“Vəzifəsindən, mövqeyindən asılı olmayaraq, narkoticarəti himayə edən hər bir məmur cəzalandırılmalıdır”
“Gənclərimizi elmə, kitaba yönəltsək, onları narkomaniyadan uzaqlaşdıra bilərik”
“Bildiyiniz kimi, dövlətimiz, Prezidentimiz tərəfindən ölkəmizdə narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə başlanılıb. Əslində, bu mübarizə əvvəldən də var idi, sadəcə, indi daha da sərtləşdirilib. Mən belə düşünürəm ki, bu sərtləşdirilmə gənclərimizin xeyrinədir. Amma gəncləri narkomaniyadan uzaqlaşdırmaq üçün mütləq maarifləndirmə aprılmalı, sağlam həyatın təbliğatı olmalıdır”.
Bu haqda Stopnarkotik.az-a açıqlamasında tanınmış aparıcı, hüquqşünas Zülfiyyə Bayramova bildirib. Onun fikrincə, gənclərə narkomaniyadan əziyyət çəkən, bu yolda həyatını məhv etmiş insanların taleyini göstərərək, bu sahədə mühüm nəticə əldə etmək olar: “Bununla gənclərimizin öz həyatlarını daha yaxşı, daha sağlam tərzdə keçirməsinə dəstək ola bilərik. Məsələn, onları idmana, təhsilə, kitaba və yaxud elmə, ağıllı şeylərə yönəltsək, mənə elə gəlir ki, gənclərimizi narkomaniyadan uzaqlaşdırmaq mümkün olar”.
Zülfiyyə Bayramova deyir ki, narkotik alverçilərinə qarşı cəza tədbirləri də sərtləşdirilməlidir: “Məncə, cəzanı da sərt etmək lazımdır. Həm maarifləndirmə aparılmalı, həm də cəza sərtləşdirilməlidir. Bu, mənim subyektiv fikrimdir. Maarifləndirmə də güclü olmalıdır. Uşaqların, yeniyetmələrin böyük əksəriyyətinin dünyagörüşünü sağlam istiqamətə yönəltmək lazımdır. Məsələn, anormal, oğurluğu, “həbsxanaların daha yaxşı olduğunu” təbliğ edən mahnılar, şeirlər, qəzəllər yığışdırılmalıdır. Kriminal ünsürləri təbliğ edən, filankəs “lotudur” deyib onu yüksəyə qaldıran insanlardan başlamaq lazımdır. Mənlik olsa, onları cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Onlar gənclərimizi yanlış istiqamətə yönəltdiklərinə görə məsuliyyətə cəlb olunmalıdır. Yeniyetmə uşaqlar ağ vərəq kimidir, onlara nə desən beyinlərinə həkk olacaq, yaddaşlarında qalacaq. Əgər biz ona oğurluğu, həbsxananı təbliğ ediriksə, hansısa "lotunu" qaldırıb “dağın başına qoyur”, onları gözlərdə ucaldırıqsa, gənclər də elə fikirləşirlər ki, yəqin həyat elə budur. Amma həyat bu deyil. Əslində, mən “lotu” deyilən şəxslərə ciddi baxmıram, onlar mənim üçün sadəcə oğrudurlar. Ona görə, bu cür təbliğat aparanların özlərini məsuliyyətə cəlb etmək lazımdır”.
Tanınmış aparıcı deyir ki, narkotik ticarətinə, narkomaniyaya qarşı mübarizə aparmaq hər bir vətəndaşın borcudur: “Ümumiyyətlə, narkotik, narkomaniya bir bəladır. Bu, birmənalıdır. Narkotikin, narkomaniyanın qarşısını almaq, ona qarşı mübarizə aparmaq bir vətəndaş kimi hamımızın borcudur. Bu, əsasən də hər bir valideynin borcudur. Nəyə görə? Heç kim sığortalanmayıb ki, bu, sabah onun balasının, övladının başına gəlməyəcək. Hətta narkotiki satanların böyük əksəriyyətinin də həyatlarının narkotikdən məhv olduğunun şahidi olmuşuq, istər xarici ölkələrdə, istərsə də Azərbaycanın daxilində. Ona görə də birmənalı olaraq hər birimiz bu “ağ və qara düşmənlə” mübarizə aparmalıyıq”.
Zülfiyyə Bayramova bu fikirdədir ki, narkomaniyaya qarşı mübarizə aparmaq üçün ilk növbədə narkotacirləri zərərsizləşdirmək lazımdır: “Bunun qarşısını almaq üçün birinci narkotik satıcılarını zərərsizləşdirmək lazımdır. Təbii ki, bu, birinci növbədə sərhəddən başlayır. Narkotik ölkəmizə necə keçir, bunu müəyyən etməliyik. Bilirik ki, ölkə daxilində narkotik maddələrin istehsalı yoxdur. Onun xaricidən gəlməsinin qarşısını almaq üçün də öncə sərhəddən başlamaq lazımdır.
Mən narkotacirlərin məmurlar tərəfindən himayə olunduğunu onlara yaraşdıra bilmrəm. Yəni yaraşdıra bilmirəm ki, bu işdə məmurların əli var. Amma hər kim edirsə, bir ana kimi deyim, Allah onun bəlasını versin. Bir hüquqşünas kimi isə onu deyə bilərəm ki, kimliyindən, vəzifəsindən, mövqeyindən asılı olmayaraq, mütləq onlara qarşı böyük tədbir görülməlidir.
Lakin yenə də deyim ki, bunu sadəcə DİN-in, DSX-nın, DTX-nın, digər güc strukturlarının üzəriinə də qoymaq lazım deyil. Narkotik satışına qarşı mübarizə bir ana, valideyn, oğul, qardaş, vətəndaş kimi hər birimizin borcumuzdur. Bu şeyi görmüşüksə mütləq aidiyyəti qurumlara zəng etməliyik. Onun üzərində durmalıyıq ki, bu adam həbs olunsun. Yoxsa saxlanıldı, sonra hərlənib o biri tərəfdən çıxdı, bu cür olmamalıdır. Bir vətəndaş kimi nəzarət etməliyik. “Mənim nə borcuma qalıb?” sözünü işlətməməliyik”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az