“Narkotik qəbul edən qadınların əksəriyyəti təhsilsizdir” - Narkoloq-həkim Arzu Bəylərzadə ilə MÜSAHİBƏ

“Dedi ki, yuxuda olanda yoldaşım 3 dəfə mənə venadaxili narkotik iynə vurdu…” 

Azərbaycanda narkomaniyanın sürətlə yayılması hazırda cəmiyyətimzi narahat edən əsas məsələlərdən biridir. Təbii ki, hər bir şəxsin də bu problemin həllinə özünəməxsus yanaşması var. Amma narkomaniya bəlasının səbəbləri və çözülmə metodlarından söhbət getdikdə, burada mütəxəssis rəyi daha çox yerinə düşür. Odur ki, Stopnarkotik.az-ın əməkdaşı bu məsələ ətrafında narkoloq-həkim Arzu Bəylərzadə ilə söhbət edib, ölkəmizdə narkomaniya bəlasını doğuran səbəblər və problemdən çıxış yolları ətrafında müzakirə aparıb.

- Arzu xanım, bir narkoloq-həkim kimi ölkədə narkomaniyanın vəziyyətini necə dəyərləndirirsiniz?

- Narkoloq həkim kimi hal-hazırda müalicə olunan xəstələrin təyini və istifadə göstəricilərini nəzərə alaraq bildirmək istəyirəm ki, son zamanlar yaş həddi aşağı düşmüşdür. Narkotik istifadəçiləri artıq bir qrup deyil, istifadə üsuluna görə iki qrupa keçiblər: venadaxili və burundaxili üsulla narkotik qəbul edirlər. Yeniyetmələr arasında sərt keçidlər də var. Həmçinin, yaşı 17-dən aşağı olan yeniyetmələr də var. Əslində, onlar uşaq sayılır. Müraciətlər nəzərəçarpacaq qədər artmışdır. 

- Sizin müşahidələriniz nədən ibarətdir: narkotik istifadə edənlər daha çox hansı yaş qrupuna aid insanlardır?

- Hal-hazırda qəbul və müraciətlərə əsasən, kişi cinsinə aid qrupda yaş həddi daha çox 56-44 arasındadır. Qadınlarda isə narkotik istifadəçiləri yüksək təbəqədən olan insanlar və tüfeyli həyat tərzi keçirənlər arasında daha çox artmışdır.

- Sizcə, Azərbaycanda narkomaniyanın bu qədər geniş yayılmasında səbəb nədir?

- Mən elə başa düşürəm ki, tədrisdə maariflənmə azdır. Bu xəstələr arasında yayılma tempini nəzərə alaraq, Təhsil Nazirliyinin tədris proqramına belə bir dərs salması tövsiyyə olunur.

- Əgər narkotiklərlə mübarizə istənilən effketi vermirsə, daha hansı metodlara əl atmaq lazımdır? Məsələn, dünən Milli Məclisdə yeni proqramın hazırlanması təklif edildi...

- Mən hal-hazırda belə bir proqram hazırlamışam və Təhsil Nazirliyinə təqdim edəcəyəm. Bilmirəm bu necə qəbul ediləcək... Mən tədris vəsaiti hazırlamışam. Nəşriyyata çapa vermişəm. Təhsil Nazirliyinə təqdimatdan sonra müvafiq nəticə əldə etsəm, sizə məlumat verəcəyəm.

- Sirr deyilsə, Sizin hazırladığınız vəsaitdə əsas nələr təklif edilir? Hansı tədbirlər nəzərdə tutulur?

- Bu, oxucu kütləsini yormadan məlumatlandıran, dili çox sadə və rahat yazılmış sırf maarifləndirici mahiyyətli kitabdır. Yeniyetmələrdə maraq oyadan tərzdə yazılıb. Hal-hazırda dəbdə olan daha çox istifadə edilən “şüşə” adlandırılan “patı”, “kokos” haqda daha çox məlumat vermişəm. Sırf Azərbaycan məktəbliləri üçün nəzərdə tutulmuşdur.

“Narkotik asılılığından əziyyət çəkən xəstə ilə digər xəstəlikdən əziyyət çəkən xəstə arasında heç bir fərq yoxdur”

- Hazırda narkomaniyaya qarşı mübarizə məqsədilə dövlət qurumları ilə yanaşı, günbəgün sayları artan reabilitasiya mərkəzləri də fəaliyyət göstərməkdədir. Bu cür özəl müəssisiələr probelmin həllinə təsir göstərə bilirmi?

- Problemin həllində 70 faiz uğurlu nəticələr olur. Amma bu mərkəzlərdə müalicə maddi baxımdan hamı üçün əlçatan deyil. İnşallah, dövlət proqramında ödəniş şəklində yardım nəzərdə tutular.

- Sizcə, bu mərkəzlərdə müalicənin əlçatan olması məsələsində dövlət necə tədbir görməlidir?

- Dövlət həmişə öz qayğısını göstərməlidir. Qastrit xəstəsi necə xəstədirsə, narkotik asılısı da elə bir xəstədir. Mənim gözümdə narkotik asılılığından əziyyət çəkən xəstə ilə hər hansı digər xəstəlikdən əziyyət çəkən xəstə arasında heç bir fərq yoxdur. Bu, asılılıqdır. Digər xəstəliyi Allah verir, bunu isə bəndə qazanır. Həkim üçün xəstənin bir-birindən fərqi yoxdur.

“Narkotik asılısı olan qadın dedi ki, həyat yoldaşım hər ay mənə 10 min manat cib xərcliyi verir…”

- Arzu xanım, Siz bayaq qadınlar arasında narkomaniyanın yayılması barədə məlumat verərkən bildirdiniz ki, onlar əsasən yuxarı təbəqəyə mənsub olur…

-Bəli, mənim bir xəstəm olub, 46-48 yaş arasında idi. O deyirdi ki, doktor, mənim həyat yoldaşım hər ay mənə 10 min manat cib xərcliyi verir. Mən rəfiqələrimlə kluba gedirdim, rəqsə gedirdim, mənim evimdə qulluqçularım, qabyuyanım, paltaryuyanım, hər şeyim var idi. Hər şeyin zövqünü görmüşdüm. Bir tək zövqünü görmədiyim bu qalmışdı. Ona görə, maraq məni narkotiki dadmağa cəlb etdi.

Bu cür hallar çoxdur. Bir də, təəssüf ki, acı da olsa, bar həyatı keçirən qadınların arasında narkomaniya daha çox yayılıb.

“Narkotikə dadanan qadınların 30 faizi maddi imkanı yüksək olanlardır”

- Belə çıxır ki, maddi imkanı yüksək olan qadınlar narkotiki məhz zövq almaq məqsədilə qəbul edir…

- Onlar heç bir çətinlik görmədiyi, maddi baxımdan həddən çox təmin olunmuş, bolluq içində olduğu üçün özlərini ifadə etməkdən ötrü yalnız bu yolu görürlər. Qadınlar arasında bu səbəbdən narkotiklərə dadananlar 30 faiz təşkil edir. Bu sinfə aid olanların əksəriyyəti təhsilli deyil. Yəni maddi imkanları var, amma təhsilli deyillər. Onlar təhsilə önəm verməyənlər, dünyagörüşü aşağı olanlardır.

- Sizcə, bu cür imkanlı qadınların narkotiklərə yönəlməsi cəmiyyətimizdəki mənəvi aşınmadan, deqradasiyadan irəli gəlmirmi?

- Onlar üçün ətraflarındakılar boş və mənasızdır. Onlar təhsilli və dünyagörüşlü olsaydılar, belə ola bilməzdi. Yəqin ki, bunda televiziya kanallarında yayımlanan verilişlərin bayağılığından, "təhsil almayım, yalnız ərə gedim" tipli baxış bucağının təlqin olunmasından irəli gəlir. Bu yaxınlarda bir xəstəm də olmuşdu. O da çox tanınmış bir müğənninin bacısı idi. Mənə dedi ki, doktor, yoldaşım narkotik istifadəçisi idi, yuxuda olanda 3 dəfə mənə venadaxili narkotik iynə vurdu ki, o, narkotik almağa gedəndə onu qınamayım. Artıq mən də istifadəçi olandan sonra ikimiz bir yerdə iynə vururduq, ona şərait yaradırdım.

Belə halların qarşısını almaqda təhsilin böyük rolu var. Burada maarifçiliyin təbliği çox böyük rol oynayır.

Stopnarkotik.az