“Arxası, dayağı olmasa, heç kim narkotiki Azərbaycana gətirə bilməz”
“Narkotik tacirlərinin məqsədi xalqın genefondunu məhv etməkdir”
Bəşəriyyətin bəlasına çevrilən narkomaniya Azərbaycandan da yan keçməyib. Ən acınacaqlısı isə odur ki, artıq narkomaniya orta və ali təhsil ocaqlarına da “ayaq açıb”. Bəs, bu problemin qarşısını almaq üçün nə etməliyik? Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, dosent Fəxrəddin Əliyev Stopnarkotik.az saytının bu və digər suallarını cavablandırıb.
Fəxrəddin Əliyev öncə onu dedi ki, Azərbaycana narkotik vasitələr əsasən İrandan gətirilir: “Narkobiznesmenlər qazanc götürmək üçün İrandan narkotik maddələr gətirir, bəzi hallarda ölkəmizdə qablaşdırılır. Bunlar Azərbaycan xalqının beynini korlamaq, intellekt səviyyəsini aşağı salmaq, xalqı pis yola dəvət etməkdir. Bir sözlə, narkotik tacirlərinin məqsədi xalqın genefondunu məhv etməkdir. Bunun üçün də dövlət onlara qarşı mübarizə aparır. Həmçinin, ayıq vətəndaşlar da narkomaniyaya, narkotik ticarətinə qarşı mübarizədə dövlətə dəstək verirlər. Lakin bu bəla yenə də baş alıb gedir. Bunun da səbəbi odur ki, narkotik maddəni yayanlara qarşı ciddi cəza tədbirləri görülmür. Məsələn, əksər sahə müvəkkiləri yaxşı bilir ki, hansı ərazidə, hansı yerdə kimlər narkotiklə məşğuldurlar. Onların tutulması, satışın qadağan olunması, qarşısının alınması istiqamətində heç bir iş görmürlər. Əlbəttə, bunlar da səbəsiz deyil...
Fəxrəddin Əliyev
Bakının istənilən ərazisində, tutaq ki, bizim Bakıxanov ərazisində saat 12-dən sonra “açıq bazar”dır. Əgər dövlətin xüsusi xidmət orqanları narkotik satışını aradan qaldırmaq istəsələr, gecə saat 12-dən 3-ə, 4-ə qədər mülki formada küçələri gəzərlər. Elə künc-bucaq yerlər var ki, insanlar ora yığışır, narkotik çəkir, iynə vururlar. Küçələrdə şprislər doludur. Hüquq mühafizə orqanları mülki geyimdə bunların qarşısını ala, həmin şəxsləri tuta bilərlər. Yenə deyirəm, mülki geyimdə olmasalar onları tutmaq mümkün deyil. Hamısının “agentləri”, işləyənləri var”.
F.Əliyev vurğuladı ki, narkotacirlərin təhsil ocaqlarına “ayaq açması” da olduqca təhlükəlidir: “İndi məktəblərdə konfet adıyla şagirdlərə “patı” satırlar. Uşaq da elə bilir ki, konfetdir. Amma içində “patı”, yəni narkotik var. Bu, insanları məhv etməyə yönəldilib. Bunun üçün də hüquq mühafizə orqanlarının əməkdaşları mülki formada əraziləri gəzməlidir.
Narkotik cəmiyyətin bəlasıdır. Aradan qaldırmaq üçün məktəblərdə müəllimlər də, direktorlar da mübarizə aparmalıdır.
Valideynlər məktəbli uşaqları küçələrdən evə yığa bilmirlər. İndi valideynin də nüfuzu itib. Gecə saat 1-ə, 2-yə kimi küçədə gəzən uşaqlar istər-istəməz küçə adamlarına qoşulacaq, bu işlərlə məşğul olacaq. Günahın hamısı valideyndədir”.
AYB üzvü hesab edir ki, narkotik satışı ilə əlaqədar cəzalar da sərtləşdirilməlidir: “Əgər kimsə bilsə ki, narkotik satışı ilə məşğul olsa cəzalandırılacaq, o, bununla məşğul olmaz. Demək, onlar bilir ki, kimə satır. Alan da bilir ki, filankəs satır. Amma indi alanı da, satanı da tutmurlar. Vəziyyət bu şəkildədir.
İnsan bilsə ki, bu işin dalınca gedəni nə cəza gözləyir, onu bağışlamayacaqlar, o səhvləri etməz. O səhvi edir, pulunu da verir, qarşı tərəf də deyir ki, get artığını sat, mən sənin dalında dayanmışam.
Sabunçu rayonu ərazisində, Dəmiryolu vağzalı ətrafında, müəyyən qəsəbələrdə narkotik satışı geniş yayılır. Bunları aradan qaldırmaq üçün mütləq müşahidələr aparılmalıdır. Ya kamera quraşdırılmalı, ya da hüquq mühafizə orqanlarının əməkdaşları həmin əraziyə getməli və onları aradan qaldırmalıdır. Yoxsa, bunu yalnız polisə tapşırsaq, polis o qədər də maraqlı olmayacaq...”.
Fəxrəddin Əliyevin fikrincə, narkotik ticarəti ilə bağlı rəsmi qurumlara məlumat verən şəxslərin anonimliyi qorunmalıdır: “Dövlət qərar qəbul edir, narkotik ticarətinə qarşı mübarizə aparır. Bununla bağlı dövlətin “qaynar xətt”i də var. İnsanlar bəzən o “qaynar xətt”ə zəng edə bilmirlər. Çünki ad soruşurlar, adamı sorğu-sual edirlər. Ona görə, insanlar da məlumat verməkdən qorxurlar.
Ən yaxşı halda, Baş Narkotiklərlə Mübarizə İdarəsinin mülki formada olan əməkdaşları gizli şəkildə mübarizə aparmalıdır. Bu işlə hər rayonunun sahə müvəkkili mübarizə aparmamalıdır, əksinə, birinci onlardan yapışmaq lazımdır. Çünki onlar bu işi həll edirlər.
Əlbəttə, insanın canında varsa, narkotiklə məşğul olacaq. Məsələn, görürsən, taksi sürücüləri var, “patı” atır, narkotik istifadə edir, insanları uçuruma yuvarlandırırlar. Bunların da qabağını almırlar. O şirkətin yiyəsi bilir ki, bu “patı”nı çəkən hansı sürücülərdir.
Son zamanlar insanlar vahimə içindədir. Bir yerə gedəndə taksi çağırtdırırsan, görürsən ki, sürücünün gözü-başı əsir, yuxuludur. Dövlətin əlaqədar təşkilatları buna nəzarət etməlidir. Belə olmasa, məsələnin həlli çox çətin olacaq. Çünki biz sıradan vətəndaş olaraq bu işlə məşğul ola bilmərik. Əksər vətəndaşlar o cür insanlara müdaxilə etməkdən çəkinirlər. Deyirlər ki, nəyimizə lazım, qoy kimin uşağı gedib onlara qoşulursa, onlar səsini qaldırsın. Nə yazıq ki, uşağı o yola düşənlər də səsini qaldırmır. Niyə qaldırmır? Çünki o narkotik satan adam gəlib bunun evinə ziyan vura bilər. Hamı da səssizliyə keçib.
Ona görə, dövlət orqanları mütəmadi reydlər keçirməli, narkotik satıcılarını qandallayıb içəri basmalıdır. Bunun ikinci yolu yoxdur.
Narkotiki Azərbaycana gətirən adamların da arxası, dayağı olmasa, gətirə bilməz. Narkotik tacirlərini kimlərsə himayə edir. Əlbəttə, himayə edənlərin kimliyi sual altındadır, onlar görsənmirlər. Bunu ancaq tam olaraq dövlət aşkara çıxara və aradan qaldıra bilər.
Bu iş üçün Azərbaycanın hər yerində eyni zamanda əməliyyat keçirilməlidir. Əks halda, bu bəla daha da artacaq. Necə ki, narkomanların sayı günbəgün artır. Görürsən, yolda biri səndələyə-səndələyə gedir, amma xəstə deyil, normal adamdır, sadəcə narkotik çəkib. Kimdən də aldığını heç kimə demir”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az