“…Deməli, görülən işlər yetərli deyil, mübarizənin daha səmərəli yollarını tapmalıyıq”
“Ölkədə dövlət səviyyəsində həmişə narkomaniyaya qarşı mübarizə aparılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsi yarandığı gündən ciddi işlər görülür. Orta və ali təhsil ocaqlarında mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir. Lakin nədənsə bu bəlanın qarşısını almaq mümkün deyil. Əksinə, istifadəçilərin sayı getdikcə daha da çoxalır. Deməli, görülən işlər yetərli deyil, mübarizənin daha səmərəli yollarını tapmalıyıq”.
Bunu jurnalist Zülfiyyə Qurbanova Stopnarkotik.az saytına açıqlamasında deyib. Onun fikrincə, yeniyetmə və gəncləri narkotik bəlasından qorumağın bir yolu var:
“Yeniyetmə və gənclərimizi bu bəladan qorumağın bir yolu var, gələcəyimiz olan övladlarımıza ciddi nəzarət etməliyik. Əlbəttə, “nəzarət” deyəndə, onların azadlığını məhdudlaşdırmağı nəzərdə tutmuram. Sənətlə, dərslə, idmanla məşğul olmalarına şərait yaradılmalıdır. Belə olarsa, zərərli vərdişlərdən uzaq olarlar”.
Z.Qurbanova hesab edir ki, narkotiklərin ölkəmizdə qanunsuz dövriyyəsinin qarşısı tam alınmadıqca, narkomaniya ilə mübarizə effekt verməyəcək: “Çox maraqlıdır, 4 ildən çoxdur ki, quru sərhədlər bağlıdır, amma narkotiklərin dövriyyəsi ölkəmizdə davam edir. İnanın, mat-məəttəl qalmışam”.
Xanım jurnalist deyir ki, narkomaniyaya qarşı təbliğat işlərində məşhurların rolu böyükdür: “Necə ki, narkomaniyanın vüsət almasında birmənalı olaraq məşhurların rolu vardır. Hazırda ölkəmizdə belə layihələrdən bir neçəsinin adını çəkə bilərəm. Xoşqədəm Hidayətqızı "Zülmətdən işığa" layihəsinə yeni start verib. Şəxsən çox bəyənirəm və düşünürəm ki, effekt verəcək. Nail Kəmərlinin adını çəkməsəm, böyük haqsızlıq olar. Adam narkomaniyaya qarşı alqışa layiq təbliğat işləri görür. Bu kimi layihələrə ehtiyac var. Sadəcə işləmək lazımdır”.
Z.Qurbanova deyir ki, narkotiki insanlar üçün əlçatmaz etmək məsələnin həlli deməkdir: “Nədənsə, hələ də buna nail ola bilmirik. Sanki gizli bir əl, “qara qüvvələr” məqsədli şəkildə narkotiki Azərbaycan ərazisinə soxur. Bax, həmin bu gizli “qara qüvvələr”i aşkar etmək lazımdır”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az