Oğurluqda və satış məqsədi olmadan narkotik saxlamaqda ittiham olunan Qılman Dadaşovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Qılman Dadaşov oğurluqda təqsirli bilinib, ona 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Müttəhimin narkotik ittihamı üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilib.
Təqsirləndirilən şəxsə oğurluq ittihamı ilə həbsdə olduğu müddəti aşmayan azadlıqdan məhrum etmə cəzası təyin edilməsi əsası ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilib.
Qeyd edək ki, Dadaşov Qılman Çingiz oğlu oğurluq və narkotik cinayətlərində şübhəli bilinərək həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) və 234.1-1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham olunub.
Stopnarkotik.az