Narkotik ittihamı ilə həbs olunan məhbus intihara cəhd edib - YENİLƏNİB

"Həbs edilmiş şəxs Mehman Əliyev radio işlətmək üçün istifadə olunan kiçik ölçülü batareya udması barədə məlumat verib. Müayinə və səhhətinin tibbi nəzarətdə saxlanılması üçün Müalicə müəssisəsinə köçürülüb, hazırda səhhətində heç bir problem yoxdur" .

Bu barədə Penitensiar xidmətdən bildiriblər. 

***

Sentyabrın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Mehman Əliyev Kürdəxanı İstintaq Təcridxanasında intihara cəhd edib. Bununla əlaqədar o, Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib.

Bu barədə Turan-a fəalın atası Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün Mehman Əliyev atasına zəng edərək bildirib ki, əsassız cinayət təqibinə etiraz əlaməti olaraq intihara cəhd edib.

"Oğlumun heç bir günahı yoxdur. O, sadəcə, Şirvanda əmisi oğlunun polis tərəfindən saxlanıldığını videoya çəkib. Videonu silmədiyinə və İnternetdə yaydığına görə ona qarşı narkotik maddə ilə bağlı cinayət işi açılıb. Bu ittiham tamamilə yalandır", - Aydın Əliyev bildirib.

O qeyd edib ki, Mehman dindirməyə çağırıldıqdan sonra intihara cəhd edib.

"Bəlkə də Mehmana yenidən təzyiq olub. Həbs edildikdən sonra onu döyüblər, qabırğalarını qırıblar. Bütün bu ədalətsizliyə görə o bu addımı adıb", - ata deyib.

Onun sözlərin görə, batareyalar hələ də Mehmanın orqanizmində qalır və səhhəti "yaxşı deyil".

**

Vəkil Fəxrəddin Mehdiyev Turan-a bildirib ki, Mehman Əliyev ittihamı rədd edir.

"Mehman Əliyev özünü təqsirli saymır. O hesab edir ki, sosial şəbəkələrdəki fəaliyyətinə, məmurların və güc qurumları işçilərinin haqqında video yaydığına görə təqib olunur", - Mehdiyev deyib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Bu il mayın 22-də Şirvanda polislər Mehman Əliyevin qohumu Əli İsayevi saxlamağa cəhd ediblər. Əliyev saxlamaya cəhdin videoyazısını və videonun silinməsini tələb edən polislərlə telefon danışıqlarının audioyazısını açıqlayıb. Hadisədən sonra Mehman Əliyev Bakıya gedib və mayın 23-də saxlanılıb. Onun partiyadaşları bildiriblər ki, Mehman Əliyev polisin tənqid edildiyi videonun yayılmasına görə təqib olunur. Daxili İşlər Nazirliyi bu versiyanı təkzib edib.