Tanınmış jurnalist: “Narkomaniya vaxtında aradan qaldırılmasa, gələcəyimiz təhlükə altına düşə bilər”
“Hər birimiz narkomaniyaya qarşı mübarizə aparmalıyıq”
“Deməli, sərhədimiz lazımi səviyyədə qorunmur ki, ölkəmizə külli miqdarda narkotik axını var”
Azərbaycanda narkomaniya bəlasına düçar olan yeniyetmə və gənclərimizin sayı artmaqdadır. Əksər ekspertlər bu fikirdədir ki, narkomaniyanın qarşısını almaq üçün cəmiyyətdə maarifləndirmə işlərini artırmaq lazımdır. Şübhəsiz, burada orta və ali məktəblərdə aparılan maarifləndirici tədbirlərlə yanaşı, mədəniyyət ocaqlarımızın da mühim təsiri ola bilər.
Stopnarkotik.az-ın əməkdaşı bu dəfə mövzu ilə bağlı teatrşünas, tanınmış jurnalist Rübabə Səməndərlə söhbətləşib.
Rübabə xanım hesab edir ki, ölkəmizdə narkomaniyanın qarşısını almaq üçün ilk növbədə maarifləndirmə işləri görülməlidir: “Məktəblərdən tutmuş, ali məktəblərə, müəssisələrə qədər, bütün sahələrdə hərtərəfli maarifləndirici tədbirlər keçirilməlidir. Məktəblərdə narkoloqlar olmalıdır. Bu sahə ilə məşğul olan hüquq mühafizə orqanlarının əməkdaşları mütəmadi olaraq şagirdlər arasında maarifləndirmə işləri aparmalı, narkomaniyanın fəsadlarından danışmalıdırlar. Təəssüf ki, bu xəstəlik məktəb yaşlı uşaqlara da bulaşıb. Odur ki, yeniyetmə və gənclərimizə narkomaniyadan əziyyət çəkən insanların həyatı ilə bağlı video-görüntülər təqdim edilə bilər. Elə müəllimlərin özləri də zaman-zaman dərs əsnasında narkomaniyanın zərərləri haqda şagirdlərə danışa, onları bu yoldan çəkinməyə çağıra bilər. Bu, çox vacib məsələdir. Yəni maarifləndirmə olmasa heç bir şey mümkün deyil. Radioda, jurnalda, qəzet səhifələrində, harda necə mümkündürsə, bu məsələ o şəkildə öz həllini tapmalıdır. Hər bir yaş qrupu arasında maarifləndirmə aparılmalıdır”.
Tanınmış jurnalist deyir ki, hazırda ölkəmizdə narkomaniya geniş yayılıb: “Doğrudan da, həddindən artıq təhlükəli vəziyyət yaranıb. Narkomaniya SOS vəziyyətinə gəlib çıxıb. Cəmiyyətin istənilən təbəqəsində bu mərəzə rast gələ bilirik. Hər bir yaş qrupunda da bunu görürük. Odur ki, mübarizə sahəsində müəyyən mənada gecikmişik. Artıq demək olar ki, on ailədən birində narkoman var. Bu, dəhşətli, qorxunc bir faktdır. Ona görə də bunun qarşısı mütləq alınmalıdır. Narkomaniya vaxtında aradan qaldırılmasa, dövlət, millət olaraq gələcəyimiz təhlükə altına düşə bilər.
Mənə elə gəlir ki, biz elliklə bu problemin həllinə çalışmalıyıq. Psixoloqlar da bu sahədə çox böyük işlər görə bilərlər. Söhbət əsl, peşəkar psixoloqlardan gedir. Təəssüf ki, özünü psixoloq adlandıranların əksəriyyəti şarlatandır, onlar heç bir iş görə bilməzlər. Hətta “mən narkomaniya ilə mübarizə aparıram, QHT yaratmışam”,- deyənlərin böyük əksəriyyəti də sırf görüntü xatirinə işlər görürlər. Əslində, onların məqsədi pul qazanmaqdır. Ona görə də vəziyyət bu həddə gəlib çatıb.
Bu işlə can-dildən məşğul olmaq lazımdır. Bu işə fədakarcasına qol qoyulmalıdır. Hər birimizin, övladlarımızın, bizdən sonra gələn nəsillərin gələcəyi birbaşa bundan asılıdır”.
R.Səməndər bu fikirdədir ki, cəmiyyətdə heç kim bu bəladan sığortalanmayıb: “Yəni bu elə bir mərəzdir ki, heç kəs bundan sığortalanmayıb. Bu dəhşətli fakt hər bir ailədə özünü göstərə bilər. Ona görə də buna barmaqarası yanaşmaq olmaz. Hər birimiz səfərbər olub, bu mərəzə qarşı mübarizə aparmalıyıq. Bu sahədə hər bir vətəndaşımızın üzərinə yük düşür. Əgər biz kiminsə bu işlə məşğul olduğunu görürüksə, gərək hüquq mühafizə orqanlarına məlumat verək ki, bunun qarşısı alınsın. Yəni hər kəs bu məsələyə çox həssas yanaşmalıdır. Söhbət bizim gələcəyimizdən, balalarımızın, gənclərin, yeniyetmələrin həyatından gedir. Ona görə, vətəndaş olaraq bu məsələdə məsuliyyətli davranmalıyıq”.
Həmsöhbətimiz hesab edir ki, narkotik satıcılarına qarşı ən sərt cəzalar tətbiq olunmalıdır: “Narkotiki yayan insanlar, əslində onlara “insan” da demək olmaz, sərt şəkildə cəzalandırılmalıdır. Hətta yeri gəlsə, ömürlük həbsə məhkum edilməlidirlər. Çünki onlar bir millətin, bir xalqın, bir cəmiyyətin gələcəyini sual altına qoyurlar. Gəncliyimizi təhlükəyə atırlar. Bu baxımdan, onlar ən sərt şəkildə cəzalandırılsa, digərlərinə də görk olar. Başqaları da ən azından bu yoldan çəkinərlər”.
Rübabə Səməndər onu da vurğuladı ki, ölkəmizdə narkomaniyanın yayılmasında xarici faktorlar da gözdən qaçmamalıdır: “Narkotiklərin hardan gəldiyini, nə üçün gəldiyini çox gözəl bilirik. Bu məsələ ilə bağlı hökumətimiz, dövlətimiz bacardığı qədər sərt tədbirlər görür. Amma nə qədər mübarizə aparılsa da, hələ də bu şəbəkənin qarşısı alınmayıb, əks halda bu vəziyyətə gəlib çatmazdıq.
Əlbəttə, narkotikin istənilən növü qorxuludur, təhlükəlidir, öldürücüdür. Amma indiki narkotiklər lap qorxuludur. Çünki “qara bazar”da daha çox sintetik narkotiklər satılır. “Patı” deyilən narkotikin insanları nə günə qoyur, hamımız bunun şahidi oluruq”.
Tanınmış jurnalist hesab edir ki, ölkəmizə narkotik axınının qarşısını almaq üçün birinci növbədə sərhədlərimiz düzgün şəkildə qorunmalıdır: “Kimsəyə sirr deyil ki, xüsusilə də sintetik tərkibli narkotik vasitələr ölkəmizə kənardan gəlir. Deməli, sərhədimiz lazımi səviyyədə qorunmur ki, qaçaqmalçılıq müşahidə olunur, ölkəmizə külli miqdarda narkotik axını var. Odur ki, birinci növbədə bu məsələ həll olunmalıdır. Dövlətimiz bu məsələ ilə ciddi məşğul olmalıdır”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az