Narkomaniyaya qarşı mübarizə çərçivəsində sosial şəbəkələrdə narkotikin təbliğini aparan şəxslərə qarşı tədbirlərin görülməsinin vacibliyi dəfələrlə vurğulanıb. Bu istiqamətdə müxtəlif zamanlarda addımlar da atılıb. Amma narkotiki təbliğ edən meyxana kontentləri hələ də YouTube platformasında “fırlanır”.
Belə bir el məsəli var- bir adama 40 gün dəli desən, o dəli olar. Yəni söz hansısa əməlin ya hərəkətin təlqini üçün ən geniş yayılmış vasitədir. Müasir dövrümüzdə isə sözün geniş kütlələrə çatdırılması, tanıdılması daha asandır. İndi bunun üçün bütün texniki imkanlar var. Bu yaxınlarda bir Facebook səhifəsində “Komedixana” səhnələrindən birində səsləndirilən “Polnu dozanı soxmuşam səninçün” misrası ilə video peyda oldu. Səhifənin bu misra fonunda paylaşımı 9 həftə öncə olduğunu göstərir və 371.182 baxış yığıb, 7009 reaksiya olub. Bu misranın axtarışına çıxanda məlum oldu, videodakı meyxana Rəşad Dağlının ifasında səslənir. YouTube videosunun yerlədirilmə tarixi 1 il əvvəli göstərir. Rəşad Dağlının özünə aid YouTube səhifəsində də onun Vüqar Biləcəri ilə “Zadda Qoyublar Senin Ucun 2023” adlı 3.23 saniyəlik video var, hansı ki, orada mərhum meyxanaçı Vüqar Biləcəri “Qaragün, uymağa şeyzad da qoyublar səninçün” misrasını səsləndirir. “Sənət deyişməsi”nə R.Dağlı “narkobiznesdə muzey zad da qoyublar səninçün” misrası ilə qarşılıq verir. Vulqarlıq və bayağılıq pik həddədir.
Aydindir ki, müasir meyxana məclisləri digər toy məclisləri kimi pul qarşılığında təşkil edilir və orada hansısa standart kriteriya tələbi nə qoyulmur, nə gözlənilmir. O da məlumdur ki, müasir meyxanaçıların sırasında kriminal meyllənmə az deyil. Narkotik tendensiyası da bu qəbildəndir və nadir rast gəlinən hal deyil. O da məlumdur ki, milyonlarla izlənmə rekordu qıran sözügedən bayağı meyxana videoları müsbət heç bir xüsusiyyət aşılaya bilməz. Desək ki, bu videoların izlənməsi aktual deyil, yanlışa yol vermiş olarıq. Çünki neqativ nümunənin cazibə arealı daha geniş olur. Elə sosial mediada da bayağı kontentlər daha çox izlənir nədənsə. Ola bilər ki, bundan sonrakı meyxana kontentlərinin daha çox senzura süzgəcindən keçirildikdən sonra yayımlanması tənzimlənir. Amma YouTube platformasının əlaçatanlıq baxımından kifayət qədər genş imkana sahib olduğunu nəzərə alsaq, bu ürəkbulandıran bayağı videoların silinməsi, aradan qaldırılması daha düzgün olar. Ən azından bundan sonrakı dönəmdə internet platformalarında kontentlərn təhlükəsizliyinin təmini, bayağılığa, vulqarlığa çağırışları yayından götürmək siyasəti aparılırsa, indiyə qədər olanların da silinməsi məqsəduyğun olar. Məsələyə barmaqarası baxmaq doğru deyil. Mübarizə aparılırsa, görüntü xətrinə aparılmamalıdır. Həm səviyyəsizliyin , kriminalın təbliğatında, həm də digər aidiyyatı sfearalarda.
Stopnarkotik.az