“Narkotikdən din vasitəsilə xilas olmaq mümkündür” – TANINMIŞ İLAHİYYATÇI İLƏ MARAQLI MÜSAHİBƏ

Fərid Bağırov: “Problemin həll yolu insanın öz təkamülüdür”

Narkotiklə mübarizəyə hədəflənmiş reabilitasiya mərkəzlərinin bir çoxu “12 Addım” proqramı əsasında fəaliyyət göstərir. “12 Addım” proqramı mənəvi təkamülü təşviq edən qaydalardan ibarətdir. Proqram nəfsi istəklərə qarşı iradə gücünü möhkəmləndirir və demək olar ki, onun metodologiyası dini qaydalara çox bənzəyir. Maraqlıdır ki, bu mərkəzlərin rəhbərləri də əsasən dindar şəxslərdir. Belə olduğu halda narkomaniyadan xilas olmaq üçün insanların sağlam şəkildə dinə meylləndirilməsi uğur gətirə bilərmi? Bu məsələyə teoloq, ilahiyyatçı Fərid Bağırovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

- Azərbaycanda narkomaniya həddən çox yayılmaqdadır. Bir sıra ekspertlər narkomaniya, qumar və digər pis vərdişlərin də psixolji asılılıqdan qaynaqlandığını bildirirlər. Bir ilahiyyatçı kimi deyə bilərsinizmi, sizcə, insanların pis vərdişlərdən və onun kökü olan asılılıqdan xilas olmasında din rol oynaya bilərmi? Oynaya bilərsə, bunu necə görürsünüz?

- Din vasitəsilə bu mümkündür. Amma bizdə dini praktika yayılmır. Uşaqların da arasında dini praktikanın yayılmasına əhəmiyyət verilmir. Ona görə, bu mexanizm işləmir. Türkiyədə də işləmir. Çünki, çox təəssüf ki, din mollaların, hüquqçuların aləti olub. Yəni müsəlman cəmiyyətində din praktikada çox vaxt hüquq praktikası səviyyəsində işləyir. Amma dinin Allahla insan arasındakı münasibətinə aid olan tərəfinə ciddi əhəmiyyət verilmir, yəni mənəvi cəhət inkişaf etmir. Ona görə, çox təəssüf ki, namaz qılanların arasında da narkomanlar, içki içənlər, qumarbazlar olur. Hərçənd ki, namazın da, Quran oxumanın da o mənada çox ciddi təsiri, potensialı var. Elə ayələr də var. Amma onlardan istifadə olunmur.

- Bəs, sizcə, necə etmək lazımdır ki, istifadə olunsun? Prosesi necə görürsünüz?

- Günlük həyatda din olmalıdır. O zamanla olan bir şeydir, profilaktikadır. Yəni insan bir dəfə namaz qılmaqla narkotik vərdişindən qurtulmaq istəyirsə, o çətin məsələdir. Gərək mütəmadi sürətdə edəsiniz ki, duanız qəbul olunsun. Elə mexanizm var. Yəni ehtiyac namazı var, təhəccüd namazı var. Yasin var, oxunur, qılınır, şəfa tapılır. Ən azından insan qorunur. Bu mümkündür. Amma bu hər kəsdə alınmır. Çünki insanlar ancaq Allah-təaladan zəruri hallarda istədikləri zaman, daha doğrusu xatırladıqları zaman ciddi kömək gəlmir.

- Yəni belə deyək, işləri düşəndə Allaha üz tuturlar...

- Bəli, işləri düşəndə Allaha müraciət etdikləri üçün lazımi reaksiya verilmir. Yəni – sən indiyə qədər haradaydın - deyərlər, qapını da örtərlər. Belə bir qayda var.

- Narkomaniyanın müalicə proqramı olan “12 Addım” proqramı özündə demək olar ki, dini qaydaları ehtiva edir. Sizcə, burada əsas prinsiplər nələr olmalıdır?

- Bu proqramdan xəbərdar deyiləm. Bilirsiniz, buna dair orta əsrlərdən praktika var idi. Əsasən təriqətlər o işlə məşğul idi. Bizdə təriqətlər haqqında “Nəsimi” filmindəki kimi tərs təsəvvürlər əmələ gəlib. Bizdə təriqəti siyasi cərəyan kimi düşünürlər. Əslində təriqətlər mənəvi-psixoloji işlərlə məşğul idi. İnsanların ruhi xəstəliklərini, mənfi təmayüllərini müşahidə aparmaq sürəti ilə, mütəmadi şəkildə röyalarını müzakirə etmək yolu ilə işlər aparırdı. Çünki röya müzakirəsi çox böyük əhəmiyyət kəsb edir. Ona ruh tərbiyəsi, yaxud nəfs tərbiyəsi deyilir. Ancaq bu günki Azərbaycanda təriqət yoxdur. Varsa da, əsasən siyasi-ictimai fəaliyyət kimidir. Daha çox klub kimi, dərnək kimi fəaliyyət göstərir. Ona görə də, sözün açığı, onlar (reabilitasiya mərkəzləri nəzərdə tutulur-müəl.) orada nə edirlər, mənim xəbərim yoxdur.

Mənim halım pis olanda Quran oxuyuram, mənə bəs edir. Yaxud internetdən Quran qiraəti ilə əlaqəli qeyd tapıram, qulaqlığımı taxıram, 5-10 dəqiqə qulaq asıram. Amma mənim praktikam var, namazım var, salavatım var, mənə cüzi miqdar bəs edir. Lakin onlar praktikada nə edirlər, bilmirəm, maraqlanmamışam, o sahə ilə heç bir əlaqəm yoxdur.     

- İnsanların hansısa sekta, yaxud ölkəyə zərərli dini cərəyanların təsirinə düşməsinin qarşısını dövlətin dini dəyərləri aşılaması prosesi ala bilərmi?

- Əlbəttə. Türkiyədə belə bir şey yaşandı. Türkiyədə cümhuriyyət dövründə hakim elitada, dövlətin siyasətində dinə qarşı elə bir aqressiv münasibət var idi ki, yerli əhalinin böyük hissəsi, xüsusilə kənd əhalisi orta sinif uşaqlarını məktəbə göndərmirdilər. İnsanlar uşaqlarını ibtidai sinifə göndərirdilər, bir-iki sinif oxutdururdular, sonra məktəbdən çıxarırdılar, ardınca illeqal mədrəsəyə göndərirdilər. Ona görə, bu gün Türkiyədə “Taliban” iqtidarına oxşar iqtidar əmələ gəldi. Onlar həmin kadrlardır. Yəni 30-40 il sonra dövlətə, millətə nifrət edən nəsillər əmələ gəldi.

Dövlət bu işlə birbaşa özü məşğul olmalıdır. Məktəbdə heç olmasa yüngülvarı Quran dərsi olandan sonra məsələ bir az yoluna düşər. Lap din dərsi olmasın, tarix və ədəbiyyat dərsində bir az məlumat versinlər. Bu belə bəs edə bilər.

- Sizcə, dövlətin özünün dini bilikləri tədris etməsi topluma nə qazandıra bilər?

- Bəzi şeyləri qazandıra bilər. Amma çox təəssüf ki, demokratik sistemdə, respublika sistemində hökumətlər gəldi-gedərdi. Onların ömrü uzun çəkmir. Hər hökumət ən yaxşı ehtimalla öz müddətinə görə məsuliyyət daşıyır. Yəni 20 il sonra, yaxud 50 il sonra nəyin olub-olmayacağını düşünən siyasətçilər azdır. Amma təhsil sistemi elədir ki, siz gərək 30-40 il işləyəsiniz, ondan sonra nəticə versin. Yəni bu uzun vədəli işdir. Bunu düşünmürlər. Qısa ömürlü, seçimdən seçimə təyin edilən populist xarakterli qərarlar qəbul edilir, onlar da qısa ömürlü olur.

- Bəllidir ki, narkoman özünü və yaxınlarını bəlaya düçar edir. Lakin müxtəlif yad cərəyanların təsiri altında olan din adamları isə cəmiyyətdə zərərli fikir və düşüncələri yaymaqla daha böyük təhlükə vəd edir. Bu problemin həll yolunu necə görürsünüz?

- Problemin həll yolu insanın öz təkamülüdür. Bu dünya həyatı belədir - sən bir fitnədən çıxırsan, başqasına düşürsən. Gərək başa düşək ki, başqasına söykənməyin çox mənası yoxdur. İnsana gərək uşaqlıqdan başa salsınlar ki, sənin başının çarəsi sənin öz əlindədir. Özün özünlə məşğul olmalısan. Bunu bizdə öyrətmirlər. Bizdə ümumiyyətlə xalq arasında uşaq tərbiyəsi ilə məşğul olmurlar. Mənəvi tərbiyə, əxlaq tərbiyəsi ilə məşğul olmurlar. Ona görə də fərqi yoxdur, istər cinayət mühitinə meyl etsin, istər İrana meyl etsin, hər iki halda insanlar məğlub olur. Ən yaxşı ehtimalda ya formalist müsəlman olur -namazını qılır, sonra gedib fırıldaq edir, yenə namaz qılır, təkrarən fırıldaq edir, ya da dinsiz adam olur. Yəni insana uşaqlıqdan başa salmaq lazımdır ki, sən burada təksən, bir sən varsan, bir Allah var, sən özünlə məşğul olmalısan. Bunu öyrətmirlər.

- Bunu ailə öyrətməlidir, Fərid bəy.

- Əlbəttə ki. İlk tərbiyəçi, ilk müəllim ata ilə anadır. Bu, təbii formadır. Amma çox vaxt insanlar işlədiyi üçün övladlarını dövlətin üstünə atırlar, uşaq bağçasına, məktəbə göndərirlər. Elə bilirlər ki, orada hər şey yaxşıdır. Hər şey yaxşı deyil. Yad adam heç vaxt başqa adamın övladına ürəyini, canını qoymaz. Bunun üçün gərək onun missiya anlayışı olsun. Rusca “prizvaniye” dediyi anlayışı olsun. Yəni insan gərək Allah xatirinə, yaxud millət xatirinə əlavə iş görsün. Bizdə buna görə pedaqoqika da inkişaf etməyib. Çünki xüsusən Azərbaycan məktəblərində müəllimələr əsasən öz övladları ilə məşğuldur, başqalarının övladlarına çox şey vermirlər. Ancaq fənn dərslərini öyrədirlər. Yəni müəllimlik var, amma pedaqoqika yoxdur. O da böyük problemdir. Uşaq bağçalarında da, çox güman ki, eyni problem var.

- Xatırlayırsınızsa, sovet dönəmində belə deyildi. Müəllimlər həm dərs tədris edirdilər, həm də pedaqoq idilər...

- Sovet vaxtı o var idi, amma yenə də insandan ibarət idi. Mən rus məktəbində oxuduğum üçün bizdə elə şeylər var idi. Amma Azərbaycan məktəbində və bağçasında çox ciddi problemlər var idi. Çünki bu məktəblərə müəllim və tərbiyəçi təyin edilən kadrların ən azı yarısı nahiyədən, sovxozdan, kolxozdan gələn insanlar idi. Onlar üçün də ki, əsas məsələ maaş idi. Onlarda pedaqoji hazırlıq zəif idi. Onlar əsasən uşaqları olduğu üçün özləri də evdar xanımlar psixologiyasına malik idilər. Elə ona görə də yaxşı tərbiyə edə bilmirdilər. Çünki bizdə elə idi. Misal üçün, bizim ailəmizdə mən rusdilli məktəbdə təhsil almışam, amma bacım azərbaycandilli məktəbdə təhsil alıb, mən buna əsasən müqayisə edirəm. Biz də çox ciddi problemlərlə qarşılaşırdıq. Biz rus dili mühitində düşmən idik, amma bizə tərbiyə verirdilər. Bizdə Dostoyevski, Çexov var idi, amma orada nə var idi, Məmmədquluzadə, Axundzadə. Çox ciddi səviyyə fərqi var idi və o səviyyə fərqindən irəli gələn qopuqluq əmələ gəlirdi. Bizi dindən uzaqlaşdırırdılar, onları da mədəniyyətdən uzaqlaşdırırdılar. Belə problemlər yaşanırdı. İndi də yəqin ki, buna oxşar vəziyyətdir. Bəlkə də bir az yaxşılaşıb.

- Məncə, indi vəziyyət daha pisdir.

-İndiki vəziyyətdən xəbərim yoxdur, amma uşaqlar istedadlıdır, onları sadəcə zay edirlər.

Söhbətləşdi: Asya ŞÜKÜROVA,

Stopnarkotik.az