Narkotik qaçaqmalçılığında təqsirləndirilən şəxsə HÖKM OXUNDU

İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni keçirərək satışında təqsirləndirilən Bəhruz Beybutova hökm oxunub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, B.Beybutov 15 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, dövlət ittihamçısı Babaxan Həsənəliyev təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə bu ilin fevralında Xəzər rayonunda qeydə alınıb.

Belə ki, B.Beybutov Yardımlı rayonunun Mirim kəndi ilə Ləzran kəndinin arasında yerləşən “Abuzərağa” adlı ziyarətgahın yaxınlığında “Kənan” adlı şəxs və qeyriləri tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilmiş 30 kq-dan artıq çəkidə narkotik vasitə heroin və 10 kq çəkidə psixotrop maddə metamfetamin olan iki ədəd kisəni sonunculardan qanunsuz olaraq əldə edib Xəzər rayonu, Qala qəsəbəsi, “Təzə sahə” adlanan ərazidəki evində gizlədib.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində B.Beybutov Xəzər rayonu, Mərdəkan qəsəbəsi yaxınlığında saxlanılıb.

Daha sonra onun evinə baxış keçirilərək həmin narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb./report