“Narkotikin zərərləri ilə bağlı gerçək həyat hekayətləri daim ön planda saxlanılmalıdır”
“Dövrümüzün bəlası olan bu dəhşətlə bağlı bir valideyn və vətəndaş olaraq daimi narahatlığım, qorxularım var”.
Stopnarkotik.az xəbər verir ki, bunu Kukla Teatrının mətbuat katibi Həmidə Nizamiqızı saytımıza açıqlamasında bildirib. O, son vaxtlar ölkəmizdə narkomaniyanın sürətlə artmasından narah olduğunu bildirib:
“Sözsüz ki, dövlətimiz, hüquq mühafizə orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı kəskin addımlar atır. Amma gəlin görək, cəmiyyət olaraq mübarizəmiz hansı səviyyədədir? Sanki hamımız ilk instinktlə ailəmizi, övladlarımızı, ən yaxınlarımızı qorumağa çalışırıq. Əslində, əlimizdən bundan başqa nə isə də gəlmir. Çünki çox çətindir. Narkotik şəbəkələr qapalı məkanlardan məktəblərə, parklara, universitetlərə, qısacası ictimaiyyətin, uşaq, gənc və yeniyetmələrin, belə demək mümkünsə, “burnunun dibinə” gəlib çatıb.
Çox təəssüf, bəzən mübarizə metodları yetərsiz qalır. Güman edirəm ki, narkomaniyanın qarşısını almaq üçün daha kəskin addımlar atılmalıdır. Əlbəttə, uzunmüddətli həbslərlə yanaşı, ictimai qınaq, kütləvi təzyiqlərlə də müəyyən nəticə əldə etmək olar”.
Həmidə Nizamiqızı deyir ki, narkotik bəlasından xilas olmaq üçün orta məktəblərdə maarifləndirici tədbirlər keçirilməli, KİV-də məlumat xarakterli informasiyalar verilməlidir:
“Orta məktəblərdə maarifləndirici tədbirlər keçirilməli, KİV-də məlumat xarakterli sistemli işlər aparılmalıdır. Yaradıcılıq sahələrində - kinematoqrafiya, teatr sahəsində sosial aksiyalar, bu yöndə davamlı layihələr reallaşdırmalıdır. Qısacası, sosial şəbəkələrdən dövlət orqanlarına qədər, bu mübarizə daim gündəmdə qalmalıdır”.
H.Nizamiqızı bildirir ki, narkotikin zərərləri ilə bağlı gerçək həyat hekayətləri daim ön planda saxlanılmalıdır: “Son illər təhsilimizdə o qədər mənasız, məzmunsuz eksperimentlər ediblər ki, adam artıq nə isə təklif etmək istəmir. Amma, ən azı narkotiklər və zərərləri ilə bağlı gerçək həyat hekayətləri daim ön planda saxlanılmalıdır. Unutmayaq ki, insan psixologiyası təsvirə, vizual yaddaşa daha çox inanır”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az