“Zindandan çıxdıqdan sonra müalicə yoxdursa, psixikanın bərpası yoxdursa, bu yol davam edəcək”
“Narkotik istifadəçiləri üçün məcburi müalicə qanunu olmalıdır”
Azərbaycanda ciddi problemə çevrilən narkomaniya bəlasına mütəxəssislər fərqli prizmalardan yanaşırlar. Amma etiraf edək ki, məsələnin mahiyyətinə varmaqda və çözüm yollarını ortaya qoymaqda həkim rəyi xüsusi önəm kəsb edir. Bu baxımdan, Stopnarkotik.az-ın anestezioloq-reanimatoloq Gülnarə Abbasova ilə söhbəti xüsusi önəm daşıyır. Buyrun, oxuyun!
(Əvvəli bu linkdə: “Narkomaniya xalqımıza, dövlətimizə qarşı xaricdən gələn genosiddir”)
- Mən bu barədə sizə sual verəcəm, öncə bir məsələni soruşmaq istəyirəm. Dövlət dispanserləri ilə özəl reabilitsiya mərkəzlərini müqayisə etdikdə, sizcə, onların hansı ortaya keyfiyyətli iş, yanaşma qoyur?
- Bilirsinizmi, burada spektr müalicə lazımdır - psixoloqların, hepatoloqların, kardioloqların kompleks müalicəsi lazımdır. Bu zaman hətta adi preparatlar da təsir etməz. Orada daha güclü preparatlar lazımdır, amma bilmirəm, dövlət reabilitasiya mərkəzlərinə gəlir, yoxsa oradan yoxa çıxır?! Mən onu deyə bilmirəm. Bu gün dövlət müəssisələrinə müalicəyə gedəndə deyirlər ki, bizdə bu dərman yoxdur, get özün al...
- Bəs özəl mərkəzlərdə durum necədir? Çünki, bildiyimizə görə, ölkəmizdə 80-ə yaxın reabilitasiya mərkəzi var, onlar problemin həlli istiqamətində çalışırlar, amma narkomaniya yenə dayanmır...
- Bilirsiniz, niyə dayanmır? Özəl klinikalar ödənişlidir, hər kəsin ona gücü çatmır. Valideyn də bir arzuyla yaşayır ki, övladım 3-5 aya sağalar. Amma müalicəni aparan həkim valideyni başa salmalıdır ki, övladın 3-5 aya bərpa olunmayacaq. Tutaq ki, reabilitasiya mərkəzində müalicənin bir ayı 2 min manatdır, bu gün Azərbaycanda aya 2 min manat qazanan azdır. Bu səbəbdən deyirəm ki, sığorta ilə müalicəyə keçilsə, bəlkə də çoxları müalicə olunar. 3-5 aylıq müalicə effekt vermir. Narkoman gedib dincəlir, sonra qayıdıb gəlir.
- Bildiyimizə görə, özəl müəssisələrdə müalicə 6 aydır. Amma 5 ildən söhbət gedirsə, 6 ay çox az müddət deyilmi?
- Minimal müalicə müddəti 3-5 il olmalıdır.
- Gülnarə xanəm, bu yaxınlarda Ermənistanın yüksək ranqlı dövlət məmurlarının ölkəyə külli miqdarda narkotik gətirilməsində iştirakları aşkarlandı. Təhlükəsizlk Xidməti onların həbsi anonsunu verdi. Necə düşünürsünüz, bizdə də ölkəyə narkotik gətirilməsində yüksək rütbəli məmurların iştirakı varmı? Bu hal varsa, həmin məmurlar bu işin hansı halqasında duru: narkotikin gətirilməsində, yoxsa gətirənlərin himayəsində?
-Bu məsələdə kənardan müdaxilə varsa, yəqin ki, ilk növbədə onların narkotikin ölkəyə gətirilməsində əli var. Bizdə Sərhəd Qoşunları qurumu var. Yəqin ki, sərhədi keçən anda da şərait yaradılır. A,mma, bilirsinizmi, burada himayəçilər də rol oynayır. Mənim heç kimdən qorxum yoxdur. Bu gün Azərbaycanda elə qurumlar var ki, bəlkə də onlar üçün bu sərfəlidir. Belə bir misal çəkəcəm: siz xaricdən müdaxiləni qaydasına sala bilməsəniz evinizin daxilini qoruya bilərsinizmi? Bizim qlobal problemimiz Qarabağ idi. Dövlət başçısının xarici siyasəti ilə hamıya göstərdik ki, biz varıq. Əminəm ki, həmin möhtəşəm güc burada da öz sözünü deyəcək. Genosid də siyasi maraqlardan irəli gəlir. İndira Qandi deyir ki, bir xalqı məhv etmək istəyirsnsə, onu təhsilsiz və işsiz qoy. Bu gün “patı”nın yayılması haradan başlayır-məktəblərdən...
- Mən elə təhsil məsələsinə toxunmaq istəyirdim. Bəzi məlumatlara görə, narkoman qadınlarn əksər hissəsi təhsilsiz olanlardır. Görünür, narkomaniyanın vüsət almasında təhsilsizlik də mühüm rol oynayır. Məsələn, Yaponiyada əhalinin demək olar ki, 100 faizə qədəri təhsilidir və orada narkomaniya yox səviyyəsindədir. Sizcə, xüsusilə yapon təhsilinin özəlliyi nədir ki, insanlar narkomaniyaya meyllənmir?
- Çox şeylər sosial durumdan asıldır. Müəllimin məvacibinin aşağı olması istər-istəməz korrupsiyanı tətikləyir. Bu gün ölkəmizdə korrupsiya olmasa, təhsilə önəm verilsə durum dəyişər. Təhsil ölməsə, yeni savadlı nəsil yetişsə, bu problemlər yaranmayacaq. Ona görə, bizim təhsilimizi öldürməyə, narkotiki məktəblərdə satmağa başladılar. Dəb düşüb ki, qadın incə, arıq olmalıdır. Hətta BAD-ların (bioloji aktiv maddələr – müəl.) də tərkibində “patı” qatdılar, arıqlamağa meyl yaratmaq üçün. Elə kofelər var ki, onlar da asılılıq əmələ gətirir. “Patı” istifadə edən insanların iştahı avtomatik yox olur və arıqlamağa meyllilik olur. Belə-belə hər bir sahəyə “patı”nı gətirdilər. Ümidvaram ki, dövlət bunu eşidib tədbir görəcək.
- Bu günlərdə Milli Məclisdə belə bir təklif səsləndirildi ki, narkomaniya ilə mübarizə üçün yeni konsepsiya qəbul edilməlidir. Siz bu konsepsiyanı necə görürsünüz?
- Pis ixtisas yoxdur, pis insan var. Milli Məclisin deputatları dövlətçiliyi düşünsələr, yaxşı olacaq. Cinayət Məcəlləsinin 294, yaxud 297-ci maddəsinin birinci bəndi narkotik istifadəçiləri üçündür. Bu maddə ilə 3 ildən 5 ilə qədər həbs düşür. 294, yaxud 297-ci maddənin ikinci bəndi satışla bağlıdır. Narkotik satışına görə Cinayət Məcəlləsində iş 8 ildən 12 ilədəkdir. Mən millət vəkillərinə və Prezidentə müraciət edirəm, narkotik istifadəçilərini həbs etməsinlər. İstifadəçilər onsuz da cəmiyyətdə təhqir olunub. İstifadəçilər üçün zindan azadlıq deməkdir. Onlar müalicədən qorxurlar. Onlar abstinensiya sindromundan çıxmaqdan qorxurlar. Onlar həbsə düşüb-çıxdıqdan sonra görürlər ki, qorxulu bir şey yoxdur. Narkomanlar ailə üzvlərindən pul alandan sonra pul tapmayanda cinayətə - oğurluğa əl atırlar. Oğurluq da alınmayandan sonra abstinensiya – “lomka” elə bir pis vəziyyətdir ki, onlar hətta insanı öldürə də bilərlər, təki pul əldə edib narkotik alsınlar, “lomka”dan çıxsınlar. Adi normal insanlar gəlib cinayətkar olurlar. Zindandan çıxdıqdan sonra müalicə yoxdursa, psixikanın bərpası yoxdursa, bu yol davam edəcək. Yeni istifadəçilər üçün məcburi müalicə qanunu olmalıdır. Və bu məcburi müalicə onlar üçün zindan kimi olmalıdır. Ya həmin insan, ya onu valideyni buna imza atmalıdır ki, bəli, mən imza atıram ki, mənim övladım 2-3 il ərzində müalicə aldığı yerdən çıxmayacaq. Bu, onlar üçün zindan olacaq, amma sağlam gələcəyə yol açmaq üçün olacaq.
- Bəs, sizcə, narkotiklərdən müalicə almış şəxslərin sosiallaşması necə aparılmalıdır? İşlə təminat necə olmalıdır?
- Bu barədə dövlət başçısının qərarı olmalıdır ki, müalicə olunmuş şəxslər sosiallaşsın. Həkimlər bu şəxslərə zamin durmalıdır. Daxili İşlər Nazirliyi onları qeydiyyata almalıdır, nəzarətdə saxlamalıdır. Hətta onlar işlə təmin olunmalıdır. Onlar narkoman həyatı ilə sağlam həyatın fərqini görməsələr dəyişməyəcəklər. Onlara göstərməliyik ki, mən səni qaranlıqdan işıqlığa çıxardım, sən təkrar qaranlığa dönmək istəyirsən?! Onun qaranlığa dönmək istəməməsi üçün stimul verməliyik. Biz deyirik ki, maddiyyat önəmli deyil, amma elə deyil. Maddiyyat önəmlidir.
-Nə baxımdan?
- Onlar işləməlidirlər, pul qazanmalıdırlar. Onların əksəriyyəti ailəli insanlardır. Onları həyat qarşısında sınmağa qoymamalıyıq. Heç olmasa, 4-5 il onlara dəstək verməliyik.
- Sizcə, onların hansı sahələrdə işlə təminatı məqbul olar?
-Reabilitasiyanı keçən hər bir insan əsgərdən belə güclüdür. Biz tam müalicə olunmuş insanı narkotikin cənginə keçmiş şəxslərin bu yoldan çəkindirilməsinə, xilasına yönəltməliyik. Onlar bir-birilərinin dilini başa düşürlər. Sağalmış narkomanın narkotik asılılığında olan şəxsi çəkindirməsi ikinci üçün bir stimul olacaq. Asılı şəxs düşünəcək ki, “o sağalıbsa, mən də sağala bilərəm”. Məsələn, Avropa ölkələrində gizlin qruplar yaranır. Orada müalicə olunmuş insanlar bir-birinə sirdaş olurlar, dəstək olurlar. Müalicəni tam bitirmiş insanlar digər narkomanları işıqlığa çıxaracaq ən düzgün şəxslərdir. Onlar istəyirlər ki, bizim güvənimizi qazansınlar. Mənim belə xəstələrim olub. Mən bunu dəfələrlə müşahidə etmişəm.
Stopnarkotik.az