları deməyək, buna sərhəd avadanlıqları deyək. İstehkam hərbi xarakter daşıyır. İran Ermənistan deyil. İranla münasibətlərdə istehkam qurmuruq. Sadəcə olaraq tikanlı məftildən tutmuş, minalanmış sahələr, fiziki nəzarət, hətta yeri gələndə sədd də çəkə bilərlər. Ola bilsin, elə bir yer olsun ki, orada qeyri-mümkün olsun, amma relyef şəraitinin ağır olan yerləri də var. Xüsusilə cənub istiqamətində çətin olan yerlər var. Cənub istiqamətində sədd çəkmək, atlı mühafizə ilə nəzarət etmək olar. Buna baxmayaraq, bəzən sərhədçilərin gözündən yayınaraq, bir anlığa müəyyən istiqamətdə narkotik keçirə bilirlər.
Yenə deyirəm, bunun qaşısı artıq xeyli alınıb, amma hələ də zəif bəndlər var, o zəif qorunan yerlərdən keçirə bilirlər. Burada həm Daxili İşlər Nazirliyinin, həm də Sərhəd Qoşunlarının üstünə ciddi məsuliyyət düşür.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az