Narkotik gənclərdə sonsuzluq yaradır - ÖLKƏMİZDƏ İMPOTENSİYA SÜRƏTLƏ ARTIR

Narkomaniyaya qarşı mübarizə mövzusuna toxunan müsahiblər ilk növbədə bunun ölkə əhalisinə qarşı “genosid” olduğunu bildirirlər. Əlbəttə, onlar bu məsələdə heç də haqsız deyillər. Çünki narkotik bütün mənfi çalarları ilə yanaşı, həm də istifadəçinin nəsilartırma qabiliyyətini məhv edir. Əslində, bu nüansı dəqiqləşdirmək üçün istifadəyə son qoymuş keçmiş narkotik aludəçilərinin statsitikasını araşdırmaq da yerinə düşər. Hansı ki, narkotikin tərgidilməsindən sonra sağlamlığın bərpası üçün ən azı 3-5 il lazım olduğu bildirilir. Amma narkomanlarda sağlamlığın tam bərpasının özü də şübhəlidir.

Bu arada isə, Azərbaycanda uşaqların sayının ilbəil azalması gündəmdədir. Bu da o deməkdir ki, əhalimiz, insan resursumuz azalır. Deməli, bu gedişlə biz də sayı tükənən xalqlar qrupuna aid ola bilərik. Ən azı ona görə ki, narkotiklərin faktiki olaraq nəslin kəsilməsinə təsiri demiqrafik faciədir.

2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 48 702 körpə doğuşu qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb. Bölgələrdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 8,3-ə düşüb.

Uşaqlarının sayının getdikcə azalmasının səbəbləri ilə bağlı artıq uzun illərdir ki, müzakirələr var. Ekspertlər məsələnin iki səbəbini qeyd edirlər:

1. Sosial-iqtisadi səbəblər.

2.Mənəvi psixoloji səbəblər.

Sosial-iqtisadi səbəblər kimi çətin iqtisadi durum, əhalinin yoxsulluğu, işsizliyin yüksək səviyyədə olması, gəlirlərin çox aşağı olması, evsizliyin getdikcə artması və s. göstərilir.

Mənəvi-psixoloji səbəbin içində isə birbaşa narkotik istifadəsinin payı çoxdur. Sözsüz ki, cəmiyyətdə mənəvi dəyərlər sisteminin çökdürülməsi, onun yerini bayağı yaşam tərzinin alması narkomaniya üçün münbit şərait yaradır. Bəs bu demoqrafik faciə nəyin sayəsində baş verir? Narkotikin istifadəçilərə vurduğu sağalmaz yara dolayısı ilə əhali sayının azalmasında necə iz qoyur?

**  

Məlum olduğu kimi, narkotiklər istifadəçilərdə, xüsusilə də gənc oğlanlarda impotensiya (Erektil disfunksiya), qızlarda isə sonzuluq yaradır. Xatırlayırsınızsa, illər öncə apteklərdə gənclərə narkotik həblərinin satılması haqda xəbərlər gündəmə gəlmişdi və bu səs-küy yaratmışdı. Əslində, narkomaniyanın yayılması barədə SOS siqnalını onda çalmaq lazım idi. Həmçinin, gənclərin arasında impotensiya yaşının cavanlaşması və bunun 25-30 yaşında baş verməyə meyllənməsi haqda məlumatlar da yox deyil. Məsələn, bəzi gənclərin yüngül narkotik (çətənə) istifadə etdiyi və istifadənin onda impotensiya yaratdığı haqda məlumatlara rast gəlinir. Amma hesab edirik ki, impotensiya daha çox süni narkotik olan “patı”nın yaratdığı hal olur.

Onu da qeyd edək ki, narkomanların düşdüyü uzunmüddətli depressiya vəziyyəti də təxminən 25% hallarda ereksiya probleminə səbəb olur. Bu, xüsusilə gənc və orta yaş üçün doğrudur. 

Belə sual oluna bilər ki, impotensiyaya məruz qalan cavan şəxslərin buna narkotik istifadəsi sayəsində düçar olub-olmamasını haradan öyrənə bilərik, əgər o, öz bunu özü gizlədirsə? Ümumiyyətlə, hansısa narkotik istifadəsi nəsilartırma qabiliyyətinə təsirsiz ötüşürmü? Narkotikin sayəsində kəsilən nəslimizi, xalqımızı hansı aqibət gözləyir? Narkotik istifadəsindən qurtulmuş şəxsin bu qabiliyyətinin tam bərpa olunması, bununla yanaşı sağlam, normal uşaq sahibi olması ehtimalı nə qədərdir? Keçmiş narkotik istifadəçisindən törənən nəslin genetik olaraq “narkotikə isti münasibət”, yaxud “narkotikə doğmalıq, yaxınlıq” sindromu daşıma ehtimalı nə qədərdir?

Stopnarkotik.az bütün bu sualların cavablarını mütəxəsssislərlə söhbətdə ortaya çıxarıb. Tezliklə bu haqda daha geniş məlumat verəcəyik. Bizi izləməyi unutmayın.

Stopnarkotik.az